Modern.az

Gəncə və Sumqayıt təcrübəsi, Eldar Əzizovun Səbaildə tort LAYİHƏSİ

Gəncə və Sumqayıt təcrübəsi, Eldar Əzizovun Səbaildə tort LAYİHƏSİ

4 Sentyabr 2015, 14:55

2011-ci ilin qışında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Eldar Əzizov bu vəzifəsinin icrası ilə üçüncü böyük şəhərə böyük bir “fırtına”, ya da dəhşətli bir “hərarət” gətirdi.

Qalmaqallı icra başçısının özü ilə gətirdiyi soyuq küləklər, “sunamilər” bir çox xırda və iri bizneslə məşğul olan vətəndaşların, obyektlərini, xeyli sayda ailələrin evlərini özü ilə sovurub apardı. Şəhid ailəsinin, müharibə əlillərinin kiçik obyektləri yerla yeksan edildi.  

Ölkə mətbuatı səhifələrində mənfi simalı məmur xarakterini canlandıran Eldar Əzizovun vəzifə səlahiyyətlərinin ona verdiyi hərarət bir çoxlarını yandırdı.  

Geriyə qalan mənzərə isə acınacaqlıdır: Sumqayıt XXI əsrin şəhəri olmaqdan daha çox hələ də köhnə lentlərdəki kadrların fırlandığı məkanı xatırladır.   Dəyişən isə yalnız avtomobillər və xırda-para zahiri görkəmdir. Zahiri parıltının altında isə neçə-neçə insanın puç olan ümidləri, arzuları qərarlaşır...  

Buna görə də deyə bilərik ki, Eldar Əzizovun Sumqayıta bəxş etdiyi “töhfə” XXI əsr Azərbaycanın ictimai-siyasi atmosferi üçün yalnız qara bulud elementi rolunu oynadı.  

Eldar Əzizov bu qara buludları özü ilə Bakının elitar və mərkəzinə də daşıyacaq. Bu barədə söhbət açacağıq.   Hələlik isə lenti geri fırlayaraq özünü az qala ölkənin siyasi elitasının mərkəzi fiqurantı və çox böyük qüvvəsi hesab edən bu qalmaqallı məmurun tutduğu vəzifənin bihuşşedici ətrindən başı gicəlləndiyi üçün neçə-neçə insanı evsiz, çörəksiz qoymasına qısa bir nəzər salaq.  

Eldar Əzizov Sumqayıtda rəhbər vəzifəsinə başladığı ilk aylardan etibarən, texniki islahat, abaqlıq-quruculuq işləri adı ilə bir çox addımlar atdı.  

Amma bu addımlar o qədər irimiqyaslı oldu ki, bunun altında qalıb əzilənlər də tapıldı.  

Ticarət köşklərinin sökülməsi, özünün fantaziyaları əsasında yeni qayda-qanun yaratmaq istəkləri (məsələn, heç kim eyvandan paltar asmamalıdır) Sumqayıt əhalisində çox ciddi sosial etiraz yaratdı.  

Eldar müəllim sökdürdüyü obyektlərin müqabilində heç bir kompensasiyadan da danışmır. Bu azmış kimi hələ vətən yolunda döyüşən Qarabağ əlillərinə də məxsus kiçik ticarət obyektlərini “uf” demədən sökdürür.  

Çox gözəl, bir xeyri olacaqsa sökdürsün, amma elə etsin ki, bu söküntülərin altında “can verən”lər olmasın.  

Lakin çifayda...  

Sumqayıtda söküntülərin ikinci dalğası da başladı,.. Və sonra bu, ədədi silsilə üzrə davam etdi. İcra başçısı tikinti adı altında başlatdığı ikinci söküntü zamanı qəzet köşklərini də hədəfə almaqla əlavə problemlər yaratdı.

Yerli mətbuat yazırdı ki, Eldar Əzizov ölkə miqyasında keçirilən bayram tədbirlərinin Sumqayıtda təşkil edilməsi zamanı sahibkarların vəsaitlərinə əl uzadır.  

Eldar Əzizov vəziyyəti o yerə çatdırdı ki, “can verən” əhali sosial problemlər məngənəsində sıxılaraq yalnız bir çörək puluna möhtac qaldılar.

Möhtac olmaq pis şeydir. Bu, insanda dərin psixoloji sarsıntı yaradır və adamın qəlbinin dərinliklərinə bədbəxt həyat perspektivinə dair xoş olmayan düşüncələr hakim kəsilir.

Bu isə insanı bəzən cismani məhvə sürükləyir.   Sumqayıtdakı məmur özbaşınalığınının fonunda isə elə bir ölüm baş verdi ki, bu təbiətdən gəlmədi.  Səbəb kimi Eldar Əzizov önə çıxdı, ölüm prosesinin fonunda episentrdə dayandı.  

Gündəlik tələbatlardan məhrum olmaq həddinə çatan məcburi köçkün ailələrinin birində haqsızlığın gətirdiyi bəlalardan dolayı şəhid anası da vəfat eydi. (Təfərrüata varmayaq, sadəcə internetdə axtarış vermək kifayətdir).  

Bir sözlə, Eldar Əzizov yalnız bişirtdirdiyi uzun-uzadı tortlarla yadda qaldı və Sumqayıt əhalisinin ağzını bu tortlarla az da olsa şirinləşdirə bildi.  

Ancaq təəssüflər olsun ki, Eldar Əzizov deyəsən inkişaf parametlərini elə tortun uzunluq kateqoriyasına görə ölçürdü.  

Siyahını uzatmağa lüzum yoxdur, bütün bunlar Eldar Əzizovun özbaşınalıqlarının ümumi sxemini və strategiyasını cizmək üçün yetərli məlumatlar sayıla bilər.  

Bütün bunları niyə yazdıq? Bəlkə oxucu elə düşünəcək ki, biz bununla hadisələrin xronologiyasının təqdim edirik və “bunu onsuz hamı bilir də” deyəcək.   Düzdür, amma yazının məğzinə keçid üçün birmənalı reputasiyası olmayan  şəxsin atdığı qeyri-qanuni əməlləri sadalamaq lazımdır. Çünki...  

Bir neçə gün öncə illərdir Sumqayıta başçılıq edən Eldar Əzizov Bakının Səbail Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldı.  

Səbail!  

O Səbail ki, ərazi və əhali baxımından Bakının ən elitar rayonu sayılır. Gözəl küçələr, dəbdəbəli binalar, brend iri ticarət obyektləri, İçərişəhər kompleksi, Qız qalası Səbaili Bakının simasına çevirir.  

Amma... Kim bilir bundan sonra Səbail özünün hansı günlərini yaşayacaq? Bu sual elə belə yaranmır. Çünki bu rayona ədalətsiz şəkildə söküntü işləri üzrə strateq olan Eldar Əzizov başçılıq edəcək.  

Çünki Gəncə, Sumqayıt təcrübəsi var... Hə, az qala yaddan çıxmışdı, Eldar Əzizov həm də Gəncədə də icra başçısı olarkən də müsbət imic qazana bilməmişdi...  

İndi Kim zəmanət verə bilər ki, Eldar Əzizovun özünün strateji xətti Bakının elitar rayonuna sirayət etməyəcək?!   Bəlkə də, bir neçə ildən sonra indiki Səbailin brendliyindən əsər-əlamət qalmayacaq?! Çox təəssüf ki, Eldar Əzizovun əvvəlki fəaliyyətlərinin bazası əsasında Səbail üçün xoş proqnoz vermək olmur.

Səbail əhalisinin, burada fəaliyyət göstərən sahibkarların ümidi isə ona qalır ki, bəlkə Eldar Əzizov daha qanunsuzluğa yol verməyəcək.   Biz də arzu edək ki, Eldar müəllim, insanların ümidlərini ürəklərində qoymasın, onları xəyal qırıqlığına uğratmasın!!!  


Və yeri gəlmişkən, uzun zaman Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinə başçı gəlməsi ilə bağlı xəbərlər mətbuatda az qala böyük zolaq yaratmışdı.

Fərz edək ki, Səbail İcra Hakimiyyətindən Hacıbala Abutalıbovun mənzil qərəgahına olan məsafə birdən Eldar Əzizovu həvəsləndirdi və o, günün birində gedib zorla Hacıbala Abutalıbovun kreslosunu tutdu.  

Onda nə olacaq? 

Elə-belə demədik, bunu... Ortada Eldar Əzizovun Sumqayıt İcra Hakimiyyəti postundan, daha doğrusu kreslosundan bərk yapışmaq ənənəsi də var.

Halbuki Azərbaycanda iri ranqlı məmurlar gözəl bilirlər ki, onlardan xəbərsiz işdən çıxarılma həmin məmura hörmət edilməməsi anlamını verir.  

Və bir də, görəsən birdən Eldar Əzizov Sumqayıtdakından da böyük tort bişirəsi olsa, Bakının elit mərkəzi sayılan Səbail sakinləri o tortdan yeyəcəklərmi...?

Bax, heç olmasa, Eldar Əzizov özünü elə aparsın ki, sakinlər ən azından bayram günlərində həmin tortdan dadmağa gəlsinlər, dadma prosesini boykot etməsinlər...  

Aqşin KƏRİMOV    


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi