Sabir Rüstəmxanlı: “Deputat seçilməyənlərə daş atmaq lazım deyil”
“Azərbaycanı xaricdə təmsil edənlərin əksəriyyətindən daha layiqli səfir ola bilərəm”
Milli Məclisin dekabrın 29-da keçirilmiş iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini , parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deputat seçilə bilməyənlərin sonrakı arzularından danışıb. Onun sözlərinə görə, kim deputat seçilmirsə deyir ki, “məni səfir göndərin”, kim işdən çıxırsa deyir ki, “məni səfir göndərin gedib işləyim”: “Belə hallar təkrarlanmamalıdır”.
1 noyabr 2015-ci il seçkilərində deputat seçilməyənlərdən biri də Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır. O, Modern.az saytı vasitəsilə keçmiş həmkarının bu fikrinə münasibət bildirərkən bunu ona atılan daş kimi qiymətləndirib:
“İndi də deyirlər guya, kimsə deputat seçilə bilmirsə, deyir ki, “məni diplomat, səfir göndərin”. Mən burada qeyri-adi heç nə görmürəm. Yəni deputat seçilməmək o demək deyil ki, bu insan diplomat, səfir işləyə bilməz. Əgər bir adam 10-15 il deputat olubsa və Azərbaycan qanunlarını kifayət qədər bilirsə, deputat kimi xalq arasında tanınırsa, onun səfir təyin olunmasında nə pis şey ola bilər ki? Mən də deputat seçilmədiyimdən atılan daş bir az da mənə toxunur”.
Sabir Rüstəmxanlı hazırda Azərbaycanı xaricdə təmsil edən səfirlərin çoxundan bu vəzifəyə daha layiqli olduğunu düşünür: “Özümü bu gün Azərbaycanı xaricdə təmsil edən səfirlərin əksəriyyətindən həmin vəzifəyə daha çox layiq görürəm və bu işi onlardan daha yaxşı bacaracağımı düşünürəm. Ona görə indi deputat seçilməyənlərə daş atmaq lazım deyil. Deputat seçilən kimi adamların alnına xüsusi keyfiyyət nişanı yapışdırmırlar. Deputatların arasında onlarla adam var ki, dünyadan xəbəri yoxdur. Nə etdiklərini bilmirlər, orada oturub ancaq siqaret çəkir, qanunlara səs verirlər. Səfirlikdə səhərdən axşama qədər çalışmaq lazımdır. Ona görə də hesab edirəm ki, xaricə göndərilən adamlar təkcə hakimiyyətə yox, həm də millətinə, dövlətinə sədaqətli adamlar olmalıdır. Çünki belə adamlar heç vaxt xaricdəki işləri ilə ən çətin zamanda belə xalqa arxa çevirməzlər”.
Ağa AKİFOĞLU