Modern.az

Süni qiymət artımına yol verənlərlə bağlı cinayət işi başlanıldı

Süni qiymət artımına yol verənlərlə bağlı cinayət işi  başlanıldı

12 Yanvar 2016, 20:28

Manatın məzənnəsində baş verən dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təsdiq edilən birgə Tədbirlər Planına müvafiq olaraq bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

İqtisadiyyat və Sənaye Naziriliyinin və Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinq zamanı “Giləzi – Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC–nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlahçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunub.

Bununla bağlı müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və toplanmış materiallar əsasında 12 yanvar 2016-cı il tarixdə fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin ambarına aparılan baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.

Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilən, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunan qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.

“Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.

Toplanan materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılmışlar. Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəkləri barədə xəbardarlıq edir.  

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi