Modern.az

Məlahət İbrahimqızı: “Diaspor Komitəsinin fəaliyyəti dövlətin ona verdiyi dəstəyə uyğun gəlmir”

Məlahət İbrahimqızı: “Diaspor Komitəsinin fəaliyyəti dövlətin ona verdiyi dəstəyə uyğun gəlmir”

Parlament

3 Avqust 2011, 18:45

Torpaqlarımızın işğaldan azad edilməsində hər birimizin üzərinə konkret yük düşür. Ancaq bəzən elə görünür ki, bu məsələdə bir qatışıqlıq var. Sanki media ictimaiyyətin, ictimaiyyət hakimiyyətin vəzifəsini və s. yerinə yetirmək istəyir. Modern.az bu məsələ ilə bağlı media rəhbərləri, ictimai xadimlər və dövlət rəsmilərinin fikirlərini dərc etməkdə davam edir.

Budəfəki müsahibimiz Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızıdır.

- Məlahət xanım, sizə elə gəlmir ki, biz cəmiyyət olaraq torpaqlarımızın işğaldan azad olunması ilə bağlı o qədər də fəal deyilik. Bu sahədə media, cəmiyyət və dövlətin görəcəyi işlər də qarışıb...

- İyirmi ilə yaxındır ki, Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə bağlı ağır yükün altındadır. Hesab edirəm ki, bu məsələ ilə bağlı ictimaiyyət, media və dövlət arasında sistemli əlaqə yoxdur. Bunu deməklə mən nə medianı, nə ictimaiyyəti, nə də dövlət qurumlarını günahlandırmaq fikrindəyəm. Bilmirəm bəlkə bu, insanların, media nümayəndələrinin ümidsizliyiilə bağlıdır. Bu ümidsizlik dövlətin Qarabağla bağlı apardığı siyasətə qarşı deyil. Bu gün hər bir kəs, hətta ucqar dağ kəndində təhsili olmayan adi vətəndaş da bilir ki, beynəlxalq müstəvidə Qarabağ probleminin həlli ilə bağlı vasitəçiliyi ATƏT-in Minsk qrupunun həmsədrləri üzərinə götürüb. Azərbaycan dövlətinin başçısı isə bütün danışıq proseslərində xalqımızın iradəsini və arzusunu ifadə edir, qətiyyətli mövqeyini ortaya qoyur. Amma bu bir reallıqdır ki, nə qədər ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə bağlı açıq-aşkar mövqe göstərməyəcək, nə qədər ki, işğalçıya “işğalçı”, işğala məruz qalana “işğala məruz qalan” deməyəcək, bu məsələ belə də qalacaq. Umidsizlik də elə bununla bağlıdır. Kazan görüşü bir daha sübut etdi ki, danışıqlar prosesində tərəflərə bərabər status verilir. İşğala məruz qalan, vətəndaşlarının 1 milyonu qaçqın və məcburi köçkün düşən, 20 faiz torpağı işğal olunan bir ölkəylə bu günə qədər də işğalçı mövqeyindən əl çəkməyən, işğalçı ordusunu həmin ərazidə yerləşdirən və hər dəqiqə də cəbhə bölgəsində bizim mülki insanların həyatına bir təhlükə yaradan ölkə ilə bərabər tutulur. Buna görə də münaqişə bu günə kimi həll olunmur və həll olunmadıqca da... Belədə  Azərbaycan xalqında, ictimaiyyətində, mediasında bir ümidsizlik qalacaqdır. Bu gün hər kəs bilir ki, bu problemin həlli ilə bağlı bu üçlük cavabdehdir, məsuliyyət daşıyır. Amma bu üçlük indiyə qədər heç bir şey etməyib.
Düşünürəm ki, bu üçlük bundan sonra 200 il də fəaliyyət göstərsə, Qarabağ problemi ilə bağlı heç bir şey etməyəcək. Ona görə ki, bu üçlüyün üçü də - həm Rusiya, həm Fransa, həm də ABŞ ermənipərəst ölkələrdir. Deməli, faktdır ki, Azərbaycan Ermənistanla üzbəüz dayanmayıb, Ermənistan və onu dəstəkləyən dövlətlərlə üzbəüzdür. Bu dövlətlər üzdə problemin həllində beynəlxalq hüquq dilində danışsalar da, pərdə arxasında Ermənistanı müdafiə edirlər. Ermənistana dəstək verən ən böyük dövlətlərdən biri də qonşumuz, islam dövləti İrandır. Əlbəttə, bu özü də bir ayrı mövzudur. Təbii ki, problemin həllində daha çox həlledici güc Rusiyaya məxsusdur. Lakin Rusiyanın da mövqeyi göz qabağındadır. Hər dəfə möhtərəm Prezidentimiz səsləndirdiyi “Qarabağ probleminin həlli danışıqlar yolu ilə nəticə verməsə, müharibəni seçmək Azərbaycan xalqının konstitusion hüququdur” fikrindən sonra Rusiyanın yüksək səviyyəli rəsmiləri, xüsusilə də müdafiə sistemində olan çinovniklər işğalçıya dəstəkləyici müsahibələr verirlər.

- Amma qorxulu bir məqam da var. Nəsil dəyişir...

- Əlbəttə, iyirmi il bundan qabaq 50-60 yaşında olan insanlarımızın çoxusu dünyasını dəyişib. Yəni müharibəni gözü ilə görən şahidlərimiz tədricən həyatdan gedirlər. Əvəzində yeni nəsil yetişir. Biz 1941-1945-ci illər müharibəsini Qarabağ müharibəsi kimi həyacanlı yaşamamışıq. Babalarımız ölüb. Ailələrimizdən çox saylı itkilər vermişik, amma bizim nəsil o müharibənin dəhşətini görmədiyinə görə, o müharibəni müharibə kimi hiss etməyib. Yəni müharibəni kağızda, mətbuatda, filmlərdə görməyin təsiri ilə onun şahidi olmağın təsiri eyni deyil.
Gözümüzün qabağında Xocalı faciəsi baş verdi. Demək olar ki, bu gün Azərbaycanda hamının qohum-əqrabasında şəhid, qaçqın var, müharibə veteranı, əlil var. Bu, belə olduğu halda, bizim müharibə şahidlərimiz yavaş-yavaş dünyasını dəyişir, yeni nəsil yetişir. Yeni nəsil müharibəni görməyibsə, onun ağrı-acısını yaşamayıbsa, onu mətbuatdan, ağızlardan, filmlərdən bilirsə, onlarda vətənpərvərılik ruhu müharibəni yaşayan nəsillərdəki  kimi olmayacaq. Biz bu müharibənin yaddaşlarda həkk olunmasına nail olmalıyıq. Yəni yeni nəsil bu ruhda tərbiyə olunmalı, Qarabağın bir şərəf, ləyaqət məsələsi olduğunu bilməlidir.
Heç şübhəsiz ki, Qarabağla bağlı Ali Baş Komandan nə vaxt müharibə yolu seçəcəksə, onda hər bir vətəndaşımız müsəllah əsgər olacaq. Ancaq müsəllah əsgər olmaq təkcə hərbi forma geyinmək deyil. Azərbaycan vətəndaşının içində və ya bu günkü gənclərimizin mənəviyyatında Mübariz İbrahimov ruhu olmalıdır. Mübariz İbrahimovun qəhrəmanlığına qədər bizdə, bu günkü gənclərlə bağlı pessimiz hissi var idi. Amma Mübariz İbrahimov bizim pessimist ovqatımızı yaxşı mənada alt-üst etdi. Umumiyyətlə, mən çox optimistəm. Ancaq bu gün gənclər arasında vətənpərvərliyi, milli ruhu qaldırmaq üçün Mübariz İbrahimovları qurban verməməliyik. Bütün sahələrdə gənclərimizin vətənpərvəlik ruhunun qaldırılmasına nail olmalıyıq. Təhsilin bu mənada böyük rolu vardır. Ona görə də, mətbuatda, cəmiyyətdə  Qarabağ mövzusu hər gün, hər an aktual və əsas məsələ kimi gündəmdə olmalıdır.

- Məlahət xanım, sizdən öncə bu məsələ ilə bağlı müsahibələr götürmüşdük.  Belə qənaətə gəlmək olarmı ki, Azərbaycan cəmiyyəti  Qarabağ  mövzusu ilə bağlı yeterincə məlumatlandırılmır.

- Əlbəttə, Qarabağ məsələsi təkcə deputatın, jurnalistin, siyasətçinin və ya vəzifəli adamın məsuliyyəti olmamalıdır. Hər bir Azərbaycanlını 24 saat düşündürən bir problem olmalıdır.  Mübariz İbrahimov siyasətçi idimi...?
Demək istəyirəm ki, bu məsələni, hər kəs  bir nömrəli vətəndaşlıq və müqəddəs borcu kimi anlamalıdır. İnsanın övladı, ailəsi qarşısında borcundan, məsuliyyətindən də birinci bu olmalıdır. Ərazi bütövlüyümüz hər birimizin şərəf, ləyaqət məsələsidir.

- Döyüşçülərdən biri belə bir fikir söyləyib ki, bütövlükdə hər bir Azərbaycan kişisi Xocalıda ermənilər tərəfindən əsir götürülən Azərbaycan qadınını gerçək şəkildə öz anası, bacısı hesab etmirsə, problem həll olunmayacaq...

- Biz Xocalıda, Qarabağda əsir düşən girovlarımızı, vətəndaşlarımızı, insanlarımızı gücümüz çatan səviyyədə geri qaytarmağa nail olduq. Bununla bağlı dövlət qurumu var, davamlı və prinsipial fəalliyyət göstərirlər. Lakin bununla bağlı imkanlarımız məhduddur və bu problemlə bağlı məşğul olan beynəlxalq təşkilatların işi də yarıtmazdır. Bu məsələdə bizə beynəlxalq təşkilatlar kömək etməli idi. Amma çox təəsüflər olsun ki, bunların çoxu ikiüzlu, riyakar təşkilatlardır.

- Amma hətta Xocalı soyqrımının ildönümündə də restoranlarımız toy edir... 

- Mənim özümdə də şəxsən bəzən bununla bağlı ikili fikirlər olur . Gəlin təqvimə baxaq. Hər ay Azərbaycanın təqvimində faciəvi bir tarixi gün var. Məsələn, Yeni ilin əhval-ruhiyyəsini yaşamamış 20 Yanvar gəlir. Qurbanlar təkcə 20 yanvarda olmayıb ki, ayın 25-də, 28-də də olub. Biz o qara əhval-ruhiyyədən çıxmamış Xocalı soyqırımı günü gəlir. Xocalıdan çıxmamış mart soyqrımı, Kəlbəcər, Laçının işğal tarixi gəlir...
Nə bilirsiniz, bəlkə 100 və ya 200 il bundan əvvəl elə bu gün, avqustun ikisində daha dəhşətli hadisə baş verib. Xalqımızın sevinci də, kədəri də bizə məxsusdur. Burada ifrata varmaq olmaz. Lap ifrata varaq ki, 8 may Şuşanın işğalı günü qara yazılsın, 23 iyul Ağdamın işğal olunması günü və s. Onda biz niyə işğal olunmuş rayonları götürürük, elə işğal olunmuş kəndləri də götürək. Onda bizim 365 günümüzün hər biri matəm günü hesab olunmalıdır. Əlbəttə, bu mənim fikrimdir. Təbii ki, bunun ifratına varmaq olmaz.
Amma razıyam ki, həmin keçirilən tədbirlər barədə deyilənlərlə, biri var kütləvi tədbirlər olsun, biri var fərdi tədbirlər. Biz kütləvi əyləncə tədbirlərinə etiraz etməliyik. Biz bunu fərdiləşdirəndə heç vaxt alınmayacq. Kimsə övladının toyunu edir, eləsin, Allah xöşbəxt eləsin!!! Amma nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, kütləvi  tədbirlərimizin mahiyyətini ona yönəltməliyik.

- Müxalifətin yaratdığı İctimai Palata Qarabağla bağlı iqtidarın, müxalifətin, bütün cəmiyyətin bir yerdə müzakirəsini istəyr. Buna neçə baxırsınız?

