Modern.az saytının məlumatına görə, sentyabrın 15-dən Milli Məclisin komitələri fəaliyyətini bərpa edib. Qurumun ilk plenar iclasına qədər hər bir komitə öz qanunvericilik işlər planını təsdiq edəcək.
İqtisadi siyasət komitəsi artıq qanunvericilik işlər planını təsdiqləyib. Buraya 12 sənəd daxildir. Bu barədə Modern.az saytına komitənin üzvü Əli Məsimli məlumat verib. O, qeyd edib ki, Yunanıstan, Çexiya, Serbiya və Ərəb Əmirlikləri ilə sazişlərlə yanaşı, bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər də komitənin işlər planına daxildir:
““İstehlakçının hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Sosial sığorta haqqında” qanunlara dəyişiklikləri də komitə təsdiqlənmək üçün plenar iclasa tövsiyyə edib”.
Aqrar siyasət komitəsindən isə bildirilib ki, onların işlər planına iki məsələ daxildir: ““Kənd təsərrüfatı kooperasiyaları haqqında” və “Mədəni bitkilərin genetik ehtiyatlarının modifikasiyası və səmərəli istifadəsi haqqında” qanun layihələrinə baxılacaq”.
Sosial siyasət komitəsinin qanunvericilik işlər planına isə 3 məsələ daxildir. Bunu Modern.az saytına açıqlamasında komitənin sədri Hadi Rəcəbli deyib. Onun sözlərinə görə, “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanun layihəsi də bu sıraya aiddir.
Regional məsələlər komitəsi isə əsasən bələdiyyələrlə bağlı məsələləri qanunvericilik işlər planına salıb:
“Eyni zamanda ərazi vahidlərinin adlarının dəyişdirilməsi məsələsi də var. Bu dəfə Azərbaycanda şəhər adları da dəyişdiriləcək”.
Elm və təhsil komitəsinin qanunvericilik işlər planı barədə isə deputat Kamilə Əliyeva məlumat verib: “İlkin olaraq yaz sessiyası dövründə komitənin fəaliyyəti barədə hesabat veriləcək. Azərbaycanla Belarus arasında diplomların tanınması ilə bağlı sənəd də bu sıradadır. “Elm siyasəti haqqında”, “Ali təhsil haqqında” qanun layihələri işlər planına aiddir”.
Modern.az