Dünya şöhrətli yazıçı Q.Q.Markes özünün ən çox sevdiyi və yüksək dəyər verdiyi “Patriarxın payızı” romanından bəhs edərkən yazır ki, mənim daim axtarışında olduğum və yazmaq istədiyim əsər “Yüz ilin tənhalığı” yox, ““Patriarxın payızı” olub. Bu roman oxucudan müəyyən ədəbi hazırlıq tələb edir ki, məhz həmin bu cəhətinə görə bu əsəri çox yüksək qiymətləndirirəm”.
Eyni münasibəti xalq yazıçısı Anarın ötən əsrin 60-70-ci illərn əsrimizin ideya-məzmun axtarışlarını şərtləndirən və ona yeni dəyər gətirən “Ağ liman” povesti haqqında da demək olar. Həqiqətən də “Ağ liman” sovetlər dönəminin zor basqılarını yaşayan Azərbaycan insanının ədəbi qavrayış və münasibətindən müəyyən hazırlıq tələb edən ilk əsərlərdən biri, bəlkə də birincisi idi.
Məhz bu əsər Anarın daim axtarışında olduğu və yazmaq istədiyi “Ağ qoç, qara Qoç”, “Gözmuncuğu” kimi son dərəcə bitkin, dərin fəlsəfi-sosial mahiyyət daşıyıcısı olan əsərlərinin araya-ərsəyə gəlməsinə ilk vəsilə oldu.
Dünya ədəbiyyatı tarixində elə qüdrətli söz ustaları var ki, onlar yalnız şair, yazıçı, aşıq adı ilə anılır, xatırlanırlar. Ancaq bu müstəvidə elə insanların dərin hörmətə layiq adı var ki, onlar təkcə böyük sənətkarlar olaraq ictimaiyyət tərəfindən sevilmirlər; eyni zamanda da böyük şəxsiyyət, kamil insan kimi xalqın yaddaşına həkk olunurlar. Belə bir dəyərə sağlığında nail olan sənətkarları barmaqla saymaq olar. Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olmaqla yanaşı, Anar həm də böyük şəxsiyyət, unikal vətəndaş olaraq müstəsna mövqeyə malik həmin o azsaylı insanlardan biridir. Onun yaradıcılığı haqqında, bənzərsiz söz dünyası barədə dünyanın və ölkəmizin ən nüfuzlu, dövlət, elm, ədəbiyyat və mədəniyyət xadimləri dəyərli fikirlər söyləyiblər.
Anar bütün ömrü, yaradıcılığı boyu insanda insan oyatmaq mücadiləsində ön sırada dayananlardan biri olub və bu adam öz millətinə, sənətinə ömrü boyu böyük məhəbbətlə xidmət etdiyindən qarşılıqlı məhəbbət ummağa da haqlı olub. Deməyə, sübut etməyə ehtiyac yoxdur ki, Anar ömürlüyü, Anar fəaliyyəti, Anar yaradıcılığı ruhun, xarakterin, şəxsiyyət bütövlüyünün sevilməsinə doğru aparan yoldu. “Anar ömrü boyu cəsarətli yazıçı olub... Obyektivlikdən böyük cəsarət yoxdur - bu, onun xislətindəki milli yazıçı narahatlığı ilə bağlıdır. Anar həmişə qələmi ilə xalqının, tarixinin keşiyində durub”.
“Elə bir hal xatırlamıra ki, Anar öz qayğıları qeydinə qalaraq dostlarının, ictimaiyyətin, milli ədəbiyyatın, teatrın, kinonun, yetişməkdə olan nəslin, tələbələrinin taleyini, bütövlükdə maarifin qayğılarını bir dəqiqə unutmuş olsun” (Oqtay Mirqasımov).
“Hansı yerə düşür-düşsün, Anar mədəniyyətimizi ləyaqətlə təmsil edə bilər: heç bir çətin məqamda öz şəxsi mənafeyini, tərif, ad-san, mükafat həvəsini ümumi mənafedən üstün tutub, ədəbi vicdanıına sarı getməz” (Sabir Rüstəmxanlı)).
Onun haqqında mənsub olduqları millətin tarixində müstəsna xidmətləri olan Heydər Əliyevin də, Əbülfəz Elçibəyin də eyni fikir ucalığından qaynaqlanan qiymətli fikirləri var, bir çox görkəmli elm, sənət xadimlərinin də. Anara türkçülük simvollarımızdan olan Çingiz Aytmatov, Oljas Süleymanov qədirbilənliyindən, dəyərləndirməsindən nəzər salmaq daha doğru olardı.
Öz yaradıcılığında sadə, təvazökar insanların iç dünyalarında yaşatdıqları ağrı-acıları Anar son dərəcə həssaslıqla, məhrəm, yanımcıl bir yansıtmalarla ifadə edir və onun yaradıcı niyyətində həmişə müstəsna bir xeyirxahlıq, vətəndaşlıq qayəsi,vətənpərvərliyi ön planda olub. Bu istiiqamətdə yazıb-yaratdığı əsərlərin, eyni zamanda esse və məqalələrin sadəcə adlarını çəkmiş olsaq belə, çox uzun bir siyahı alınar. Və bu siyahının qapsadığı ümumi məzmunu bir araya gətirmiş olsaq gözümüz önünə heyrətamiz dərəcədə sənət cəfakeşi olan böyük bir sənətkarın obrazı gələr. Onun bütün yaradıcılıq və ictimai-siyasi fəaliyyətinin mündəricəsini sözün həqiqi mənasında insanda dərin qürur və rəğbət hissi oyadan böyük vətəndaşlığı qapsayır.
Bu sətirləri yaza-yaza unudulmaz Vaqif Səmədoğlunun son müsahibələrindən birində səsləndirdiyi fikirlər yadıma düşür;
Vaqif Səmədoğlu deyirdi ki, mən bir çox gərəksiz, adama üzqaralığı gətirən hərəkətləri məhz Anarın xatirinə etməmişəm. Bu cür fikirlər ağlımdan keçəndə Anar gəlib gözlərim önündə dayanıb. Heç vaxt Anardan keçə bilməmişəm.
Bizə elə gəlir ki, bir sənətkar - vətəndaş kimi Anarın gerçək həyatımızda, göz önündə olan varlığını ən böyük və ən dəqiq dəyərləndirməsi elə Vaqif müəllimin söylədikləridir.
Bu, şəxsiyyətə pərəstiş, sitayiş yox, ilk növbədə şəxsiyyətə heyranlığın, məftunluğun və minnətdarlıq duyğusunun ifadəsi, qədirbilənliyi, gerçək şəkilənməsidir. Bu baxımdan Anarın zəngin yaradıcılığı onun müdrik yaşamının, deyək ki, “Gecə düşüncələri”nin yaşandığıı aləmin dünyagörmüşlüyündən izlənməli, öyrənilməli və şəxsi həyatımıza təlqin edilməlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük qürur hissi ilə vurğulayırdı ki, Azərbaycan xalqının milli sərvəti və intellektual mülkiyyəti, eyni zamanda Azərbaycanın ədəbiyyatıdır, mədəniyyətidir: “Ona görə də biz müstəqil dövlətimizi boş yerdə qurmağa başlamamışdıq. Bizim iqtisadi potensialımız olduğu kimi, bir potensialımız da- intellektual potensialımız da vardır. Bizim potensialımız - ədəbiyyatımız, mədəniyyətimiz intellektual potensialımızın əsasını təşkil edir. Bunu yaradanlar var. Bunu yaradanlar bizim dahi insanlardır. Onlar bəşər mədəniyyətini əsrlərdən əsrlərə zənginləşdirən əsərlər ilə Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini yaradıblar”.
Dünya şöhrətli dahi siyasətçinin dərin qədirbilənliklə xatırlatdığı və intellektual potensialımızın əsasını təşkil edən mənəvi dünyamızı yaradan görkəmli söz, sənət ustalarımız həm də öz xüsusi özəllikləri - sənətkar şəxsiyyətləri, xarakter bütövlükləri ilə cəmiyyətin diqqət mərkəzində, maraq dairələrində olublar. Xalq öz ruhunun ifadəçisi olan sənətkarlarını həmişə iki aspektdən – şəxsiyyət və istedad prizmasından qəbul edib, meyar olaraq bu iki qütbdən dəyərləndirib. Sənətkar şəxsiyyəti və onun yaradıcı dühası həmişə qoşa qanad qismində tarixə yoldaşlıq edib. Haqlı bir münasibətdi ki, məsələ təkcə hər hansı bir sənətkarın yüksək istedada malik olmasında, bir neçə dəyərli əsər yazmasında yox, eyni zamanda onun “bəşəri problemləri, öz xalqının problemlərini incəliyinə qədər, dərindən anlamasında, mənsub olduğu xalqı ləyaqətlə, namusla təmsil etməsindədir.
Bu cür insanların, bu amalla yaşayıb fəaliyyət göstərən insanların arasında xalq yazıçısı Anarın xüsusi yeri var. Şəxsiyyət bütövlüyü və sabitliyini yaradıcı insan üçün başlıca meyar kimi qəbul edən görkəmli ədəbiyyatşünas alim Kamal Talıbzadə müşahidələrinə əsaslanaraq doğru olaraq qeyd edirdi ki, adətən sənətkarları əsərlərilə tanıyırlar. “Əsərləri onların şəxsiyyəti haqqında təsəvür yaradır”.
Eyni zamanda görkəmli ədəbiyyatşünas fərqində idi ki, bəzən də əksinə olur. Sənətkarın şəxsiyyəti onun yaradıcılığına maraq oyadır. Maraqlıdır ki, bir qayda olaraq ədəbiyyatşünas alimlərimiz Səməd Vurğun, Hüseyn Cavid, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Məmməd Araz, Söhrab Tahir, Nəriman Həsənzadə, Anar, Elçin, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı və başqa görkəmli şair və yazıçılarımızdan bəhs edərkən ilk növbədə onların şəxsiyyət bütövlüyündən və sənətkar qüdrətindən paralel şəkildə söz açırlar.
Xalq yazıçısı Anar doğru qeyd edir ki, əsl sənətkar yalnız özü-özünü sənət vasitəsi ilə tanıda bilər: “Doğrudur, bəzi istisnalar da olur, bu tapınma uzun illər, hətta əsrlərlə gecikə də bilər. Belədə dünyasını dəyişmiş sənətkar bundan xəbər tutmayacaq. Amma gec-tez məhz sənət əsəri – söz, mətn, rəsm, film, musiqi özünü təsdiq edir. Əks halda belə çıxardı ki, bir əsəri dünyaya tanıda biləcək tənqidçi, alim sənətkarın özündən daha böyük təsiretmə gücünə malikdir. Əlbəttə ki, sənətkarın şəxsiyyəti onun yaradıcı həyatının başlıca sütunu olmalıdır. Bəşər övladını əhatə edən aləmdə hər kəsə çox təbii və adi görünən elə xırda həyat faktları var ki, əsl sənətkarlar bu faktları güclü təsir vasitələri, şüalarla işıqlandırmalı və oxucu gözündə insan müqəddaratının təkrarolunmaz mənzərələrini yarada bilməlidir. Akademik Məmməd Arifin böyük şairimiz Rəsul Rza yaradıcılığından çıxış edərək söylədiyi kimi, sənətkarın böyüklüyü ilk növbədə düşüncəli sənət yarada bilməsində,fikrin poeziyasını sənətə gətirməsindədir. Xalq yazıçısı Anarın sənətkar və şəxsiyyət kimi tarixi yerindən bəhs edən tənqidçi alim Vaqif Yusifli dərin qədirbilənliklə bu görkəmli sənətkarın ömür yolunu səciyyələndirən istedad sözüylə yanaşı, altını xüsusi olaraq cızdığı şəxsiyyət sözünü də əlavə edir və yazır: “Anar şəxsiyyətdir! Ucada görünən, yeri billinən şəxsiyyət!”.
Hər bir yazıçı, təbii ki, ilk növbədə öz milli mühitinin məhsuludur. Lakin yer üzünün bütün tərəqqipərvər söz adamlarını, eləcə də Azərbaycan ədəbiyyatının görkəmli simallarını birləşdiirən ümumi bir cəhət var ki, bu da hər şeydən əvvəl humanizm, ədalət hissi, azadlıq və özünüdərk uğrunda mübarizə, milli təəssübkeşliyin öndə olması, “insanın insanlığın uğrunda mübarizədir”.
“Yazıçının bütün yaradıcılığı onun şəxsiyyəti ilə dünyagörüşünün özünəməxsusluğu, həyat təcrübəsi və nəhayət, onun bədii istedadının xarakteri ilə ayrılmaz surətdə bağlıdır” (Л.В.Шепилова. Воедине и литературоведение. Москва, 1956, ст.212).
Qabriel Qarsia Markesin fikrincə demiş olsaq, müsbət obrazda yazıçının yaxşı, mənfi obrazda pis cəhətləri öz əksini tapmış olur. “Obrazların hər birində yazıçının ürəyi, hissləri bu və ya digər şəkildə iştirak edir” (Писатели Латинской Америке о литературе. Моссква, 1982, ст.275).
Azərbaycan ədəbiyyatının şəxsiyyət etalonlarından biri olan Anar bu baxımdan təkcə yaradıcılığı ilə yox, həm də bənzərsiz xarakteri, şəxsiyyət özəllikləri ilə oxucu qəlbində dərin yer tapıb.
Səxavət Tağlar
Azərbaycan Respubliksaının Əməkdar müəllimi,
Yazıçı-publisist