Dünən Beyləqan rayonunda baş vermiş dəhşətli qətlin bəzi təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, Yuxarı Kəbirli kəndində 6 yaşlı oğlunu amansızlıqla öldürən Zahid İsgəndərov bir müddət əvvəl həyat yoldaşından ayrılıbmış. Onların iki övladı olub. 6 yaşlı oğlan və ondan kiçik olan qız uşağı.
Belə ki, Z.İsgəndərovun Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Mahirə adlı qadınla nikahı pozulduqdan sonra onların birgə nikahından olan oğlu, 6 yaşlı Ümid atası, kiçik qız isə anası ilə qalıb. Lakin münaqişələr bununla bitməyib. Z.İsgəndərov keçmiş həyat yoldaşını dəfələrlə ölümlə hədələyibmiş.
Dünən isə kəskin psixoloji vəziyyətdə Z.İsgəndərov əvvəlcə 6 yaşlı oğlunu öldürüb, daha sonra isə keçmiş həyat yoldaşını qətlə yetirmək üçün onların evinə gedib. Qohum-qonşu yığışaraq onun qadını öldürməsinə mane olub. Yaxalanacağını görən Z.İsgəndərəv qaçıb.
Yuxarı Kəbirli kəndinin bələdiyyə sədri Tofiq Məmmədov AzVision.az-a açıqlamasında qətli dörədən Zahid İsgəndərovun hadisə baş verən zaman içkili olduğu deyib.
“Hadisə gecə saatlarında baş verib. Çox dəhşətli hadisədir. Bütün kənd şok içindədir. Övladını vəhşicəsinə öldürən Zahid kənddə usta işləyirdi. O, suvaq hörgü işləri ilə məşğul olurdu. Gecə səhərə qədər onun axtarışları aparılıb. Hələ ki, Zahidi tapmaq mümkün olmayıb”.
T.Məmmədovun sözlərinə görə, Z.İsgəndərov övladını ona məxsus pay torpağına apararaq, orada qətlə yetirib: “Ümid birinci sinifdə oxuyurdu. Çox ağıllı, çevik uşaq idi. Zahid Ümidin boğazını bıçaq sümüyə dirənənə qədər kəsib. O, evin böyük uşağı idi. Hadisə baş verən zaman Ümidin anası evdə olmayıb, rayona atası evinə gedibmiş.
Heç kim hadisənin səbəbini bilmir. Bütün kənd Zahidi lənətləyir. İnsan nə qədər qaniçən olmalıdır ki, 6 yaşlı usağı vəhşicəsinə öldürsün. Zahid içkili olanda özünü idarə edə bilmirdi. Ola bilsin ki, uşaq onun sözünə baxmayıb, ya da nəsə söz deyib, ona görə də öldürüb. Hazırda polis əməkdaşları onu axtarırlar. Yəqin ki, tapılandan sonra cinayəti hansı səbəbə törətdiyini etiraf edəcək”.
Hazırda Z.İsgəndərovun tutulması istiqamətində iş aparılır.
Modern.az