Modern.az

Elmira Axundova MDB Parlamentlərarası Assambleyası Komissiyasının sədr müavini seçilib

Elmira Axundova MDB Parlamentlərarası Assambleyası Komissiyasının sədr müavini seçilib

20 İyun 2011, 15:58

İyunun 17-18 tarixlərində Tatarıstanın Kazan şəhərində MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, İnformasiya, Turizm və İdman məsələləri üzrə Daimi Komissiyasının səyyar iclası keçirilib. Həmin iclasda MDB-nin 10 ölkəsinin ali qanunvericilik orqanlarının nümayəndələri, Rusiya və Ukraynanın qanunvericilik sahəsində tanınmış mütəxəssisləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tatarıstan Muxtar Respublikasının Dövlət Şurasının (QosSovet) binasında keçirilən iclasda Azərbaycan Milli Məclisinin üzvü Elmira Axundova yekdilliklə adı çəkilən Komissiyanın sədr müavini seçilib. Komissiyanın bu səyyar iclası məhz Elmira Axundovanın  sədrliyi ilə keçirilib. Bu barədə Modern.az-a deputatın köməkçisi məlumat verib. 
        
MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, İnformasiya, Turizm və İdman məsələləri üzrə Daimi Komissiyasının iclasında bir sıra maraqlı model qanunlar qəbul olunub və MDB Parlamentlərarası Assambleyasının Plenar iclasına tövsiyyə olunub. Həmin qanunların sırasında “İnformasiya Məcəlləsi”, “Mədəni irs haqqında”, “Texnoparklar haqqında”, “İdman hazırlığı haqqında” qanunları və s. göstərmək olar. Yeri gəlmişkən, bütün bu qanunların müzakirəsi zamanı Azərbaycanın Milli Məclisinin təklif və qeydləri qəbul olunub. Elmira Axundovanın tövsiyyəsi ilə “Əqli mülkiyyət haqqında Qlossariy” (əqli mülkiyyət sahəsində mövcud olan anlayışlar haqqında ensiklopedik məlumat kitabçası) yenidən işlənmək üçün mütəxəssislərə göndərilib və bu sənədin müzakirəsi və qəbulu payız iclasına keçirilib. Elmira Axundova öz fikrini bununla əsaslandırıb ki, həmin sənədin işlənməsində əsasən Rusiya və Ukraynanın qanunvericiliyinə istinad olunub, halbuki, Qazaxstan, Belarus və Azərbaycanda da bu sahədə son illərdə mühüm təcrübə toplanılıb və həmin ölkələrin təcrübələrinin də bu mühüm sənəddə əks olunmasını təklif edib. Və bu təklif Komissiyanın üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Elmira Axundova və Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı daimi nümayəndəsi Aydın Cəfərov Tatarıstanda yaşayan Azərbaycan diasporasının çoxsaylı nümayəndələri ilə görüş keçiriblər. Azərbaycanda gedən müsbət iqtisadi, siyasi, mədəni inkişafdan geniş söhbət açılıb. Bildirilib ki, “Azərbaycan” adlı diaspor təşkilatının rəhbərliyi Tatarıstanın tanınmış hüquqşünası Qasımov Ziyafət İbiş oğluna həvalə olunduqdan sonra qurumun işində müsbət dəyişikliklər yaranıb. Tatarıstanın dövlət orqanları, o cümlədən parlamentlə sıx əməkdaşlıq edirlər. Diasporun “Odlar Yurdu” adında öz qəzeti nəşr olunur və azərbaycanlı uşaqlar üçün “Bazar günü məktəbi” fəaliyyət göstərir.
Diaspor nümayəndələri Tatarıstanın ictimai və iqtisadi həyatında mühüm rol oynayırlar. Onlar dövlət qurumlarında, istehsalat sahəsində və biznesdə yüksək səviyyədə təmsil olunurlar.

Bildirilib ki, yaxın aylarda Tatarıstan dövləti tərəfindən tikilən möhtəşəm Dostluq Sarayı adında bina istifadəyə veriləcək və Tatarıstanda təmsil olunan bütün diaspora təşkilatlarına orada geniş ofislər veriləcək. Azərbaycan nümayəndə heyətinin üzvləri söz veriblər ki, bu ofisi lazımi təbliğat materialları ilə təmin edəcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı