Modern.az

Təbliğat-təşviqata kim nə qədər pul xərcləyir?

Təbliğat-təşviqata kim nə qədər pul xərcləyir?

Ölkə

26 Oktyabr 2010, 20:24

Bu seçki 2005-ci ildəkindən fərqlənir: varlı namizədlər pul kisələrin ağçını açmağa xəsislik edirlər


Parlament seçkilərinə qatılan deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasının gur vaxtıdır. Namizədlərdən kimi televiziyada çıxış edir, kimi seçicilərlə görüşür, kimi plakatlarını yayır, kimi də inzibati resurslara arxalanaraq heç nəyi vecinə almadan seçki gününü gözləyir ki, “hazırın naziri” olaraq mandat alsın.
Təbliğat-təşviqat kampaniyası dövründə aktiv işləyən deputatlığa namizədlər müəyyən məbləğdə maliyyə vəsaiti xərcləməli olur. Amma namizədlərin hamısının maddi durumu yaxşı olmadığından sıxıntılar yaşayanlar da var.

Adının çəkilməməsini istəyən deputatlığa bir namizədin sözlərinə görə, Dairə Seçki Komissiyasında millət vəkilliyinə namizədliyi rəsmən təsdiq olunandan sonra bir yandan sevinib, o biri yandan qəm-qüssəyə batıb ki, təbliğat-təşviqata xərcələyəcəyi pulu haradan alacaq.
“Yaxın dostlara, qohum-əqrəbaya müraciət etdim, sağ olsunlar plakatlarımın çapı üçün 300 manatadək pul topladılar. Ən ucuz mətbəə axtarıb tapdım, bir plakatı 5 manata çap elətdirdim. Buna 200 manat xərclədim, qalan 100 manatı da seçicilərlə iki görüşə sərf etdim”.
Anonim qalmağı istəyən həmsöhbətimiz deyir ki, Azərbaycan reallığında deputatlığa namizədin heç olmasa 5 min manatı olmalıdır ki, orta səviyyədən bir az aşağı təbliğat kampaniyası qura bilsin.

94 saylı Bərdə kənd seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizəd Taleh Şahsuvarlı isə özünün maliyyə resurslarını artırmaq üçün könüllü ianə prinsipindən istifadə edib. Namizəd deyir ki, təbliğat-təşviqat kampaniyasına start verilən gün onu tanıyan fiziki və hüquqi şəxslərə müraciət edib ki, maliyyə dəstəyi qazansın.  
T.Şahsuvarlının müraciətində namizədin bank hesabına 50 (əlli) manatdan 500 (beş yüz) manatadək hər hansı məbləğdə pul köçürmək xahiş olunub.  
Namizəd deyir ki, onun müraciəti nəticəsiz qalmayıb və bank hesabına xeyli vəsait daxil olub ki, bu da dəstəklənməsinə bir işarədir: “Düzdür, seçkiyə qoşulanda maliyyə resursumuz vardı. Amma könüllü ianə prinsipi ilə maliyyə toplamaq bütün dünyada istifadə olunur ki, mən də ondan yararlandım”.

Seçki marafonuna qoşulan deputatlığa namizədlər arasında nəhəng maliyyə resurslarına malik olan şəxslər az deyil. Onların təbliğat-təşviqat kampaniyasına nə qədər vəsait xərclədiyini konkret rəqəmlərlə ifadə etmək çətin olsa da, söhbət 100 minlərdən gedir. Ad çəkməyə də bilərik. Bunu siyasi prosesləri az-çox izləyən istənilən şəxs seçki dairələri üçrə namizədlər siyahısına göz gəzdirməklə müəyyənləşdirə bilər.   

Bütün hallarda Azərbaycanda keçirilən seçkilərdə xərclənən pullar barədə o qədər də açıq məlumatlar yoxdur. Bütün namizədlər susmağa üstünlük verirlər, heç kim açıq danışmaq istəmir.

Ümumiyyətlə, müşahidələr göstərir ki, budəfəki seçkilər 2005-ci ildəkindən fərqlənir. Bu dəfə varlı namizədlər pul kisələrinin ağzını açmağa xəsislik edirlər, necə deyərlər, pulu sıxa-sıxa xərcləyirlər.

Yeri gəlmişkən, Seçki Məcəlləsində namizədlərin seçkilərə xərcləyə biləcəkləri vəsaitlər barədə maddələr göstərilib. Məsələn, Seçki Məcəlləsinin 156-cı maddəsinə əsasən, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan yuxarı ola bilməz. Siyasi partiyalar üçün isə bu hədd 150 min manat göstərilib. Qanunvericilikdə seçki fondunun minimal həddi göstərilməyib. Yəni namizəd seçkidə pul xərcləməyə də bilər.

Namizədin fonduna yardım etmək istəyən fizki şəxs 3000 manatdan artıq könüllü ianə verə bilməz. Namizədə yardım etmək istəyən hüquqi şəxslər isə maksimum 50 min manat ianə köçürə bilərlər.  
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Modern.az-a bildirib ki, Seçki Məcəlləsinə görə, dövlət qulluğunda olanlar, hərbçilər, vətəndaşlığı olmayanlar, xarici ölkə vətəndaşları və xarici hüquqi şəxslər namizədin fonduna pul keçirə bilməzlər.
Eyni zamanda nizamnamə kapitalında iştirak payı 30 faizdən çox olan hüquqi şəxslər, beynəlxalq qurumlar və beynəlxalq ictimai hərəkatlar, hərbi, dini birliklər, xeyriyyə müəssisələri də namizədə seçki üçün vəsait ödəyə bilməzlər.

A.Sarıyev onu da deyib ki, namizədin seçki fonduna pul verənlərin anonim qala bilməzlər.
Deputatlığa namizəd pulu necə gəldi xərcləyə də bilməz. Seçki dönəmində namizədlərin xərclədikləri pulların miqdarına MSK-nın Maliyyə-Təftiş Qrupu nəzarət edir. Bütün namizədlər seçki fondu üçün özlərinin bankda hesablarını açıblar.
A.Sarıyev deyib ki, namizədlərin fondları MSK-da deyil, DSK-larda yerləşir.
Seçki prosesi dövründə namizədlər üç dəfə -imza vərəqələri təhvil verəndə, təbliğat prosesində və seçki başa çatdıqdan sonra maliyyə hesabatı verməlidirlər. Maliyyə hesabatlarını həm Dairə Seçki Komissiyası, həm də MSK-nın Maliyyə-Təftiş Qrupu yoxlayır, ciddi pozuntular namizədliyin ləğvinə qədər cəzalandırıla bilər.

 Modern.az 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu