Modern.az

Tahir Kərimli: “İlham Rəhimovu şişirdirik”

Tahir Kərimli: “İlham Rəhimovu şişirdirik”

Ölkə

22 Yanvar 2016, 10:01

Xarici ölkələrdə tanınan, yaxud dünyada söz sahibi olan əcnəbilərlə dostluq əlaqələrinə malik azərbaycanlılar çox olmasa da, var. Təəssüfedici hal odur ki, belə soydaşlarmızı çox zaman Azərbaycanın milli maraqları o qədər də düşündürmür.

Modern.az saytı əvvəllər bu mövzuya toxunaraq, silsilə yazılar dərc edib.

Bu dəfə isə Milli Məclisin deputatı Tahir Kərimli azərbaycanlı iş adamı, Rusiya prezidenti “Putinin dostu” kimi tanınan İlham Rəhimov barədə öz fikirlərini söyləyir. 

Bəribaşdan qeyd edək ki, kimsə İlham Rəhimovdan Rusiyanını xarici siyasətini dəyişəcək qədər fantastika gözləmir. Yalnız onu deyə bilərik ki, belə dostluqlar heç olmasa müəyyən məqamlarda kara gəlməlidir.

Görəsən illərdir Rusiyada biznesi olan iş adamı İlham Rəhimov niyə Azərbaycana xeyir verən hansısa meqalayihələrin reallaşdırılmasında fəal olmayıb?!

Buna səbəb nədir?! Azərbaycanın xeyrinə  faydalı işlərlə yadda qalarsa, bu, yaxın dostunun qəzəbinə səbəb ola bilərmi?!

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Modern.az saytına açıqlamasında məsələyə münasibət bildirib. Deputatın sözlərinə görə, mətbuat İlham Rəhimovun imkanlarını həddindən artıq qabardır. 

“Bəzən İlham Rəhimovun imkanlarını həddindən artıq şişirdirik. Düşünürəm ki, bu, doğru deyil. Ola bilsin ki, Rəhimov Azərbaycanın xeyrinə nəsə etməyə çalışsın. Görünən odur ki, siyasi məsələlərin həllində bütövlükdə onun gücü yoxdur. Buna baxmayaraq, düşünürəm ki,  İlham Rəhimov bir azərbaycanlı kimi böyük lahiyələrin həyata keçirilməsini arzu edər”. 

Tahir Kərimli dostların aralarında gedən söhbətlərin nədən ibarət olduğunu söyləməyin çətinliyini dilə gətirib. 

“Çünki Rəhimovun Rusiyadakı rıçaqlarını Azərbaycanın xeyrinə yönəldə bilməsi barədə nəsə demək olmaz. İki yaxın dost arasında nə söhbətlər getdiyini də söyləmək çətindir. Çox istəyərəm ki, imkanlarından istifadə etməyi bacarsın. Ola bilsin ki,  nəsə etməyə çalışır, amma, alınmır”. 

Deputat Rusiyanın Azərbaycana münasibətdə çox vaxt aqressiv mövqe sərgiləmədiyini İlham Rəhimovla əlaqələndirib. 

“Bu vaxta qədər İlham Rəhimov Azərbaycan üçün nəsə etməyibsə, bundan sonra etməlidir. Bu, onun vicdan borcu, vətəndaşlıq vəzifəsidir. Bir məsələ də var: ola bilər ki, bu illər ərzində  Putin İlham Rəhimovla dostluğunu nəzərə aldığından, Azərbaycana olan  aqressivliyi bir az da yumşalıb.  
Strateji mənada isə Rusiya Azərbaycan üçün heç bir yaxşılıq etməyib. Kimlərinsə də strateji mənada çalışmasının şahidi olmamışıq. Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarımız nəsə etməyə cəhd göstərmir. Rusiyada yaşayan elə azərbaycanlılar da var ki, üzlərini azərbaycanlı olduqlarına görə gizlədirlər”. 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi