Hazırda dünyanı cənginə alan terror təhlükəsi öz arealını genişləndirməkdədir. Türkiyədə başlanan teraktlar, Brüsseldən sonra Pakistanda günahsız canlar almaqda davam edir. Hadisələrin gedişində diqqət çəkən məqamlardan biri də PKK tərəfdarı olan və Azərbaycan universitetlərindən birində təhsil aldığı deyilən “Rojin daye” adlı Twitter istifadəçisinin öz səhifəsində İstanbulda törədilən terakta haqq qazandıraraq, “Ben de kendimi Baküde partlatmak istiyorum” yazısını paylaşması olmuşdu. Daha sonra həmin qız Azərbaycan xalqından üzr istəyərək Bakıdan deportasiya olunduğunu qeyd etmişdi.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mətbuat xidmətinin rəhbəri Arif Babayev məsələ ilə bağlı Modern.az saytına bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü deyib:
“Azərbaycan Respublikasının təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üzrə digər hüquq-mühafizə orqanları ilə birgə müvafiq, zəruri, qabaqlayıcı tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur”.
DTX rəsmisi “Twitter-in “Rojin daye” adlı istifadəçisi həqiqətən də ölkəmizdən deportasiya olunubmu” sualına cavab olaraq narahatlıq üçün hər hansı əsas olmadığını vurğulayıb:
“Daxil olan bütün məlumatların hamısı DTX tərəfindən analiz və təhlil edilir. Çünki, bizim başlıca vəzifəmiz Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunmasıdır”.
Gülşən RAUFQIZI