- Mən düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı Qarabağla bağlı öz sözünü, düşüncəsini, fikrini deyə bilər, öz iradəsini ortaya qoya bilər. Müzakirə edirlər, etsinlər, hansı təşkilat keçirir keçirsin, nə qədər çox keçirilsə, bir o qədər yaxşıdır. Hətta rayon səviyyəli təşkilatlar da keçirsin. Bunun bir ziyanı yoxdur. Çünki Qarabağ məsələsi milli məsələdir. Məncə Qarabağla bağlı nə qədər çox müzakirələr, dinləmələr keçirilsə, müsahibələr verilsə, kitablar yazılsa, musiqilər, filmlər olsa, o qədər xeyirlidir.

- “Azərbaycan regionda ən inkişaf etmiş ölkədir” deyilir, amma ərazi bütövlüyümüzü təmin edə bilmirik. Burda bir paradoks yoxdur ki?

- Bilirsiniz, bu gün dünya qloballaşıb. Bu gün bir çox məsələlər, dəyərlər var ki, onlar qlobal dəyərlərə çevrlirib. Məsələn, artıq Ermənistanın Azərbaycana qarşı təcavüzü regional bir məsələ deyil, beynəlxalq səviyyədə həll olunmalı bir problemə çevrilib. Bu problemin həllində də beynəlxalq təşkilatlar və beynəlxalq güclər cəlb olunub. Heç kəsə də sirr deyil ki, beynəlxalq təşkilatlar və dövlətlər də öz maraqlarını təmin etməyə çalişırlar. Bu gün müharibə dünyada qəbul olunmur. Müharibə ilə torpaqlarımızı işğaldan azad edə bilərik, bu, Azərbaycan xalqının Konstitusiyada təsbit olunmuş hüququdur. Amma əvvəl də qeyd etdim, Ermənistanın arxasında hansı qüvvələr durur. Azərbaycanın bu gün 9 milyon əhalisi var, Azərbaycanın müdafiə xərcləri Ermənistanın dövlət büdcəsindən çoxdur. Amma onu dəstəkləyən ölkələr var. Biz müharibə aparcağıqsa, hansı qüvvələrlə qarşılaşacağıq, məsələ bundan ibarətdir. Bu gün biz  2-3 milyon və ac-yalavac əhalisi olan bir ölkə ilə müharibə etməyəcəyik, onun arxasındakı qüvvələrlə döyüşməli olacağıq.
Heç şübhəsiz ki, Azərbaycan regionda ən güclü ölkədir.

- Azərbaycanın üzləşdiyi ərazi bütövlüyünün pozulması beynəlxalq sənədlərdə düzgün əks olunurmu?

- Bütün nüfuzlu beynəlxalq təşkilatların sənədlərində BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyinin qərarlarında Ermənistan işğalçı kimi tanınır. Bütün sənədlərdə Ermənistanın işğalçı ordusunun qeyri-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması göstərilib. Azərbaycanın ərazi bütövlüyü tanınır. 1 milyon Azərbaycan əhalisinin qaçqın və köçkün olması göstərilib.  Hansısa beynəlxalq sənəddə Ermənistan-Azəbaycan-Qarabağ və yaxud Emənistan-Azərbaycan yazılsa da, konfliktin mahiyyəti birdir. Ermənistan və onun təcavüzkar ordusu, Azərbaycanın ərazi bütövlüyünə təcavüz edib.

- Qarabağla bağlı jurnalsitləri, cəmiyyətin aktiv hissəsini zaman-zaman bilgiləndirmək lazımdır. Deputat Azay Quliyev Xarici İşlər Nazirıliyində vaxtaşırı bu məqsədlə görüşlərin  keçirilməsini irəli sürüb. Sizin təklifiniz nədən ibarətdir?

