Azərbaycanla beynəlxalq təşkilatlar və bəzi xarici ölkələr arasındakı qarşılıqlı söz həmləsində fasilə görünsə də, şübhəsiz, epizodik xarakter daşıyır. Hazırda baş verənlərin müxtəlif gərəkli siyasi təhlilləri aparılır və bu mülahizələrdən ziddiyyətlərin uzun mübarizə epopeyasına çevriləcəyi təəssüratları möhkəmlənir.
Çünki acı müqəddiməsi Misir, Suriya, Gürcüstan və Ukrayna, orta səhifəsi hazırda müəmmalı sərt rüzgara rast gələn Ermənistan, son səhifələri fəlakətli Azərbaycan, həm də bir qeyri ölkənin timsalında planlanan nəhəng geosiyasi çarpışmanın düyməsi geri sıxılası deyil, təbii ki, sırada bu mübarizənin növbəti raundları mütləq olacaqdır. Azərbaycanın qəzəb səhnəsi oynamasına tutulan daxili iradlar, Avropa ilə körpülərin yanmasına doğru gedən radikallığa saxlanan ictimai yas hakimiyyətin üslubunu dəyişəcək kimi görünmür; beynəlxalq aləmlə toqquşmaya tam şüurlu və tam haqlı obrazda getdiyinə əminliyi ölkəni Qərbin qarşısına bundan sonra da əzəmətli, sərt görkəmdə çıxmağa hazırlayır.
Toplum Avropa-Azərbaycan, Qərb-Azərbaycan konfliktinin davamından ölkəyə gələcək ziyanlardan əndişələnə, bunu şəxsi mənafe anlayışında dar çərçivəyə sala bilər. Deyə bilər ki, Qərb süddən çıxmış ağ qaşıqdır, onunla yaxşı keçinməyənin aqibəti Avropa xəyalları içində qıvrılmaq, sonra Şərqin gerilik bataqlığına dönməkdir.
Deyə bilər ki, bizim iqtidarımızın demokratiya xofu var, o, sarayına sıçrayacaq fəlakətlərdən qorxur, buna görə də beynəlxalq aləmi bundan sonra sərhədlərindən mümkün qədər uzaqlara qovmağa çalışacaq. Münasibətlərin bu səviyyəsi müəyyən ictimai kəsimi qayğılandırmamış deyil.
Amma neçə ildir, Qərbin acı badələrini içən ölkələrdə kütləyə süni nifrət, hikkə səhnələri oynadıb, dövlətləri rəngli inqilabların zəhəri ilə zəif salan, hətta ortada qalmış bir tabuta çevirən “mələk” obrazlı, “dürüstlük mücəssəməsi” beynəlxalq aləmə qarşı Azərbaycan boyda kiçik dövlətin meydan oxumasının, geosiyasi sular durulmayınca, bizim məhz haqlılığımızdan və qazancımızdan başqa bir şey olmadığı sonunda yaxşı-yaxşı dərk ediləcək.
Guya içində demokratiya yanğısı keçirən xalqlara kömək üçün səfərbər olan Qərb, sistemin eyibləri, insan azadlığının boğulması səbəbindən ölkələrin daxili işlərinə müdaxilə edir, halbuki siyasətin klassik izahında olduğu kimi, sərt idarəçilik özü azadlıqdan, azadlığın yaratdığı hərc-mərclikdən doğur. Bu azadlıq dünənə qədər öz sərhədlərimiz daxilində təhlükəsiz idi, amma xarici maraqlarla birləşəndə artıq dövlətin mənafeyinə təhdid olmağa başladı. Hakimiyyət özünə tənqid anlamında faydalı olan ictimai fəallığı heç vaxt boğmadı, beynəlxalq aləmə qanlı kabus üçün gərəkli olan ictimai aktivliyi isə məhv etməkdə haqlı davranması geosiyasi çarpışma sona çatanda və ölkə bu çarpışmadan zərərsiz çıxıb, köksdolusu nəfəs alanda başa düşüləcək.
Özünü qorumaqda ittiham edilən iqtidar kimdir? Dövlətin sahibi. Dövlət kimindir? Xalqın. Hakimiyyət əks fikirli düşüncənin mənasında əgər özünün mühafizəsini gücləndirirsə, əslində dövlətin, dövlətin qorunması çabasını göstərirsə, xalqı güclü beynəlxalq yırtıcıların pəncəsinə düşürməmək mücadiləsini aparır. Bu zəncirvari əlaqə şəxsi maraqlar anlayışını bir kənara tullayır, Azərbaycanın Qərb, Avropa ilə davam edəcək diplomatik və söz savaşında milli mənafe anlayışını mübahisəsiz şəkildə mərkəzi plana çıxarır. Qərb bölgənin geosiyasi təmayülünü qəti çözmək üçün acgözlüklə xaos axtarışları dalınca gedərkən, Azərbaycan siyasi yönüm məsələsini qan-qada, sabitliyin pozulması hesabına yox, diplomatiya məharəti ilə həll etməyə çalışır.
Biz bir azdan anlayacağıq ki, siyasi məhbuslar, müstəqil QHT sektorunun zəiflədilməsində hakimiyyətin məqsədi şəxsi qisasçılıq, qarşı cəhbədən vuruşmağın intiqamı, yoxsa, xarici aləmin mənafeyi üçün öhdəlik alıb çalışanların da içində olduğu Azərbaycanı tabuta uzatmaq planlarının zərərsizləşdirmə fəaliyyətinin tərkib hissəsidir. Biz bir azdan anlayacağıq ki, hakimiyyət niyə dalbadal əfv fərmanlarını bəlli məhbusların azadlıq aktına çevirməyi yubadır, onların buraxılmaması məsələsində niyə bu qədər ictimai qınağa dözür, xarici təşkilatların tələblərinə saymazyanalıq edir, kompleks olaraq, özünü problemlərlə qarşı-qarşıya gətirir.
Bir əlindən xarici təşkilatların buradakı dəstəsi ilə, yaxud onların əllərinə oynaya bilən müxalif əqidəli insanlarla mübarizə yükü, o biri əlində Avropa qurumları ilə birbaşa savaş yükü asılı olan Azərbaycan Qərb qasırğası üçün münbit şəraiti kökündən məhv etməklə, yəni, əcnəbi büdcəli QHT sektorunu sıradan çıxartmaqla, insanlara demokratiyadan daha faydalı olan sabitliyi, təhlükəsiz yaşam şansını verir, çünki atılan addımlar siyasi azadlığın bütün təzahürlərinin kökünün kəsilməsi kimi görünsə də, əslində insanları siyasi qasırğadan və xaos selinin dəhşətli zərbəsindən maksimum sığortalamış olur. Bu, taleyin təbəssümüdür. Azərbaycan Qərbin oyunlarında batıb qalmamaq üçün taleyini axıra qədər mistik təsəlliyə, qəzavü-qədərə buraxmaq yox, ağıllı və cəsarətli davranışa etibar etməli, tabutdan qaçmağa qədər savaş əzmini saxlamalıdır ki, heç kəs daxili sabitlik qələbəsini onun əllərindən qopara bilməsin.