Modern.az

"Kəskin devalvasiya gözlənilmir"

"Kəskin devalvasiya gözlənilmir"

24 Fevral 2016, 15:36

 

Manatın 2015-ci il 21 dekabrdakı kəskin devalvasiyasından sonra əhalinin böyük hissəsi əlində olan manatı dollara çevirmək üçün növbələrə düzüldü. Hətta kommersiya banklarında manatını dollara dəyişə bilməyənlər “qara bazar”a üz tutdu.

Bir çoxları 1 dolları 1,80-1,90 manata almağa məcbur oldu. Hətta bəzi vətəndaşlar bu minvalla 10-15 min manatını dollara çevirdi. Bu gün, fevralın 24-ə olan məlumata əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5593 manat təşkil edir. Devalvasiya vaxtı tələm-tələsik manatlarını dollara çevirmiş insanlar hazırda faktiki olaraq uduzur...

İqtisadçı Natiq Cəfərli Modern.az saytına deyib ki, indi müşahidə olunan vəziyyət hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən inzibati idarə üsulunun nəticəsidir:

“Hazırda Mərkəzi Bank tərəfindən məzənnəyə nəzarət siyasəti həyata keçirilir. Bu isə qısa müddətdə ölkədə iqtisadi aktivliyi aşağı saldı. Böhrandan sonra ölkə iqtisadiyyatı depressiya, durğunluq içərisindədir. Vəziyyət uzun müddət belə davam edə bilməyəcək. Mart ayından etibarən iqtisadiyyatın canlanmasına ehtiyac var. Çünki, çox sayda iş yerləri qapadılıb və insanlar gəlirlərini itiriblər.

Hökumət iqtisadi aktivliyin artması yönündə müəyyən addımlar atmağa məcburdur və mütləq buna gediləcək. Əslində, yeni təsdiq edilən büdcənin parametrləri də bunu deməyə əsas verir. Yeni büdcədə 2 milyarddan artıq xərcləmələr nəzərdə tutulub ki, iqtisadi canlanma artırılsın.

Canlanma artdıqca, büdcədən maliyyələşən layihələrin gerçəkləşdirilməsi baş verdikcə, ölkədə manatın dövriyyəsi də sürətlənəcək. Nəticədə dolların manata basqısı da artacaq. Bir müddət sonra manat yenidən ucuzlaşmaqda davam edəcək. Yəni müvəqqəti uduzan insanlar həmin vaxt heç nə uduzmayacaq, hətta az da olsa vəziyyətdən uduşlu çıxacaqlar”.

Ekspert deyib ki, dünyada gedən proseslərlə əlaqədar yaxın gələcəkdə manatın məzənnəsinin möhkəmlənmə potensialı tükənib: “Son vaxtlar manatın cüzi də olsa möhkəmlənməsi Mərkəzi Bankın sərt pul-kredit və manitar siyasətinin nəticəsidir. İndi bunu uzun müddət davam etdirmək mümkün olmadığından siyasətdən vaz keçilir.

Mart ayında da bunun şahidi olacağıq. Ona görə də hazırda uduzduğunu zənn edən vətəndaşlar heç də narahat olmasın. Çünki, onlar mart ayındakı proseslərdən az da olsa uduşlu çıxacaqlar”.

İqtisadçının sözlərinə görə, mart ayında kəskin devalvasiyanın olacağı gözlənilmir:

“Doğrudur, bizdə bunun adını “üzən məzənnə” qoyublar. Baxmayaraq ki, bu siyasət üçün iqtisadi parametrlər yoxdur. Hər halda hökumətin yanaşması belədir. Mən kəskin devalvasiyanın olmasını gözləmirəm. İqtisadiyyat onsuz da çox ağır vəziyyətdədir və növbəti zərbəni qaldırmaq iqtidarında deyil. Amma həftə, ay ərzində manatın yumşaq şəkildə zəifləməsinin şahidi olacağıq”.

Gülşən RAUFQIZI


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi