Uzun müddətdir parlamentin iclaslarında müzakirə olunan “Reproduktiv sağlamlıq haqqında qanun” layihəsinin bəzi bəndlərinə dəyişiklik olunub.
Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına açıqlamasında deyib.
Deputat “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin dini baxımdan etiraz doğura biləcək bəzi bəndlərinin çıxarıldığını deyib:
“İndi artıq o qanunda heç bir etiraz ediləcək yer yoxdur. Əsas ciddi etiraz doğuracaq məsələ cinsi hüceyrə ,donorluq məsələsi və surroqot ana məsələsi idi. İndi onlar layihədən çıxarılıb. Hətta Qafqaz Müsəlmanları İdarəsi də sənədə öz müsbət rəyini bildirib”
Musa Quliyev deyib ki, “Reproduktiv sağlamlıq haqqında qanun” layihəsi Azərbaycanın dini-mənəvi dəyərlərinə tam uyğun gəlir:
“Əgər Qafqaz Müsəlmanları İdarəsi buna etiraz etmirsə, “Papadan artıq katolik olmaq” da lazım deyil. Artıq bu məsələ ilə bağlı hər hansı bir etirazın məntiqi əsasını görmürəm”.
Qeyd edək ki, bu il fevral ayının 1-də Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin qəbuluna etiraz edərək, məsələyə bu cür münasibət bildirmişdi :
“Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm. Bu qanun layihəsində dinə zidd müəddəalar var. Allaha qarşı gələ bilmərik, amma kimsə bu qanun layihəsində Allahlıq edir. Həmin sənəddə Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan məsələlər var və onlar çıxarılmalıdır”.
Qanun layihəsinin dini baxımdan mübahisə doğuracaq hissələri çıxarıldığı üçün onun Səhiyyə komitəsinin iclaslarına və parlamentin plenar iclaslarında müzakirəsi gözlənilir.
Ağa AKİFOĞLU