Modern.az

Rusiya və Türkiyədəki iqtisadi proseslər Azərbaycana nə vəd edir?

Rusiya və Türkiyədəki iqtisadi proseslər Azərbaycana nə vəd edir?

21 Avqust 2015, 10:05

İstehlak mallarının qiyməti artır, maaşlar yerində sayır, vətəndaşın xeyrinə dəyişən bir şey yoxdur. Əslində Azərbaycanda müşahidə edilən bahalaşmanın əsas səbəblərindən biri də qonşu ölkələrdəki azərbaycanlıların sosial durumunun pisləşməsilə bağlıdır. Xüsusilə Rusiya və Türkiyədə yaşanan son olaylar təbii olaraq həmvətənlərimizdən də yan keçməyib.Xatırladaq ki, Türkiyə lirəsinin də dollara nisbətdə məzənnəsi kəskin şəkildə ucuzlaşıb.

İqtisadçı Natiq Cəfərli qonşu dövlətlərdəki iqtisadi proseslərin Azərbaycana təsirindən danışıb.

Natiq Cəfərli Modern.az saytına deyib ki, Rusiyadakı problemlər yeni yaranmayıb:

“Bu keçən ilin ortalarından yaranan prosesdir ki, indi daha geniş vüsət alıb. Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra neftin qiymətinin kəskin azalması ilə orada yaşayan azərbaycanlıların yaxınlarına göndərdiyi vəsaitlərin addım-addım azaldığı müşahidə olunur.

2013-cü ildə təqribən 2 milyard dollara yaxın vəsait Rusiyadan Azərbaycana daxil olub. 2014-cü ildə bu rəqəm 20 faizədək azalıb.

2015-ci ilin ilk aylarında isə Rusiya Mərkəzi Bankının rəsmi məlumatına görə Azərbaycana bu ölkədən daxil olan vəsait 5 dəfə azalıb. Hazırda azalma kəskin şəkildə davam edir. Bu da soydaşlarımızın Azərbaycanda yaşayan ailələrinin sosial vəziyyətinin pisləşməsinə səbəb olur.

Digər tərəfdən Rusiyada iş yerlərinin azalması və bağlanması, çətinləşən vəziyyət burada qalmağın yersiz olduğunu anlayan insanları Azərbaycana geri dönməyə vadar edir. Düzdür, proses hələ kütləvi xarakter almayıb. Amma Azərbaycan dövlət olaraq bu prosesə hazır olmalıdır.  Vətəndaşların geri dönməsi onsuz da artan işsizliyi və sosial problemləri daha da gücləndirə bilər”.

Onun fikrincə,Türkiyədəki vəziyyət  bir qədər fərqlidir: “ Ölkədə milli valyuta olan lirənin məzənnəsinin aşağı düşməsi iqtisadi məsələlərlə deyil, keçirilən seçkilərlə bağlıdır. Xüsusilə koalision hökumətin qurula bilməməsi, terror olaylarının artması da bunu diktə edirdi. Bu səbəbdən Türkiyədəki soydaşlarımızın məsələ ilə bağlı qısamüddətli ziyan görə biləcəyini demək olar. Düşünürəm ki, orta və uzun vədədə Türkiyədə vəziyyət normallaşacaq. Seçkilərə qədər vəziyyət gərgin olsa da seçkilərdən sonra normallaşdığını müşahidə edəcəyik.

Təəssüf ki, Rusiya ilə bağlı bunu demək olmur. Burada problemin getdikcə dərinləşməsi proqnozlaşdırılır. Problem dərinləşdikcə həm oradan gələn vəsait azalacaq, həm də soydaşalarımızın vətənə dönüşü sürətlənəcək.

Nəzərə almalıyıq ki, Rusiyadan gələn vəsaitAzərbaycanda mənzil, avtomobil, məişət texnikası bazarında mühüm rol oynayırdı. Hətta mənzil bazarında istifadə edilən vəsait 2014-cü ilə qədər  ilbəil artırdı. İndiki şəraitdə  daxil olan vəsait azaldıqca Azərbaycanda mənzil bazarında ciddi durğunluq yaranıb. Hətta əks proses başlayıb.

Uzun illər Rusiyada çalışıb maddi vəsaitlərini Azərbaycanda daşınmaz əmlaka yatıran iş adamları Rusiyadakı bizneslərini ayaqda tutmaq və oradakı yatırımları artırmaqdan ötrü Azərbaycandakı əmlaklarını satır. Bunu rəsmi rəqəmlər də təsdiq edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk yarısında Azərbaycandan Rusiyaya köçürülən vəsaitin həcmi təqribən 30 faiz artıb. Bunun özü də ciddi məsələlərdən xəbər verir.

Çünki daşınmaz əmlak bazarında olan durğunluq nəticə etibarilə iş yerlərinin azalması, işsiz insanların sayının artması ilə nəticələnəcək. Daşınmaz əmlak bazarının multiplikativ effekti ondan ibarət idi ki, tikinti sahəsi özü arxasınca bir çox sahələri çəkib aparırdı. Yəni tikinti məhsullarının istehsalından tutmuş daşınmasına qədər bir çox sahələrə dəstək olurdu. İndiki şəraitdə tikintidə yaranan böhran digər sahələrə sirayət edəcək və əksər sahələrdə problemlərin yaranması qaçılmaz olacaq”.

Ekspert hazırda Rusiyada yaşayan azərbaycanlıların sayı ilə bağlı statistikanın qarışıq olduğunu vurğulayıb: “Rusiya tərəfdən açıqlanan məlumatlar bu ölkədə təqribən 1 milyon azərbaycanlının yaşadığını deməyə əsas verirdi.

Amma Mərkəzi Seçki Komissiyası və Dövlət Statistika Komitəsinin məlumatlarında təqribən 2 milyon insanın xaricdə, onun da ən azı 1,5 milyonun Rusiyada olduğu açıqlanıb”.

N.Cəfərli deyir ki, əslində problemlə qarşı-qarşıya dayanan azərbaycanlılar heç də Azərbaycana qayıtmaqda maraqlı deyil: “Nəzərə almaq lazımdır ki, uzun illər Rusiyada yaşayan azərbaycanlılar ilk seçim kimi Azərbaycana qayıtmağı düşünmürlər. Azərbaycanda iş qurmağın çətinliyini, inhisarçılığı, nəzərə alaraq ilkin versiya kimi Rusiyaya yaxın olan Qazaxıstan, Belarusu seçirlər.

Bu səbəbdəndir ki, son dövrlər Rusiyadan Belarusa köçən azərbaycanlıların sayında artım müşahidə edilir.

Bu da Belarusun daha stabil və iş şəraitinin daha yaxşı olması ilə əlaqəlidir. Bundan başqa Qazaxıstanda da iş qurmaq istəyən azərbaycanlıların sayı artıb. Həmin ölkələrdə iş planı baş tutmayanda həmvətənlərimizin Azərbaycana qayıtmaqdan başqa çarəsi qalmır.

Yəni xaricdə olanlar üçün vətənə dönmək sonuncu seçimdir. Buna görə də dəqiq statistika söyləmək çox çətindir. Amma dinamika artan tempi göstərir. Rusiyada vəziyyət gərginləşdikcə oradan köçən azərbaycanlıların də sayı artır”.  

Gülşən RAUFQIZI


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi