Modern.az

“Persona non qrata” - “İrəvan” və “Qarabağ klanı”n qarşıdurması...

“Persona non qrata” - “İrəvan” və “Qarabağ klanı”n qarşıdurması...

12 Oktyabr 2010, 12:21

“Şəhər ermənilərinin” siyasi olimpə yolunu bağlayan “qarabağlılar” Ermənistanda  əməlli başlı qıcıq doğurur


Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağın erməni əhalisi indi Ermənistanın öz başına bəla olub. Sovet Ermənistanında yaşayan insanlar üçün müharibənin gətirdiyi fəlakətlər, stress, qorxu ilə yanaşı, “gəlmə ermənilər” də problem gətirib. Rəsmi İrəvan “bütün ermənilərin qardaş” olduğu barədə təntənəli şüarlar səsləndirsə də, əslində real mənzərə heç də belə deyil. Ermənistanda məskunlaşan “qarabağlı ermənilər” yerlilər üçün həm siyasi olimpə olan yolu bağlayıb, həm də ictimai kəsimdə bir rahatsızlıq yaradıblar.

Bədbin statistika... Ermənilər hara gəldi qaçırlar

Müharibə hər şeydən əvvəl Ermənistanda yaşayan əhalinin kütləvi şəkildə ölkədən köçmələri ilə səciyyəvi olub. Məsələn, Ümümdünya Bankının açıqladığı rəsmi məlumatlara görə, 1989-cu ildən 2004-cü ilədək 15 il ərzində Ermənistanı 635 min nəfər tərk edib. Onların yarıdan çoxu 2000-2003-cü illərə düşür. Hər 1000 nəfərə  görə düşən emiqrantların sayına görə Ermənistan dünyada beşinci yeri tutur.  Belə ki, bu ölkədə hər 1000 nəfərə 300 nəfər emiqrant düşür. 
Qeyd edilən 635 min nəfər ölkəni birdəfəlik tərk edib. Bu statistikaya daim xaricə yaşayan, amma erməni vətəndaşlığı olanlar aid deyil. 1989-cu ildə Statistika Komitəsinin məlumatına görə, Ermənistanda 3,5 milyon adam yaşayıbsa, son illərin hesablamalarında bu rəqəm 3 milyon 212 minə nəfərə düşüb.

Müharibənin ağırlığı və gətirdiyi çətinliklər erməni cəmiyyətində birmənalı iz qoymayıb.

Bir sıra müşahidəçilərin fikrincə, Dağlıq Qarabağ ermənilərinin İrəvana axışması şəhər qaydalarına əks fəsadlar verib. İrəvanda ciddi şəkildə “gəlmə qarabağlılara” qarşı allergiya müşahidə edilir. Xüsüsən Dağlıq Qarabağın keçmiş hərbi-səhra komandirlərinin hakimiyyət kürsülərinə çıxması vəziyyəti lap qəlizləşdirib. İrəvanda Köçəryan və Sərkisyanın hakimiyyət dövründə “qarabağlılar”a xüsusi diqqət və qayğı istər-istəməz  yerli erməni əhalisində qıcıq doğurub. Düzdür, bu açıq şəkildə müzakirə edilməsə də, qapalı məkanlarda, virtual məkanda, ictimai debatlarda bir sıra hallarda özünü büruzə verir. Erməni ictimai fikrində də bu məsələ birmənalı deyil və forumlarda, digər virtual məkanlarda aparılan qızğın debatlar bunu deməyə əsas verir.

Dağlıq Qarabağ ermənilərinin vəziyyəti də bütün deyilən şüarlardan fərqli olaraq son dərəcə ağırdır. Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə Xankəndi Press Klubunun ötən il keçirdiyi  rəy sorğusu nəticəsində bəlli olub ki, qarabağlı hayların 63,2%-i buradakı vəziyyəti dözülməz sayaraq, üzləşdikləri sosial-iqtisadi şəraiti çox ağır hesab edir.
1250 nəfərin rəyinin öyrənildiyi sorğu iştirakçılarının 71,4%-i ağır yaşam şərtlərindən dolayı "əllərinə imkan düşən kimi" Dağlıq Qarabağı tərk edəcəyini söyləyib. Ermənistan İnsan Haqlarının Müdafiəsi Mərkəzinin eksperti Hrayr Ağacanyan sorğuya münasibət bildirərkən deyib ki, belə nəticələr təəccüblü deyil.

O qeyd edib ki, Dağlıq Qarabağdakı hakimiyyət dəstəsinin yürütdüyü siyasət bütünlüklə buradan idarə olunur və oradakı yerli əhalinin maraqlarını demək olar ki, nəzərə almır.

“Qarabağlı ermənilər daim əndişədə, təlaşda və qorxudadırlar. Rəsmi təbliğatda onları az qala hər an döyüşmək istəyən adamlar kimi qələmə versələr də, oradakı ermənilər yalnız yaşamlarını, özlərini və gələcəklərini düşünən insanlardır. Bu adamları "savaş adamları" təqdim etmək uğursuz təbliğatdır. Qarabağlı ermənilər təbii ki, Azərbaycanın tərkibində yaşamaq istəmirlər. Lakin onlar Ermənistanda da vəziyyətin ağır olduğunu görərək, başqa dövlətlərə üz tuturlar", - H.Ağacanyan bildirib.

“Yaxşı nədir, pis nədir?”

Cəmiyyətdəki qütbləşmə ilə bağlı məsələlər erməni internet resurslarında müzakirəyə çıxarılan mövzulardandır. Məsələn, gənclərin “hayastan.am” internet forumunda apardıqları  müzakirələrdə erməni cəmiyyətində hökm sürən qarşıdurmanın şahidi oluruq.

Robert Sitaryan adlı blogger öz bloqunda qeyd edir ki, Qarabağ münaqişəsi əslində ermənilər arasında münasibətləri açmaq üçün “lakmus” kağızına çevrilib. İndi erməni cəmiyyətinin bütövlüyü barədə iddiaların yersiz olduğunu qeyd edən Sitaryan bloqunda yazır ki, Tiflis ermənilərinin  İrəvan ermənilərindən xoşları gəlmir. Onların hər ikisi Bakı ermənilərini bəyənmir. Bu ermənilər hesab edir ki, Bakı erməniləri “təmizqanlı”deyillər. Xüsusilə erməni dilini bilməmələri yalnız başa düşmələri barədə də ittihamlar var.

Özünü Aram Oqanyan kimi təqdim edən digər blogger qeyd edib ki, onun yalnız Bakı ermənilərindən xoşu gəlir. “ Çünki onlarda “erməni əclaflığından” əsər-əlamət yoxdur. Yerli ermənilər kimi “bıçağı arxadan sancmırlar”.
“Amma İrəvan və “qarabağlı ermənilər” onları yaxşıca satıb yerlərindən didərgin saldılar”-yazan  blogger vurğulayır ki, qardaşlıqdan dəm vuranlar heç “bakılı erməniləri” İrəvana da buraxmadılar.

“Bu saxta “qarabağlı” “vətənpərvər” ermənilər onların üzünə tüpürüb deyirdilər ki, siz dönmə ermənilərsiz. Odur ki, indi bütün Bakı erməniləri Rusiyada yaşayır”-deyə o bloqunda qeyd edir.

Los-Ancelesdə yaşayan blogger Vano Aryanın erməni Forumundakı yazdığı məlumat bu baxımdan diqqətçəkəndir. O bildirir ki, bu şəhərdə çoxlu sayda erməni yaşasa da, onlar arasında münasibətlər yaxşı deyil. Burada yaşayan ermənilərin bir hissəsi 1915-ci ilə bura gəliblər, bir hissəsi İslam İnqilabından sonra İrandan bura köç edib, bir hissəsi də Bakıdan 1990-cı ildə gələn ermənilərdir.
“Parska hay” adlanan iran erməniləri ilə sovet ermənilərinin münasibəti pisdir. Bunun kökündə emənisayağı bölüşdürmə” ilə bağlı rəqabət və mentalitet fərqlikləri durur. İran erməniləri daha mühafizəkar və ənənəçidir. Sovet erməniləri isə SSRİ ab-havasındadırlar.

Bloglarda İrəvan ermənilərinin “qarabağlılardan” həm siyasi postları zəbt etdiklərinə görə, həm də dialektlərinin çətin başadüşülməsindən narazı olduğunu yazırlar. Erməni ictimai kəsiminin bir hissəsi deyir ki, əgər Qarabağ olmasaydı Ermənistanda həyat daha yaxşı olardı. Problemlərsə az olardı. Qarabağ erməniləri arasında isə müharibənin və separatçılığın xaricdən ixrac olunduğu, onları bu bəlaya İrəvanın saldığı qənaətində olanlar da var. Xankəndində aparılan sorğular zamanı əhali müharibə və siyasətin bura kənardan gətirldiyini deyib.

Tarix nə deyir?

Əslində Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ikitirəlik hələ sovet vaxtından mövcud olub. Burada çox amillər rol oynayıb. Əsasən daxili vəziyyətin yaratdığı təsirlərin rolu daha çox nəzərə çarpıb. İrəvan erməniləri Bakı ermənilərini bəyənməyib. İrəvan və Bakı erməniləri öz növbəsində “qarabağlı erməniləri” xoşlamayıblar. İrəvan erməniləri həmişə “qarabağlıları” satqın sayıblar.

Sovet dönəmində, Karen Dəmirçiyanın Ermənistanın 1-ci katib olan dövrlərdə qarabağlı ermənilərə demək olar ki, dövlət və hökumət səviyyələrində yer verilməyib. Düzdür, gözdən pərdə asmaq üçün müəyyən güzəştlər olurdu. Amma ermənilər deyirlər ki, əslən Leninakan tərəfdən (indiki Gümrü) olan Dəmirçiyan qarabağlıları yaxşı tanıdığından onlara o dərəcədə inanmırmış. Bununla barışmayan qarabağlılar Dəmirçiyanla haqq-hesablarını sürməkdən bir an belə dayanmayıblar. Hətta 1999-cu ildə parlamentin iclasındaca Dəmirçiyan güllələnməsini bu düşmənçiliklə bağlayanlar da var.

Çox sonralar, Dağlıq Qarabağla bağlı iddialar ortaya çıxandan sonra İrəvanda onlara münasibət dəyişib. Məhz “Qarabağ” avantürası bu birliyi müəyyən qədər ortaya qoya bildisə, son illərdə “yerevanlılara” “qarabağlıların” münasibətində ziddiyyət xeyli artıb. Bunun səbəbləri bir neçədir. Səbəblərin birinin kökündə pul durur. Belə ki, erməni diasporunın Ermənistana göndərdiyi külli miqdarda maliyyənin bölünməsi ilə bağlı daim ciddi ixtilaflar  baş verib. Dağlıq Qarabağda yaşayan ermənilər həmişə diasporun onlara göndərdiyi yardımın İrəvanda “yağmalanmasından” şikayətçi olublar. Təsadüfi deyil ki,  “qarabağlılar” həmişə İrəvanı diasporun göndərdiyi milyardları “həzm-rabedən” keçirməkdə ittiham ediblər. Bunun əvəzində İrəvanda “qarabağlıları” Ermənistanın çiçəklənməsi üçün vacib olan maliyyənin boş və mənasız yerə dağıtmaqda günahlandırıblar.  Bu baxımdan  İrəvan ictimai kəsimində belə hesab edirlər ki,  “qarabağlı gəlmələr” Ermənistanda yerli ermənilərə «göz verib, işıq vermirlər». Bu münasibət demək olar ki, bütün dövlət strukturlarına hörümçək toru kimi sirayət edib.

Orduda yerli –gəlmə davası....

Orduda da bu şəbəkə daha geniş forma alıb. Müdafiə Nazirliyinin rəhbərliyi, quruma daxil olan baş idarə rəislərinin böyük hissəsi əslən Dağlıq Qarabağ ermənilərindən ibarətdir. Hərbi hissə komandirlərinin əksəriyyəti də oradandır. Əsgərlərə münasibətdə də həmin meyl özünü açıq-aşkar göstərir. Ermənistanda valideynlər var-yoxlarından olurlar ki, təki övladları Dağlıq Qarabağda hərbi xidmətə düşməsinlər. Orada gəlmə əsgərlərə münasibət olduqca pisdir. Son illər Azərbaycana əsir düşən erməni əsgərlərinin çoxu Ermənistan əsillidir. Zorakılığa, ayrı-seçkiliyə və qeyri-insani münasibətə dözməyərək könüllü əsir düşmələrini özləri etiraf edirlər.

“lovehate.ru” forumunda gənclərin ordunu müzakirəsi bunu bir daha sübut edir. Foruma qatılan gəncələr deyirlər ki, erməni gəncləri ölkədən qaçırlar. Jora Balasyan adlı gənc yazır ki, onun tay-tuşlarını zorla tutub Qarabağa göndərirlər.
 “Oradan qayıdanlar deyir ki, adamlar döyüşmək istəmirlər. Ermənistanda yaşayan bütün “qarabağlı ermənilər” yalnız paytaxda yaşayır. Qarabağ erməniləri Ermənistanda yaşayan köklü erməniləri məhv etməkələ məşğuldurlar. Ona görə ki, onların başında qarabağ ermənisi Sarkisyan durur. Yerli adamlar başa düşürlər ki, belə ölkədə gələcək yoxdur”-deyə bu gənc yazır.  

2008-ci il prezident seçkilərindən sonra erməni cəmiyyətində parçalanma özünü xüsusilə bürüzə verdi. Sarkisyan qələbəsini xalqa güllə atmaqla qeyd etməklə əslində cəmiyyətin iki yerə bölünməsini daha da sürətləndirdi.

Məsələn, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndaryan etiraf edir ki, 2008-ci il seçkilərinin nətcələrinə etiraz edən xalqa güllə atılması ilə erməni cəmiyyəti iki yerə parçalanıb. Odur ki, belə ikitirəliyin necə sonuclanacağı bəlli deyil.  

Erməni siyasi müşahidəçiləri hesab edirlər ki, bu “İrevan” və “qarabağ erməniləri” arasında nəhəng uçurum yaranıb. Odur ki hakimiyyət cəmiyyəti birləşdirmək və vəziyyətdən çıxmaq üçün hərbi gərginliyin artırılmasında maraqlıdır. Bununla da onlar beynəlxaq diqqəti problemlərdən yayındırmaq istəyirlər.

Rusya Elmlər Akademiyasının müxbir üzvü, Qafqaz xalqları şöbəsinin müdiri akademik Sergey Arutyunovun bu baxımdan açıqlamaları maraqlıdır. Tanınmış rus jurnalisti Vladimir Kara-Murzaya müsahibəsində akademik deyir ki, hakimiyyətin “Qarabağ klanı” tərəfindən idarə edilməsi barədə deyilənlər doğrudur.
“Bu gün hakimiyyət Qarabağ klanının əlində cəmləşib”. Bundan sonra Qarabağ ermənilərinin şəninə bir neçə kəlmə tərif yağdıran akademik deyir ki, hakimiyyətdə təmsil olunmaqla bağlı mübarizəni “qarabağlılar” yaxşı olardı ki, Qarabağda aparaydılar.
“Amma Qarabağdan gələnlər Ermənistanın bütün əsas dövlət postlarını tutublar. Bununla da onlar köklü (?) erməniləri küncə sıxışdırıblar. Bu isə hamının xoşuna gəlmir”.

Akademik hesab edir ki, dialekt və mental xüsusiyyətləri ilə fərqlənən “qarabağlılar”la İrəvan erməniləri arasında münaqişə mövcuddur.

Digər rus politoloqu Stanislav Belkovskiy hesab edir ki, erməni cəmiyyətindəki qarşıdurma sadə yolla həll edilməyəcək. Çünki Levon Ter-Petrosyan ətrafına “Qarabağ klanı”ndan bezar olmuş erməniləri əsas baza kimi toplayıb. Petrosyan elə Qarabağ ermənilərinin təzyiqi ilə postundan istefa verib. Bu klan demək olar ki, Ermənistanla Azərbaycan arasında bütün siyasi dialoqun əleyhindər. “İrəvan erməniləri bu klanın hakimiyyətindən yorulub”-deyə politoliq qeyd  edir. 

“Gəlmələr” Qarabağla bağlı danışıqları “özəlləşdiriblər”...

