Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif Şurasının 30 iyul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən başlayaraq qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə start verib.
Modern.az saytı xəbər verir ki, bu məqsədlə nazirlik ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərir.
Bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilmiş qiymətləri tənzimlənmiş 256 dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin, reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır.
Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmçinin, SMS məlumatlandırma kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq.
Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatlar veriləcək.
Modern.az