Modern.az

Qarabağ sükutda – TƏHLİL

Qarabağ sükutda  – TƏHLİL

1 İyun 2015, 16:00

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən (ABŞ, Rusiya, Fransa) nə bir yeni təklif, nə də konkret addımlara əsaslanan açıqlamalar verilir. Uzun illərin təcrübəsi göstərir ki, əslində, Qarabağ probleminin nizamlanmasında həmsədrlərdən irəliyə doğru nəsə gözləmək özü də sadəlövhlükdür.

Hətta münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar o şəkildə dalana dirənib ki, həmsədrlər əvvəlki illərdən fərqli olaraq 2015-ci il başlayandan heç olmasa formal da olsa, nikbin bəyanatlar səsləndirməyiblər.  

Ona görə də Azərbaycan ictimaiyyətini bir sual düşündürür: Dondurulmuş konflikt sayılan Qarabağ problemi nə zaman və hansı formatda həll ediləcək?  

Qərblə Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizə aparmaları Dağlıq Qarabağ münaqişəsinin mürəkkəbliyini daha da artırır.   Ona görə də suala Qərblə Rusiyanın maraqları kontekstində cavab vermək daha məqsədəuyğun və pafosdan kənar olardı.  

Siyasi maraqların coğrafiyadan asılı olduğu amili nəzərə alınmalıdır, bu baxımdan Rusiyanın Qarabağ probleminin həllində həlledici söz sahibi olması anlaşılandır.

Rusiya faktorunun nə qədər əhəmiyyət kəsb etdiyini Azərbaycan hakimiyyəti yaxşı başa düşür və bəlkə də buna görədir ki, Bakı Moskva ilə rəsmi təmasları daha da dərinləşdirir. Lakin çoxşaxəli xarici siyasi kursu ilə seçilən Azərbaycan Qərblə də münasibətləri pisləşdirmək istəmir.  

Buna baxmayaraq hər iki tərəflə möhkəm əlaqələr qurmaqda maraqlı olan Azərbaycana, Qərblə Rusiyanın Qarabağ məsələsində göstərdiyi mövqe adekvat deyil. Nədənsə, Ukrayna böhranına görə fərqli cəbhədə dayanan Qərb və Rusiya Qarabağ düyününün çözülməsində eyni mövqedən çıxış edirlər.  

ABŞ, Rusiya, Fransa rəhbərlərinin Qarabağla bağlı bəyanatları isə artıq stereotip xarakterlidir və bu da münaqişənin həllinə heç bir töhfə vermir. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, Qarabağ konfliktinin həll edilməsi Kremlin xarici siyasətinin prioritetlərindən biridir.  

Xarici siyasət idarəsi səviyyəsində belə açıqlama mühüm görünsə də, bu, keyfiyyət yox, kəmiyyət göstəricisidir. Ekspertlər hesab edir ki, Rusiyanın başı özü üçün böyük strateji əhəmiyyət daşıyan Ukraynaya qarışdığından Qarabağ məsələsi heç vaxt Moskvanın prioriteti sayıla bilməz.

Əslində düzdür, amma elə bu fikirləri Qərb haqqında da demək olar.  Qısaca deyək, həm Qərb, həm də Rusiya Qarabağ münaqişəsi ətrafında status-kvonun saxlanılmasında maraqlıdır.  

Görünür ki, hazırkı vəziyyət hər iki tərəfi qane edir. Ukrayna uğrunda mübarizəni qızğın və qaynar savaş həddinə girən Qərblə Rusiya Qarabağ məsələsində bu prinsipiallığı niyə nümayiş etdirmirlər?!  


Bu o anlama gəlməməlidir ki, Qarabağın probleminin həlli ilə bağlı həmsədr ölkələrin apardığı mübarizə Ukraynadakı kimi qanlı ssenari ilə həyata keçirilsin.  

Bu ssenarini 25 il öncələrdən Azərbayacana yaşadıblar və bunun ağrıları hafizəmizdə faciəvi izlər buraxıb.

İndi görünən odur ki, Qərblə Rusiya Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması üçün hansısa rəqabət mühitini də formalaşdırmayıb.   Belə qərəzli münasibət isə avtomatik şəkildə Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə dəstək kimi dəyərləndirilməlidir. Çünki Qarabağ düyününün Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmsəi Ermənistana heç zaman sərf etməz. Minsk Qrupu formatındakı həmsədr institutunun isə açıqlamaları yalnız torpaqlarımızın işğal altında qalmasına stimul yaratmaqdan başqa bir işə yaramır.  

Aparılan danışıqlarda “səssizlik”  

2014-cü ilin cəbhə xəttində müşahidə olunan gərginlikdən sonra avqust ayında Azərbaycan və Ermənistan prezidentləri Rusiya rəhbəri Vladimir Putinin təşəbbüsü ilə bir araya gəldi. Bundan sonra isə ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə prezidentlər sentyabrın əvvəllərində Uelsdə görüşdü.  

Minsk qrupunun digər həmsədr dövləti Fransanın prezidenti Fransua Olland Azərbaycan və Ermənistan rəhbərlərini oktyabr ayında Parisdə görüşdürdü. Prezidentlərin 3 ay ərzində intensiv görüşləri xronika baxımından önəmlidir, nəticə etibarı iləsə heç bir irəliləyiş əldə olunmayıb.

Çünki Ermənistan özünün havadarlarına arxalanaq danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirir və işğalçı mahiyyətindən əl çəkmir.  

Soçidə, Uelsdə, Parisdə Ermənistanı işğalçılıq siyasətində çəkindirə bilməyən həmsədr ölkələrin başçıları daha hansı haqla Qarabağın həlli perspektivindən söz açırlar?! Məgər bu supergüclər üçün Ermənistan kimi balaca və heç bir qüdrəti olmayan dövlətə təsir etmək belə çətindir?!

Suala birmənalı olaraq “xeyr” cavabı vermək olar.  Hər üç ölkə Qarabağ kartını əllərində kozır kimi saxlayaraq əslində Azərbaycana təzyiq mexanizmi kimi işə salmaq istəyirlər. Azərbaycan rəhbərliyi isə bu fəndlərə qarşı özünün müdafiə və hücum sistemlərini formalaşdırıb və haqlı olaraq təkid edir ki, Ermənistan silahlı qüvvələri işğal edilən ərazilərdən dərhal çıxmalıdır. Heç şübhəsiz ki, Azərbaycan tərəfi gələcək danışıqlarda da öz prinsipiallığından əl çəkməyəcək və tələblərini bir az da ucadan səsləndirəcək.


Perspektivdə Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində keçiriləcək müzakirələrdə konkret olaraq hansı sülh detalları ətrafında fikir mübadiləsi aparacağı və ortaya fərqli model qoyulacağını dəqiq proqnozlaşdırmaq düzgün çıxmaz. Çünki hələ ki, həmsədrlər konkret yeni sənəddən söz açmayıblar.  

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi