Azərbaycanda fəaliyyət göstərən əksər xarici və transmilli şirkətlərdə eyni işdə çalışan azərbaycanlı ilə əcnəbi arasında aylıq məvacib baxımından fərq qoyulduğu heç kəsə sirr deyil.
Eyni işi görmələrinə baxmayaraq, iş saatı və əmək haqqı baxımından azərbaycanlılar alt təbəqədə qərarlaşır.
Hazırda bu tendensiya xarici ölkələrin Azərbaycandakı səfiriliklərinə də sirayət edib.
Bəzi diplomatik korpuslarda azərbaycanlılara ikinci təbəqədən insanlar kimi baxılır, bir çox hallarda müqavilə şərtlərini pozaraq, onları səbəb olmadan işdən çıxarır, yaxud səfirlik binasına daxil olarkən əcnəbiləri yoxlamadıqları halda azərbaycanlını çox güclü yoxlama proseduruna məruz qoyurlar.
İş o yerə çatıb ki, bu hal qardaş Türkiyənin Azərbaycandakı səfirliyində də yaşanır.
Düzdür, səfirlikdən Modern.az saytına bildirilib ki, digər səfirliklərdən fərqli olaraq, Türkiyənin Azərbaycandakı səfirliyində belə hala rast gəlmək mümkün deyil. Ancaq məsələ heç də onların dediyi kimi deyil.
Hüquqşünas Əliməmməd Nuriyev saytımıza açıqlamasında məsələnin hüquqi tərəflərini izah edib: “Azərbaycan qanunvericiliyi hamının qanun qarşısında bərabərliyi prinsipini özündə əks etdirir. Qanun, şəxsin milli, dini, irqi mənsubiyyətinə görə ona ayrıseçkilik edilməsini qadağan edir. Onun üçün də istənilən şəxs işə götürülərkən hər şeydən əvvəl bu prinsipləri əlində rəhbər tutmalıdır.
Bir məqama da diqqət etmək lazımdı ki, hər bir şəxs işə götürülən zaman müsabiqədən keçir və bu zaman müqavilə bağlayır.
Müqavilədə görüləcək iş və şərtlər, o cümlədən əmək haqqı, imtiyazlarla bağlı məsələlər öz əksini tapır. Bu zaman əgər tərəflər müqavilə öhdəliklərinə razıdırsa, onu imzalayıb fəaliyyətə başlaya bilər.
Yeri gəlmişkən, müqavilə öhdəlikləri tərəflərin müqavilə azadlığı prinsipinə söykənir, bunun əsasında hər kəsin hüquq və vəzifələri müəyyənləşir”.
Hüquqşünas deyir ki, əgər işə girən müqavilədə göstərilən şərtlərlə razı deyilsə, onu imzalamaqdan imtina edə bilər: “O cümlədən müxtəlif ölkələrin səfirliklərində çalışan şəxslərdə də hər şey müqavilə ilə tənzimlənir. Əlbəttə, burada ayrı-seçkilik etmək olmaz. Sən azərbaycanlısan, yaxud müsəlmansan, xristiansan kimi fikirlər irəli sürərək ona məhdudiyyətlər qoyula bilməz.
Bu, birmənalıdır. Həmçinin onun əmək şəraiti ilə bağlı da ayrı-seçkilik qoyula bilməz. Hər şeydən əvvəl təhlükəsizlik qaydalarına əməl edilməlidir. Bizim səfirliklər də digər ölkələrin nümayəndələrini işə götürərkən müqavilə şərtlərində bunu göstərə bilərlər ki, siz hər zaman yoxlamaya məruz qalacaqsınız.
Əmək haqqı ilə bağlı məsələ də burada öz əksini tapmalıdır.
Eyni işi görən, eyni fəaliyyəti göstərən şəxslərin əmək haqqının ödənilmə formaları var. Bu ya nəticəyə, ya staja, ya da təhsilə görə olan məsələdir. Bununla bağlı şərtlər də müəyyənləşə bilər. Qanunvericilik bunu qadağan etmir”.
Ə.Nuriyev müxtəlif ölkələrin səfirliklərində azərbaycanlılara qarşı olan ikinci münasibətin olmasını yolverilməz hesab edir:
“Əgər səfirlikdə nahar fasiləsi üçün ayrılmış yeməkxanaya azərbaycanlının daxil olması qadağandırsa, yaxud qida fərqi qoyulursa, bu, yolverilməzdir.
Bir məsələ də var ki, azərbaycanlıları işə ilkin-xidməti müqavilə ilə götürürlər. Onlar ştat işçisi hesab olunmur. Bu isə vətəndaşlarımızın öz hüquqlarını bilməməsindən irəli gəlir.
Nəzərə almaq lazımdır ki, səfirlik özü müəyyən ölkənin ərazisi sayılır. Ona görə də, qaydalar həmin ölkənin qanunlarına uyğun müəyyən edilir. Bu baxımdan ayrı-seçkilik, fərdi yanaşmalar varsa, eyni zamanda müxtəlif qısnayıcı hərəkətlər edilirsə (bəzən seksual əsasda da ola bilər) bu da qanunsuzdur.
Məsələn, bəzən səfirlik 25 yaşa qədər xanımların işə qəbulunu elan edir. Bu artıq ayrı-seçkilikdir. Elan şərtlərində bunlar nəzərdə tutulmayıb.
İxtisas dərəcəsi, stajı və s. ilə bağlı şərtlər qoyula bilər, amma onun yaşı, boyu, gözünün rəngi kimi tələblər ayrı-seçkilik kimi qiymətləndirilir.
Əlbəttə, azərbaycanlılara münasibətdə ikinci dərəcəli qiymətləndirmə olur. Bəzi hallarda əsassız olaraq qapıda uzun müddət saxlama, bürokratiya da baş verir. Ayrı-ayrı ölkələrin səfirliklərində bu kimi nöqsanlar qeydə alınır.
Məsələ burasındadır ki, orada əmək haqqının yüksək olması, vətəndaşlarımızın bu prosesdə işləməyi arzu etməsi və çətinliklə qarşılaşması onun işindən imtinasına gətirib çıxarmır.
Həmçinin bununla bağlı etiraz etmir. Belə olan halda səfirliklərin ayaqları da yer alır”.
Ə.Nuriyev deyir ki, hətta bəzən azərbaycanlıları təhqirə yönələn hərəkətlərə də yol verə bilirlər: “Burada vacib olan şərtlərdən biri də azərbaycanlıların davranışı ilə bağlıdır. Bəzən müqavilə müddətinin başa çatmasına xeyli qalmış onları işdən azad edirlər. Hələ görməmişəm ki, azərbaycanlı hansısa ölkənin səfirliyində işdən çıxarılandan sonra məhkəmə orqanlarına müraciət etsin.
Bu da həmin ölkələrin səfirliklərinin bizim ölkə vətəndaşlarına fərqli münasibət göstərmələrinə əsas verir.
Azərbaycan qanunvericiliyində xidməti müqavilə bağlanır ki, iş vaxtı ilə bağlı məsələ əmək qanunvericiliyi ilə tənzimlənir. Heç bir müdiriyyət işçini müəyyən olunmuş saatdan artıq işlədə bilməz.
İşçinin təhlükəsizliyi təmin olunmalıdır. “Səni işə götürmüşəm, bütün gününü mənə sərf edib, günün altında qalmalısan, yaxud bütün gün kompüterin arxasında oturmalısan” kimi düşüncə çox yalnışdır.
Hesab edirəm ki, vətəndaşlar öz hüquqlarının qorunmasına çalışmalıdırlar. Bəzi ölkələrin səfirlikləri Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı sağa-sola geniş bəyanatlar verir, ancaq onların öz müəssisələrində, öz şirkətlərində çalışan vətəndaşların hüquqlarının pozulması zamanı səslərini çıxarmırlar.
Bəzən Azərbaycan QHT-ləri də bu məsələyə göz yumur. Nədir-nədir, xarici təşkilatlar onları harasa göndərir, hansısa qrantlar verirlər və s.”.
Gülşən RAUFQIZI