Jalə Əliyeva: “Himn çalınanda farağat vəziyyətində dayanıram, kimlərin oxuyub, kimlərin oxumadığına fikir verə bilmirəm"
Novruz Aslanov: "6 ildir parlamenti sessiyalarının açılışı və bağlanışında himni qürurla oxuyuram"
Milli Məclisin sessiyalarının açılışı və bağlanışı zamanı himn çalınarkən deputatların əksəriyyətinin onu oxumaması məsələsi Modern.az-da işıqlandırılandan sonra saytımıza zəng edən, şərh yazan oxucular bu sayğısızlığı qınayıblar. Deputatlar tərəfindən də redaksiyamıza xeyli zənglər daxil olub. Mövzunun əhəmiyyətli olduğunu nəzərə alıb digər millət vəkillərindən də məsələyə münasibət öyrəndik.
Deputat Jalə Əliveva Modern.az saytına bildirdi ki, bu həqiqətən də ciddi problemdir.
“Bu mövzuya toxunduğunuza görə sizi alqışlayıram və ilk növbədə təşəkürümü bildirmək istəyirəm. Bu məsələyə geniş mənada yanaşmaq istəyirəm. Bir dövlətin, müstəqil bir ölkənin var oluşu üçün və gələcəyinin təmini üçün çox əhəmiyyətli olan atributlar var. Dövlətin himni, gerbi, Konstitusiyası əhəmiyyətli atributlardır. Bir millət vəkili kimi seçicilərim, xüsusilə də yetişməkdə olan gənclərin, uşaqların qarşısına çıxanda bunu deməkdən yorulmuram ki, tariximizlə tanış olsunlar. Və tarixdən nəlumatlansınlar ki, tarixin sınağından o millətlər üzüağ çıxıblar və bu günə qədər yaşarlılıq qazanıblar, güclü dövlətə çevriliblər ki, onlar öz himnlərinə, bayraqlarına, dillərinə, prezidentlərinə sadiq olublar, ürəkdən seviblər”.
“Bunlar əsla və əsla pafos xarakterli sözlər kimi qarşılanmasın, bunlar bir həqiqətdir”-deyən xanım millət vəkili söylədi ki, uşaqlara vətəni sevməyi aşılamaq lazımdır.
“Hər zaman analara-atalara deyirəm ki, övladınıza sadəcə ana-ata sevgisi deyil, eyni zamanda vətənə segvigini də aşılayın. Ayağını basdığı torpağı, qarşılaşdığı insanları, oxuduğu məktəbi, hətta oturduğu partanı da sevməyi öyrətmək lazımdır. Eyni zamanda bunları ona təmin edən insanlara hörmətlə yanaşmağı, sevməyi öyrədin. Bu çox əhəmiyyətli məsələdir”.
J.Əliveya qeyd etdi ki, himnimiz bizim baş ucalığımızdır və dövlətin var olmağı deməkdir. Onun sözlərinə görə, himni oxumaqdan utanmaq, çəkinmək lazım deyil.
“O himni söyləməklə heç kim üç dəqiqənin içində nə müğənni olur, nə də sənətkar. Bu sadəcə ürəkdəki vətən sevgisidir. Əgər bizim bu günki sabit dövlətimiz olmasa, təbii ki, imza atdığımız uğurlar da olmazdı. Dövlətin möhkəmliyi əldə edilən uğurlardan asılıdırsa, uğurların da əsası dövlətin möhkəmliyindən və dövləti idarə edən insanın səriştəsindən asılıdır”.
J.Əliyeva deyir ki, valideyn himni övladına “ay ağıllı kuklam”ı öyrətdiyi zaman öyrətməlidir. “Sentyabrın 15-i deputatı olduğum rayonda dövlətin himayəsi ilə yeni məktəbin açılışı oldu. Orda himn oxunan zaman üzbə-üz duran insanlar gördülər ki, mən himni oxuyuram. İnsanlar sanki ona istiqamətləndilər, bəziləri söylədi, bəziləri isə yox. Çıxışımın sonunda qeyd etdim ki, “bir az sonra qırmızı lent kəsiləcək və bu gözəl məktəbi sizin balaların istifadəsinə veriləcək. Mən müəllimlərdən xahiş edirəm, ilk günün ilk dərsini baxmayaraq ki, biz indi burda söylədik yenidən siniflərdə himnin oxunmasına həsr edin və təbii ki, dövlətimiz haqqında onlara məlumat verərkən himnimiz haqqında da danışın. Və bilməyənlərə də öyrədin, özünüz oxuyun ki, uşaqlar da oxusunlar”. Rayondan Bakıya qayıdarkən Prezidentin 15 sentyabr günü yeni istifadəyə verilən məktəblərin açılışında iştirak etdiyini və şagirdlərlə himnimizi yüksəkdən oxuduğunun şahidi olduq. Bu bir daha göstərir ki, himni oxumaq lazımdır”.
J.Əliyeva bildirdi ki, Milli Məclisdə hər dəfə himn səslənəndə qürür duyur.
“Azərbaycan Respublikasının vətəndaşı olmağımın qüruru ilə üzüağ, alnıaçıq bu himni oxumağı özümə şərəf bilmişəm. Və bu gələcəkdə də belə olacaq”.
Millət vəkili bildirdi ki, Milli Məclisdə himn səslənən zaman kimlərin oxuyub, kimlərin oxumadığına fikir vermir.
“Himn çalınanda farağat vəziyyətində dayanıram, kimlərin oxuyub, kimlərin oxumadığına fikir verə bilmirəm. Amma ümumi ab-havadan hiss olunur ki, ümumu bir hissə söyləmir. Amma bunların icərisində yaşlı deputatların olub-olmadığını deyə bilmirəm”.
Deputat deyir ki, himni bilməyənlər mütləq onu öyrənməlidirlər.
“Atalar sözü var: bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Düşünürəm ki, insan hansı yaşda olursa olsun, əzbərləyib oxuya bilər, yetərki bunu ürəkdən qədul edə biləsən. Əgər bu gün himni oxumayan deputatların buna cavabı himni bilməməkdirsə, bu qəbuledilən deyil”.
Millət vəkili Novruz Aslanov da Milli Məclisin sessiyalarının açılışı və bağlanışı zamanı himni oxuyan deputatlar sırasındadır. N.Aslanovun sözlərinə görə, hər bir kəs, o cümlədən deputatlar himni oxumaqdan qürür duymalıdırlar: “Mən 6 ildir parlamentin üzvüyəm və hər dəfə himn çalınanda onun sözlərini böyük coşqu ilə söyləyirəm”.
Sədaqət Süleymanova