Şamaxıdan seçilən millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanın AŞPA-da
nümayəndə heyətinin üzvü Elxan Süleymanov qanunvericilik prosesi ilə bağlı Modern.az saytına müsahibə verib.
- Elxan müəllim, fikrinizcə, Azərbaycanda aparılan islahatların hansı sahəsi daha vacibdir?
- İlk növbədə sosial-iqtisadi və hüquqi islahatlarin, həmçinin təhsil və səhiyyə sistemində islahatların aparılmasını vacib hesab edirəm.
- Maraqlıdır, Milli Məclisin deputatı kimi daha çox nəyə diqqət yetirirsiniz, qanunvericilik prosesinə, yoxsa seçicilərlə işə?
- Təbii ki, qanunverici orqanın nümayəndəsi kimi qanunvericilik sahəsindəki fəaliyyət prioritet olmalıdır. Eyni zamanda millət vəkili kimi bu prosesdə iştiraka seçicilərdən mandat aldığım üçün seçicilərin problemlərinin öyrənilməsinə və həllinə diqqətlə yanaşmaq əsas borcumdur. Ümumiyyətlə bütün inkişaf etmiş ölkələrdə hesab olunur ki, deputatın əsas vəzifəsi seçiciləri ilə işləməkdir. Seçicilərimlə keçirdiyim görüşlərdə etdiyim çıxışlarda da dəfələrlə xüsusi olaraq vurğulamışam ki, mən qanunlar yazan millət vəkili olmayacam, mən seçicilərimin gündəlik problemləri ilə yaşayan, həmin problemlərin həll olunmasına bütün varlığımla çalışan millət vəkili olacağam. Bu prinsipdən çıxış edərək seçicilərlə, sıravi vətəndaşlarla işləməyə daha çox üstünlük verirəm. Millət vəkili seçildiyim ilk 6 ay ərzində keçirdiyim çoxsaylı görüşlər, seçicilərimlə etdiyim fərdi söhbətlər mənim bu qənaətimin doğru olduğuna bir daha əminliyimi artırıb. Onu da xüsusi olaraq qeyd etməliyəm ki, Azərbaycan qanunları bütün beynəlxalq standartlara cavab verir və bu mənada bizim əsas vəzifələrimizdən biri də həmin qanunların düzgün icrasına nail olmaqdır.
- Sizin ücün Milli Məclisdə qanunvericilik prosesində komitələrdə işləmək maraqlidir, yoxsa plenar iclaslarda iştirak etmək?
- Plenar iclaslarda iştiraka daha çox üstünlük verirəm.
- Elxan müəllim, fikrinizcə, vətəndaşlarla işdə ən vacib məsələ nədir?
- Ən vacibi millət vəkilinə müraciət etmiş vətəndaşın problemlərinə diqqət və qayğı ilə yanaşmaq, həssas münasibət göstərmək, məsuliyyət hissinin olmasıdır.
Hesab edirəm ki, sadaladığım bu məsələlər hər bir millət vəkilinin həyat kredosu olmalıdır. Ümumiyyətlə isə vəzifəsinin icrasına başlayan millət vəkillərinin deputat andı içməsi mütləqdir. Dünya ölkələrinin əksəriyyətində deputatlar mandat aldıqdan sonra parlamentin ilk iclasında təntənəli surətdə and içirlər və bu andiçmə mərasimi televiziya ilə yayımlanır. Millət vəkili ictimaiyyət qarşısında təntənəli surətdə vəzifəsinə vicdanla yanaşacağına, seçicilərin rifahı üçün əlindən gələni əsirgəməyəcəyinə, yalnız qanun və vicdanını rəhbər tutacağına dair söz verirsə, bu, xalq nümayəndəsinin üzərinə əlavə məsuliyyət qoymuş olur. Bizim hər birimiz seçildiyimiz regionda seçicilərin iradəsini ifadə edirik. Parlamentdə və xalq qarşısında and içməyimiz həm də ona görə vacibdir ki, seçici səs verdiyi millət vəkilinin verdiyi söz və içdiyi and müqabilində gördüyü işlərə, deputatın fəaliyyətinə və fəaliyyətsizliyinə qiymət verərək bu fəaliyyəti təhlil etmək imkanı qazanmış olur. Bu bütün dünyada qəbul olunmuş normadır.
Mən hələ seçki kampaniyası dövründə seçilmiş millət vəkillərinin parlamentin ilk iclasında deputat andı içməsinə dair təkliflə çıxış etmişdim. Deputat seçildikdən sonra isə ilk olaraq “Deputat andı haqqında” qanun layihəsini işləyərək Milli Məclisin Qanunvericilik Komitəsinə təqdim etdim. Təəssüf ki, təqdim etdiyim qanun layihəsi hələ də baxılmamış qalmışdır.
- Necə hesab edirsiniz, Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin keçirilməsi lazımdırmı?
- Mənim qənaətimə görə qanun layihəsinin Milli Məclisdə müzakirəsi başlamamışdan ən azı 3-6 ay əvvəl ictimai müzakirəyə çixarılması olduqca vacibdir. Bütün demokratik, sivil inkişaf yolu keçən ölkələrdə bu tip müzakirələr ən vacib prosedur kimi həyata keçirilir. Çünki, qəbul olunacaq hər bir qanun ölkə əhalisinin gündəlik həyatına bu və ya digər şəkildə təsir edir və bu baxımdan ictimaiyyətin qanunvericilik orqanında qəbul olunacaq hər bir qanun layihəsi barədə öz fikrini bildirmək və təkliflərini vermək imkanı olmalıdır. Bu müzakirələrdə KİV-lər xüsusi rol oynaya bilər. Şübhəsiz ki, hər sahə üzrə ayrı-ayrı mütəxəssislərin rəyləri də ciddi surətdə nəzərə alınmalıdır. Yalnız bundan sonra Qanun layihələrinin komitələrdə və nəhayət Milli Məclisin plenar iclaslarında müzakirələri keçirilə bilər. Belə üsulla qəbul olunmuş Qanunlar həm uzunömürlü olur, həm də həmin qanunların icrası zamanı problemlər yaşanmır.
Eyni zamanda hesab edirəm ki, ictimai müzakirələr zamanı ictimaiyyət nümayəndələri və həmçinin mütəxəssislər tərəfindən verilmiş səmərəli təkliflərin Milli Məclisin komitə və plenar iclaslarında keçirilən müzakirələrdə nəzərə alınmasına ictimai nəzarət mexanizminin formalaşması da çox məqsədəuyğun olardı.
- Sizcə, qanun layihələrinin müzakirələri harada keçirilməlidir-komitələrdə, yoxsa plenar iclasda?
- Hər ikisində. Hər bir konkret sahə üzrə mütəxəssislər də müzakirələrə cəlb olunmaqla əsas müzakirələrin komitələrdə keçirilməsi daha məqsədəuyğundur. Yuxarıda qeyd etdiyim fikrə bir daha qayıtmaq istəyirəm ki, hər bir qanun layihəsinin qəbulu ilkin olaraq ictimai müzakirələrdən keçməli, sonra isə mütəxəssis rəyləri də nəzərə alınmaqla ekspertlərin və mütəxəssislərin iştirakı ilə komitələrdə müzakirə olunmalı, müzakirələrin nəticəsi barədə mütləq ictimaiyyətə məlumat verilməli, nəhayət, plenar iclaslarda geniş müzakirələr aparılmalıdir.
- Tədqiqat mərkəzləri və QHT-lər tərəfindən verilmiş təkliflər əsasında qanun layihələrinin hazırlanmasını səmərəli hesab edirsinizmi?
