Bir çox hallarda deyirlər ki, bütün olanlara baxmayaraq əsgərlik kişilik məktəbidir və burada hər bir çətinliyə sinə gərmək gərəkir. Sözsüz ki, “əsgərliyin çətinlikləri” deyiləndə “dedovşina”lıq nəzərdə tutulmur. «Dedovşina» orduda nizamnamədənkənar davranışları özündə ehtiva edən termindi.
Xarici kütləvi informasiya mənbələrində ordu ilə bağlı çıxan çoxsaylı materialları araşdırandan sonra belə qənaətə gəlmək olur ki, dünyanın əksər ölkələrinin silahlı qüvvələrində “dedovşina” var, amma fərqli və müxtəlif formalarda…
”Serjantlar bizi bir gün ac saxladılar. Axşam da məcbur elədilər ki, üstünə diş pastası yaxılmış çörəyi yeyək. Onlar soruşanda ki, vəziyyət necədir, mütləq cavab verməliydik ki, yaxşıdır. Yeməsəydik, ya da pisdir desəydik, kəmərlə döyüləcəkdik..”.
”Bəzi gecələr yatmazdan qabaq bizi alt paltarında dizi üstə iməklədir, qoyun kimi mələməyə, it kimi hürməyə, donuz kimi fısıldamağa məcbur edirdilər. Bəzən özləri seçib qabağa çıxardıqları iki əsgəri bir-biri ilə dalaşdıran serjantlar təşkil etdikləri mənzərədən həzz alaraq kənarda dayanıb gülüşürdülər. Biz evdən çox uzaqlarda xidmət etdiyimiz hərbi hissədən qaçmağa qorxurduq, dözməkdən başqa çarəmiz yox idi”.
”Bizim rotada əsgərliyə təzə gələnlərin elə həmin gecə “dembellər” tərəfindən “ağıllandırmaq” qaydası vardı. Onları yatandan sonra bir-bir yuxudan oyadır, tualetə, ya da bayıra aparılıb ağıllarına gələn tələbi icra etməyə məcbur edirdilər. Həmin tələbləri yerinə yetirməyənləri lağa qoyur, təhqir edir, ələ salır, alçaldır, bəzən zorlamaqdan belə çəkinmirdilər”.
Bir sıra hərbi hissələrdə zabit və gizirlər tərəfindən şəxsi heyətə ayrılan ərzaq məhsullarının mənimsənildiyi bildirilir. Pis qidalanma və antisanitariya şəraiti bir sıra hərbi hissələrdə əsgərlərin malyariya, sarılıq, pnevmaniya, vərəm, qarın yatalağı, dizenteriya, dəri-zöhrəvi xəstəliklərlərinə yoluxmasına səbəb olub.
Bu vəziyyətin xüsusilə işğalçı ordunun Qarabağ ərazisində yerləşən hərbi hissələrində kütləvi hal aldığına dair məlumatlar var.
Ermənistan ordusunda qeyri-döyüş itkilərinin, rüşvətin, əxlaqsız hərəkətlərin, “dedovşina”lığın artması ictimaiyyəti çox ciddi narahat edir. Amma hakimiyyət ictimaiyyərin narazılığına hələ ki əhəmiyyət vermir. Əhəmiyyət verilmədikcə isə nizamnamədənkənar münasibətlər orduda getdikcə intiharlara, fərarilik hallarının artmasına səbəb olur.
A.Qorxmaz