Ermənilər arasında ziddiyyət yaradan digər məsələ Qarabağla bağlı aparılan danışıqlarıdır. İrəvanda birmənalı olaraq deyirlər ki, Sərkisyanın Qarabağdan olması Azərbaycanla aparılan danışıqlarda Ermənistanın bütün siyasi elitasının mövqeyini bir kənara qoyulması ilə müşayiət olunub. Çünki Sərkisyan, o cümlədən onun sələfi Köçəryan bu danışıqlarda heç vaxt Ermənistan dövlətinin maraqlarını ortaya qoymayıb. Onlar birmənalı olaraq  “qarabağlıların” siyasi əhvalını danışıqlar masasında bütün Ermənistanın siyasi ifadəsi kimi müncər ediblər. Bu isə İrəvandakı heç də bütün siyasi dairələrin ürəyindən deyil. Çünki faktik olaraq “qarabağlı prezident” Ermənistanın bütün dövlət siyasətini məhz bu prioritetlərə tabe etdirıb. Bu isə yeni Ermənistan üçün əlləşən siyasi elitada ciddi narazılıq yaradır.

Ermənistan müxalifətinin lideri, keçmiş prezident Levon Ter –Petrosyan məhz bu baxımdan “şəhər ermənilərinin” cazibədar rəhbərinə çevrilə bilib. Onun “qarabağlılara” münasibəti isə o qədər də yaxşı deyil. Petrosyan hesab edir ki, vaxtilə onun əli altında ora-bura göndərdiyi Köçəryan, Sərkisyanın bu gün bütün Ermənistan adından danışmağı qəbuledilməzdir. Çünki “qondarma DQR” əhvalatı həmişə məhz kənardan idarə edilib. İndi bu kartın elə “qarabağlılar”ın özləri tərəfindən “oynanılması” İrəvan siyasi dairələri tərəfindən qıcıq doğurur.

“İrəvanda fəaliyyət göstərən “Avrasiya Evi” Analitik Mərkəzinin araşdırmalarına görə isə, Ermənistanda son illərdə formaşalmış qeyri-rəsmi nüfuz qrupu ölkənin iqtisadi və siyasi həyatına əhəmiyyəti təsir göstərir.
“Qarabağ klanı” ilə bağlı olan oliqarx strukturlar mühüm sahə sayılan ixracı əllərində saxlayırlar. Məsələn,  “International Policy Research Group” təşkilatının məlumatlarına görə, oliqarxlar Ermənistan üçün həyati əhəmiyyt daşıyan yanacaq, ərzaq, və qida sahələrini əllərində saxlayırlar.

“Qarabağ klanı”nın apardığı siyasət nəticəsində elə mühit yaranıb ki, biznesin bir sıra önəmli sahələrinə giriş praktik cəhətdən yerli ermənilər üçün əlçatmaz qalıb. Təşkilatın məlumatında deyilir ki, siyasi çəkişmələr erməni cəmiyyətini iki yerə- “İrəvan” və “Qarabağ klanı”na bölüb. Hələki qələbə “Qarabağ klanın”dır. Levon Ter-Petrosyan üçün isə vacib məsələ kimi hakimiyyətə gəlmək, əgər bu mümkün deyilsə bu klanın təsir imkanlarını azaltmaqdan ibarətdir. 

İndi Ermənistanda gedən siyasi proseslərdə hər bir siyasi partiya bu kartlardan özünə lazım olanını seçib istifadə edir. Bir şey aydındır; siyasətbazların torunda olan xalq əslində nə baş verdiynin fərqindədi. Odur ki, Ermənistanda son proseslərin intişarında sadaladığımız faktorların çəkisi heç də az olmayacaq. 

Yazıda araşdırdığımız məqamların düşmənin bizə daha yaxşı tanıtmaq üçün siyasi arenada xırda görünən bəzi məqamara işıq salmaq üçün maraq doğuracağını güman edirik. Xüsusən ermənilərin “vahid və monolit  xalq” olmaları barədə yorulmadan dəm vurmaları bütün bu müzakirələrin fonunda qar kimi əriyib gedir. 

Xaqani Səfəroğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu