Nədənsə əksər sənət adamları, xüsusilə musiqi sahəsində tanınan insanlar övladlarına müğənnilik, ifaçılıq peşəsinə yiyələnməyi heç cür rəva görmürlər. Bu zaman üzləşdikləri çətinlikləri, cəmiyyətin müğənnilik peşəsinə, müğənnilərə qeyri-səmimi yanaşmasını əsas səbəb kimi göstərirlər. Lakin müğənnilərdən fərqli olaraq, xanəndələrin ifa tərzi, davranış mədəniyyəti, səhnə libaslarının milliliyə yaxınlığı bir evdə bir neçə xanəndənin yetişməsinə yol açır.
Xalq artisti Alim Qasımov və onun qızı Fərqanə Qasımova Azərbaycanın muğam sənəti sahəsində özünəməxsus yer tutur.
Maraqlıdır ki, Alim Qasımov səhnədəki Qasımovlarla kifayətlənməyərək ailədə xanəndələrin sayının artırılmasını ürəkdən istəyir.
Xalq artisti Modern.az-a açıqlamasında deyib ki, nəvələrinin musiqi duyumu yüksəkdir.
“Bu səbəbdən də istedad varsa, onun qarşısını kəsməyə dəyməz. Oğlumun oğlu mənimlə deyişir. Bu uşaq azyaşlı olsa da, indidən xanəndə olmaq istəyir. Fərqanə xanımın da övladlarının səsi var. Amma bu səs məsələsi bir az xətalı məsələdir. Qoy bir az böyüsünlər, yaş üstünə yaş gəlsin. O zaman konkret fikir söyləmək olar”.
Xalq artisti adaşı olan nəvə Alim Qasımovdan danışarkən maraqlı məqamlara toxunub.
“Düzünü desəm, oğul nəvəm olan Alim Qasımovdan gözləntilərim var. O, mənim adımı daşıyır. Üstəlik, yeni Alim Qasımov gələcəkdə mənim yerimi tuta bilər. Bu sənətdə məni ötüb keçə də bilər. Düzdü, nəvəm Alimin hələ 3 yaşı var. O, gəlib muğam sənəti yolunda addımlarını atanda mən yox olacam. Amma nə qədər ömrüm olacaqsa, nəvəm Alimin xanəndə kimi yetişməsinə dəstək olacağam”.
Namidə BİNGÖL