Modern.az

Şəhərsalma və Arxitektura Komitəsinin işçi qrup rəhbəri: “Bakıdakı Sovet İttifaqından qalma “xarabalıqlar” söküləcək”

Şəhərsalma və Arxitektura Komitəsinin işçi qrup rəhbəri: “Bakıdakı Sovet İttifaqından qalma “xarabalıqlar” söküləcək”

Ölkə

25 Oktyabr 2010, 16:56


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DTAK) "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması ilə əlaqədar keçirdiyi müsabiqəni xeyli vaxtdır uzadır.
Xatırladaq ki, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
Bəs yeni Baş Planı hansı şirkət hazırlayacaq, o nə vəxt hazır olacaq?

Modern.az bu və digər suallarla Dövlət Şəhərsalma və Arxitektura Komitəsində  "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarova müraciət edib.

- Novruz müəllim, “Böyük Bakının Regional İnkişaf Planı" - bu nə layihədir, bu layihə hansı məqsədlər qoyur və hansı məsələləri həll edəcək ?

- 2009-cu ilin aprelindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) Layihəsini həyata keçirilməsi üçün hazırlıq işləri aparır. Hazırkı layihə Dünya Bankının maliyyələşdirdiyi layihələrdən biridir. BBRİP layihəsi hər şeydən əvvəl şəhərsalmanın gələcək inkişafının yalnız Bakı şəhəri üçün deyil, bütün Azərbaycan Respublikası üçün proqram sənədi olmalıdır. Hazırkı layihənin qarşısına qoyduğu əsas tapşırıqlar hər şeydən əvvəl Böyük Bakının layihə ərazisinin mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron regionun yaxın 20-30 ildə  əsas planlaşdırma sxeminin hazırlanması və qəbul olunmasıdır. Həmçinin, layihədə şəhərin şəhərsalmasının idarəetmə sistemini işləyib hazırlamaq və təklif etmək planlaşdırılır. Hazırda Dövlət Şəhərsalma və Arkitektura Komitəsi  layihələndirmə üçün hazırlıq işlərini tamamlamışdır və biz ümid edirik ki, bu ilin noyabr-dekabr aylarında layihənin  işlənilməsinə başlanılacaq.

- Bu planı hansı şirkət hazırlayır və bunun üçün nə qədər vəsait xərclənəcək?

- Hazırkı layihəni hazırlayan şirkət tender əsasında təyin ediləcək. Layihə  4 hissədən ibarətdir:
I. Böyük Bakının ərazisi üçün ilkin məlumatların toplanması və yerin mövcud vəziyyətinin analizi;
II. Abşeron yarımadasının (Böyük Bakı) ekoloji vəziyyətinin analizi;
III. Regionun 2010-cu ilə qədər mövcud iqtisadi vəziyyətinin analizi, həmçinin 2030-cu ilə qədər perspektivlərin inkişafını proqnozlaşdırmaq;
IV. 2030-cu ilə qədər regionun planlaşdırma sxeminin hazırlanması.
BBRİP layihəsi, Böyük Bakının ayrı-ayrı ərazilərinin gələcək Baş planlarının  hazırlaması üçün, əsas olacaqdır. BBRİP-nı layihələndirməsi üçün, təxminən 5 milyon manat nəzərdə tutulub.

- “Böyük Bakının Regional İnkişaf Planı" hansı illəri əhatə edəcək və bu sənəddə prioritet məsələlər əsasən hansılardır?

- Adətən dünyada  şəhərin inkişaf planı 25-30 ilə nəzərdə tutulur. Qarşıdakı “Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu il müddətinə hazırlanmalıdır. Əlbəttə müasir dünyada hər hansı bir şəhərin 20-30 il perspektivinin inkişaf istiqamətini və dinamikasını təyin etmək çox çətindir. Lakin bu gün, artıq bəzi məqamlar bizə aydındır. O cümlədən:
- Dəniz limanının və bərənin Qaradağ rayonuna, Ələt şəhərinin yaxınına köçürməsi;
- Neftdaşıyan terminalın Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Sanqaçala köçürməsi;
- “Qara Şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və  boşaldılmış ərazinin məskünlaşma üçün mənimsənilməsi;
- “Xutor” - 88 hektar, “Kubinka”- 46 hektar, şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı “Beşmərtəbə”nin- 85 ha;
292 hektarını təşkil edilməmiş tikintilər əhatə edən “ 20-ci sahə” - 800 ha  kimi şəhər sahələrinin  bölmələrinin regenerasiyası.

Həmçinin Bakı şəhərinin qarşısında duran vəzifələrdən biri – şəhərin və bütün Abşeronun vahid nəqliyyat sxemini tərtib edilməsidir. Təəssüf  ki, hazırlanmış və həyata keçirilməsi üçün hazır olan sxem  - bu gün hələ ki, mövcud deyildir. Həmçinin ərazinin ekoloji yaxşılaşdırılması problemi  mövcud olaraq qalır – bu şəhərin torpaq, su və hava hövzəsinin təmizlənməsi kimi, ən mühüm problemlərindən biridir. Və nəhayət bu gün ən əsas  prioritet məsələ Bakıda, və Azərbaycanın qalan şəhərlərində də şəhərsalma prosesinin vahid idarəetmə sistemini təşkil etməkdir.

- Yeni İnkişaf Planında şəhərin hansı ərazilərindəki tikililərin sökülməsi nəzərdə tutulur?

- Təəssüf ki, hələ də şəhərin mərkəzi hissəsində keçmiş Sovet İttifaqının və çar imperiyası vaxtından bizə saxlanılmış “xarabalıqlar” qalırlar. Yuxarıda qeyd etdiyim kimi, şəhərin əraziləri  - Azərbaycan prospektinin qərb hissəsi (85 ha) - çar imperiyası zamanından,  “Xutor” rayonu isə (88 ha) - Sovet İttifaqı vaxtından qalıb. Həmçinin şübhəsiz, Mərkəzi Bazarın ətrafında yerləşən “Kubinka” adlı ərazini (46 ha) - rekonstruksiya və ya ola bilsin ki, regerenasiyası lazımdır. Əlbəttə bu prosess - sosial planda çox mürəkkəbdir. Lakin onu həll etmək  mutləq lazımdır. Şəhər ərazilərinin arasında "Beşmərtəbə" sahəsi digər qeyd olunan sahələrdən fərqlənir. Bu ərazidə XIX əsrin sonu XX əsrin başlanğıcına aid olan çoxlu memarlıq abidələri var. Və bu da məhəllələrin köçürülməsi və rekonstruksiyası problemlərini həll etmək üçün əlavə çətinliklər törədir. Şəhər ərazilərinin məskunlaşmasının regenerasiya problemi kifayət qədər mürəkkəbdir və iqtisadçılar, sosioloqlar, hüquqşünaslar, həmçinin memarlar və urbanistlər kimi müxtəlif profilli mütəxəssislərin cəlb edilməsini tələb edir.

- Bəzi məlumatlara görə, paytaxtın içərisindəki qəbiristanlıqların
 da şəhərdən kənara köçürülməsi məsələsi yeni Baş Plana salınıb. Bu düzdürmü?

- Bu yaxşı olmayan və çox qəribə  sualdır, mənə məlum olduğu qədər qəbirstanlıqlar toxunulmayan “müqəddəs”  yerlərdir.  Ora vəfat edənlərin yaxınları baş çəkirlər, bu yerlər keçmiş nəslin xatirə yeridir. Dünyanın bütün şəhərlərində və bütün xalqlarda qəbirstanlığları köçürmürlər.

Bu sualınız arxitektura-şəhərsalma sualı deyildir. Və yeni Baş Plana bel bir məsələnin daxil edilməsi nəzrdə tutulmur.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu