Modern.az saytı xəbər verir ki, bir qədər əvvəl Baş prokuror Zakir Qaralov Milli Məclisə gəlib. Zakir Qaralovun yenidən Baş prokuror vəzifəsinə təyinatı üçün ölkə Prezidenti İlham Əliyev Milli Məclisə təqdimat verib. O, bununla əlqədar Milli Məclisə gəlib.
Milli Məclis bu təqdimatı dəstəkləyəcəyi gözlənilir.
***
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Zakir Qaralovun yenidən Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi üçün Milli Məclisə təqdimat göndərib. Modern.az saytının məlumatına görə, bu barədə Milli Məclisin iclasında spiker Oqtay Əsədov bildirib.
Baş prokuror Zakir Qaralovun fəaliyyəti haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, Milli Məclislə Baş prokurorluq arasında səmərəli əməkdaşlıq olub.
Spiker Oqtay Əsədov deyib ki, Zakir Qaralov dövlətçiliyə bağlı şəxsdir.
Sonda Milli Məclis Zakir Qaralovun növbəti dəfə Baş prokuror təyin edilməsinə razılıq verib.
Qanunvericiliyə görə, ölkə prezidenti İlham Əliyevin Milli Məclisin razılığından sonra Zakir Qaralovun təyinatı ilə bağlı sərəncam imzalayacağı gözlənilir.
Zakir Qaralov 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.
O, 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləyir. Beləliklə Z.Qaralov 2000, 2005, 2010-cu illərdən sonra daha beş illiyə Baş prokuror təyin ediləcək.
Modern.az