- Ümumiyyətlə, hər bir inkişaf etmiş ölkədə demokratik dəyərlərin mövcudluğu həm də həmin ölkədə vətəndaş cəmiyyətinin rolu, QHT-lərin ölkədə gedən proseslərə təsiri və onların inkişaf dərəcəsi ilə ölçülür. Bu mənada Azərbaycan da inkişaf etməkdə olan sivil, demokratik və gənc ölkə olmaqla istisna təşkil etmir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafındakı uğurlar göz qabağındadır, amma ölkənin nüfuzlu və böyük QHT-lərindən birinin rəhbəri kimi deyə bilərəm ki, mövcud vəziyyət qənaətbəxş deyil. Təəssüflər olsun ki, bu tip məsələlərdə vətəndaş cəmiyyətinin rəyi nəzərə alınmır və bu da ümumi işimizə zərər gətirən amildir. Belə hal qanunların qəbulu zamanı verilən təkliflərin iqnor olunmasında da özünü göstərir. Hesab edirəm ki, qanun layihələrinin hazırlanmasında tədqiqat mərkəzləri və vətəndaş cəmiyyətinin təşkilatlanmış strukturları olan QHT-lər tərəfindən verilmiş təkliflər mütləq mənada nəzərə alınmalı, QHT-lərin verdiyi təkliflər ictimaiyyətə açıqlanmalıdır. Adları çəkilən qurumlar tərəfindən verilən təkliflər əssasında qanun layihələrinin hazırlanması və qəbulu səmərəli olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qanunvericilik prosesində iştirakını təmin edər.
- Deputat köməkçilərində vacib bacarıqlar hansılar olmalıdır?
- Çox təəssüflər olsun ki, bizim cəmiyyətdə sovet dönəmindən qalmış stereotiplərə görə ümumilikdə köməkçi postuna sıradan olan bir vəzifə kimi baxılır. Mən isə köməkçi vəzifəsini, xüsusilə də deputat köməkçisi vəzifəsini mühüm hesab edirəm. Hesab edirəm ki, bu vəzifədə çalışan şəxs olduqca hazırlıqlı və hərtərəfli dünyagörüşünə, xüsusilə də siyasi və hüquqi biliklərə malik, vətənpərvər, məsuliyyətli, əsl vətəndaş keyfiyyətlərini özündə daşıya bilən şəxs olmalıdır. Köməkçi sadə insanların həyatına bələd olmalı, onlara qayğı ilə yanaşmağı bacarmalı, onları sevməlidir.
Deputat köməkçisində vətəndaşlar tərəfindən edilən müraciətlərin, həmin müraciətlərdə qaldırılan problemlərin vaxtında və səmərəli araşdırılaraq təkliflər hazırlamaq və millət vəkilinə təqdim etmək bacarığının olması vacib şərtlərdəndir. Eyni zamanda bu vəzifəyə qeyd elədiyim keyfiyyətlərə malik olan 30-35 yaşa qədər gənclərin götürülməsini daha məqsədəuyğun hesab edirəm. Yaddan çıxarmamalıyıq ki, bu gənclər bizim kadr potensialımızdır və Millət vəkilinin köməkçisi qismində iş rejimi və vətəndaşlarla daimi təmasda olmaq həmin şəxslərin gələcək fəaliyyətlərində əhəmiyyətli baza rolunu oynayacaqdır. Deyilənlərlə yanaşı, köməkçi vəzifəsində işləyən şəxslərin aylıq məvaciblərinin artırılması və gördükləri fəaliyyətə adekvat olaraq qiymətləındirilmələrini də vacib faktor hesab edirəm. Təəssüf ki, bugünki millət vəkilinin köməkçisinin aldığı məvacib heç də yuxarıda sadaladığım kriteriyalara cavab verən bacarığı, savadı, işgüzarlığı özündə cəmləşdirən şəxsin tələbatına uyğun deyil.
Misal üçün ABŞ-da konqresmen və senatorların köməkçiləri xüsusi statusa malık şəxslərdir və olduqca geniş səlahiyyətlərə malik olmaqla ciddi məsələləri həll edə bilirlər. Bizimlə eyni geosiyasi məkanda olan Ukraynada da köməkçi vəzifəsinə yaxşı mənada fərqli münasibət formalaşıb. Bu yaxınlarda həmin ölkədə səfərdə olduğum zaman Ukrayna Radasının deputatı, AVRONEST-in rəhbərlərindən biri olan Boris Tarasyukla söhbətlərim əsnasında bu məsələ ilə əlaqədar maraqlı faktlar öyrəndim. Məlum oldu ki, Ukrayna Radası deputatının rəsmi olaraq məvacib alan 4 köməkçisi var. Bundan əlavə, Ukrayna deputatı ictimai əsaslarla daha 16 nəfər köməkçi təyin edə bilər və həmin köməkçilər də digər 4 köməkşi ilə bərabər statusa malikdirlər.
- Seçicilərlə ünsiyyətdə hansı formalardan daha çox istifadə edirsiniz?
- Hələ seçki kampaniyası dövründən seçicilərlə canlı ünsiyyətə üstünlük vermişəm və bu gün də bu üsulu ardıcıl olaraq davam etdirirəm. Gündəlik həyatlarında daima seçicilərimlə, sadə vətəndaşlarla birlikdə olmağa çalışıram. Deputatı olduğum Şamaxı rayonunda keçirilən əksər toy və yas mərasimlərində imkanım daxilində iştirak edirəm. Bir çox hallarda mənimlə görüşə gələ bilməyən əlillərin, yaşlı insanların evlərinə gedirəm. Ayda bir dəfə seçicilərim qarşısında gördüyüm və görməyi planlaşdırdığım işlər barədə hesabat verirəm. Deputat seçildiyim 6 ay ərzində Şamaxıda müxtəlif kütləvi tədbirlərin, xeyriyyəçilik və açılış mərasimlərinin, müsabiqələrin keçirilməsinə nail olmuşam. Mütəmadi olaraq görüşlər keçirməklə yeni il bayramında körpələri və ahılları, qadınlar bayramında rayon qadınlarını, analarımızı, qələbə bayramında müharibə veteranlarını və təşkilatçısı olduğum müxtəlif tədbirlərdə digər kateqoriyalardan olan seçicilərimi, sıravi vətəndaşları şəxsən təbrik etmiş, onlara hədiyyələr təqdim etmişəm. Bundan əlavə, Şamaxı şəhərində fəaliyyət göstərən Qərərgahımın qapısı daim bütün vətəndaşların üzünə açıqdır. Qərərgahda çalışan işçilər müraciət etmiş vətəndaşları qəbul edir, hüquqi yardıma ehtiyacı olanlara hüquqşünaslar tərəfindən məsləhətlər verilir, digər məsələlərin həllində müxtəlif köməkliklər göstərilir. Ötən dövr ərzində seçicilərim tərəfindən mənə 1500-dən artıq yazılı və şifahi müraciətlər edilib. Hər bir müraciətə qayğı ilə yanaşaraq mövcud problemlərin həllinə nail olmağa çalışmışam. Lakin bəzən buna nail olsam da, bir çox hallarda məndən asılı olmayan səbəblərə görə müraciət etmiş vətəndaşlara kömək etmək imkanım olmadığı səbəbindən mənəvi əzab çəkirəm. Məni incidən əsas məsələ isə bir çox hallarda mənə pənah gətirmiş vətəndaşların problemlərini həll etməyə borclu olan müxtəlif strukturların rəhbərlərinin onlara etdiyim müraciətlərə laqeyd, hətta tam etinasız yanaşmaları olur. Çox təəssüflər olsun ki, bir sıra məmurlar, hətta nazirlər və komitə rəhbərləri səviyyəsində etdiyimiz yazılı və şifahi müraciətlərə, telefon zənglərinə ümumiyyətlə cavab verilməməsi bir millət vəkili kimi məni seçicilərim qarşısında çıxılmaz vəziyyətdə qoymaqla yanaşı, həm də ümumilikdə deputat statusuna və Parlamentin işgüzar nüfuzuna xələl gətirir. Hesab edirəm ki, Parlamentin rəhbərliyi deputat statusunun artırılması istiqamətində ciddi işlər görməlidir.
Modern.az