- Həqiqətən, bu, çox vacib məsələdir. Bizim aparıcı media vaxtaşırı məlumatlandırılmalıdır. Həm danışıqlar hansı vəziyyətdədir, həm də beynəlxalq sənədlərdə, təşkilatlarda, harada nə müzakirə olunub…
Əlbəttə, elə məsələlər var ki, tam məxfi saxlanmalıdır. Təkcə bununla bağlı xəbərlərin veriləməsi kifayət deyil. Ona görə ki, bizim jurnalsitlər, media nümayəndələrimiz yəqin ki, xarici və eləcə də Ermənistan media nümayəndələri ilə internetdə əlaqədə olur. Onlarla bir polemikaya, diskussiyaya girəndə bizimkilərin Qarabağın tarixindən tutmuş bu günə qədər fundamental bilgiyə malik olduğu görsənməlidir. Bu, ilk növbədə Xarici İşlər Nazirliyinin vəzifəsidir. Təkcə Azərbaycan media nümayəndələri yox, Amerika, Avropa, Orta Asiyadan da daha çox bu gün Türkiyə mətbuatının, Türkiyə ictimaiyyətinin Qarabağla bağlı maarifləndirilməsinə çox böyükl ehtiyacı var. Bu sahədə ixtisaslaşmış, xarici dil bilən, peşəkar səviyyədə dünya media nümayəndələri ilə polemikaya girə biləcək jurnalistlər yetişdirməliyik. 
Türkiyə 75-80 milyonluq bir ölkədir, yəni biz öz problemimizi yetərincə tanıtmalıyıq. Turkiyə ictimaiyyıtinin bilgisi çox aşağıdır. Türkiyə demokratik bir dövlətdir və orada mediada ermənipərəst qüvvələr çox güclüdür. Onlar da bir sıra hallarda özlərinə uyğun rəy formalaşdırırlar. Bəzi hallarda türklər ermənilərin qondarma soyğırımla bağlı fikirlərinə də laqeydlik göstərirlər. Bilirlər ki, Amerika Türkiyə ilə onlara görə heç vaxt münasibətlərini korlaya bilməz. Biz Qarabağ probleminin Türkiyə mediasına, ictimaiyyətinə lazımı səviyyədə çatdırmalıyıq. Bilirsiniz, elə məsələ var ki, o məsələni vətəndaş  cəmiyyəti səsləndirməlidir, amma biz susuruq, Prezidentimiz bizim əvəzimizə deyir. Prezident görür ki, cəmiyyətdən səs çıxmır, cəmiyyət demir, məcbur olur özü deyir. Qarabağ problemi ilə bağlı cəmiyyəti, medianı maarifləndirmək Xarici İşlər Nazirliyinin borcudur və böyük məsuliyyət daşıyır.

- Məlahət xanım, belə bir düşüncə də var: bir azərbaycanlı deputat, müəllim, jurnalist, əsgər, məmur erməni deputatdan, müəllimdən, jurnalistdən, əsgərdən, məmurdan güclü olan zaman torpaqlarımız işğaldan azad olacaq...

- Əslində elə dövlətmizin gücü vətəndaşımızın gücüdür. Bayaq da qeyd etdim, xalq güclü olmasa, dövlət necə güclü ola bilər? Bizim dövlət regionun aparıcısıdır, bunu yalnız biz deyil, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər də etiraf edir. Azərbaycanın bölgələri qonşu ölkələrin deyil, hətta Avropa ölkələrinin şəhərləri kimi gözəldir.

- Bu məsələdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirmək olar? Bu sahə ilə bağlı narazılıqlar daha çoxdur.

- Bu gün dövlətimizin Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi dəstək, ayrıdığı vəsait, yaratdığı şərait onun fəaliyyətinin nəticələrinə uyğun gəlmir. 20 ilə yaxın müddətdir biz Qarabağ problemini yaşayırıq. Diaspor Komitəsinin xətti ilə Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı yetərli nailiyyətlər əldə olunmayıb. Heydər Əliyev Fondunun Rusiya nümayəndəsi tək öz fəaliyyəti ilə, “Xocalıya ədalət” kampaniyası ilə bütün dünyanı tərpətdisə, ayrı-ayrı böyük beynəlxalq qurumlarda bununla bağlı sənədlər qəbul etdirdisə, demək ki, bir təşkilatın filialı buna nail oldu. Biz bütün dünyanı əhatə edən Diasporla İş üzrə Dövlət Komitəsinin bu sahədə imkanlarından yetərincə istifadə etməmişik. Hesab edirəm ki, komitə bu istiqamətdə də çox böyük işlər görməlidir.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı