Modern.az

Azərbaycanın su satışı bazarındakı HƏRC-MƏRCLİK - Ekspert hansı suları içmək, hansıları içməmək haqda DANIŞDI

Azərbaycanın su satışı bazarındakı HƏRC-MƏRCLİK - Ekspert hansı suları içmək, hansıları içməmək haqda DANIŞDI

Ölkə

18 Aprel 2015, 13:41

“Azərbaycanda  istehsal olunan “Fanta”, “Coca-cola”, “Sprite” keyfiyyətli deyil”


Azərbaycanda istehsal olunan mineral və sərinləşdirici sularla bağlı ciddi iradlar səsləndirilir. Ümumiyyətlə, istehlakçılar tamamilə çaşqınlıq içərisindədir. Hər hansı bir məhsuldan istifadə edildiyi tədqirdə “onsuz da hamısı keyfiyyətsizdir” düşüncəsi insanlara rahatlıq vermir. Bu səbəbdən belə bir sual ortaya çıxır: “Nə yeyək, nə içək ki, sağlamlığımıza və cibimizə zərər dəyməsin?”. 

Qeyd edək ki, qazlı içkilərin saxlanma müddəti gün düşməyən, sərin yer olmaq şərtilə 30 gün - 6 aydır. Diabet xəstələri üçün içkilər və süni mineral suları 15 gün, bütün növ düşes limonadları 20 gün, təbii mineral suları 4 ay-1 il, meyvə şirələrini 1 il, qazlı içki konsentratlarını 2 il, meyvə nektarlarını 9 ay saxlamaq olar .

Belə olan halda hətta iri marketlərin qarşısına yay-qış demədən yığılan məhsulun keyfiyyətinin itməməsinə kim təminat verir?

Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov Modern.az saytına bildirib ki, Azərbaycan su bazarında vəziyyət ürəkaçan deyil:

“Azərbaycanda yerli istehsalla yanaşı, müxtəlif ölkələrin də suları satılır. Nəzərə almaq lazımdır ki, idxal olunan sular keyfiyyətinə və standartlarına görə Azərbaycan sularından geridə qalır. Ümumiyyətlə, yerli istehsalın da hamısının keyfiyyətinə təminat verilmir”.

O, istehlakçıları daha seçici olmağa çağırıb:

“Əhali bilməlidir ki, xaricdə istehsal olunan suların mənbəyinə yaxın yerlərdə kimya zavodları, atom stansiyaları var. İstər-istəməz həmin zərərverici maddələr yeraltı sulara qarışır. Ölkəmizdə isə belə mənbələr yoxdur.

Azərbaycan suları çox keyfiyyətlidir. Lakin yay mövsümü gələndə işbazların, su istehsal edən gizli sexlərin sayı sürətlə artır. Ona görə də əhali tanıdığı mağazadan və güvəndiyi firmaların suyundan istifadə etməlidir. Çünki bazarda çox vaxt standarta uyğun olmayan, vaxtı ötmüş sular satılır”.

Dövlət Məmmədov onu da deyib ki, idxal olunan suların üstündə göstərilən tərkiblə şüşənin içərisində olan suyun tərkibi çox vaxt eyni olmur:

“Ölkəyə gətirilən limonadların içərisinə süni boyalar, qənd əvəzləyici maddələr vurulur ki, bu da insanlarda, xüsusilə də uşaqlarda xəstəlik yaradır. Çünki bu sahəyə nəzarət çox zəifdir.

Bundan başqa, ölkədə istehsal olunan “Fanta”, “Coca-cola”, “Sprite” kimi içkilərlə, Türkiyədə və ya Fransada istehsal olnan eyniadlı məhsulların tərkibində çox böyük fərq var. Çünki onlar bütün standartlara nəzarət edir. Bizdə isə bu sahədə kifayət qədər boşluq var.

Azərbaycanın böyük su zavodlarına inam böyükdür. Məsələn, bu gün bulaqdan doldurulan sular həqiqətən var. Əminliklə deyə bilərəm ki, “Damla”, “Slavyanka”, “Qafqaz Aqua”, “Aquavita” suları bulaq başında doldurulduğu üçün istehlakçılar onları rahatlıqla alıb içə bilər.

Lakin Bakıdakı bir çox firmalar, o cümlədən işbazlar krant suyundan istifadə edir. Dünyanın əksər ölkələrində su müəssisəsi suyu krantdan doldurursa, mütləq şüşənin üstündə bu haqda qeyd olur. Bizdə isə müxtəlif yer adlarıyla krantdan doldurulan sular satılır”.

Mütəxəssis quyudan doldurulan sularla bağlı müşahidə edilən problemi də diqqətə çatdırıb:

“Bu gün Bakıda belə bir ənənə yaranıb. Quyu suyunu filterdən keçirib insanlara təqdim edirlər. Əgər quyu suyu doğrudan da keyfiyyətlidirsə, hökumət milyardlarla vəsait xərcləyib Qəbələdən Bakıya su çəkməzdi. Elə quyudan çəkib, filterdən keçirib istifadəyə verərdi. Bu sahəyə nəzarət çox aşağı səviyyədədir.

İndi yeni 19 litrlik sular peyda olub. Onu birbaşa insanların evinə gətirib təqdim edirlər. Halbuki, mağazalarda 19 litrlik su satılmır. Çünki həmin suların mənbəyi bəlli deyil”.

Birlik sədri problemin qaynağını bu sahədə kifayət qədər asan sertifikat alınmasının mümkünlüyü ilə əlaqələndirib:

“İndi Azərbaycanda su sahəsində sertifikat almaq çox asandır. Çünki heç kim təqdim edilən suyun mənbəyini yoxlamır.

Yadımdadır, firmalardan biri sertifikat üçün mağazalarda satılan 5 litrlik sulardan birini alıb ayrıca bir şüşəyə boşaldıb laboratoriyaya təqdim etmişdi. Laborator müayinələr zamanı suyun tərkibində codluq həddindən çox olduğundan keyfiyyətisiz hesab olundu. Yenidən başqa bir brendin suyunu alıb laboratoriyaya təqdim etdi. Bu dəfə isə suya sertifikat ala bildi. Nəticədə başqa bir firmanın suyu üçün aldığı sertifikatla özü su istehsal etməyə başladı. Vəziyyət bu qədər acınacaqlıdır”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi