Bütün dünyada səhiyyədə maliyyələşmənin uğurlu bir modeli hesab olunan tibbi sığorta Azərbaycanda həyata keçirilmir. Baxmayaraq ki, Azərbaycanda “Tibbi siğorta haqqında” qanunun tətbiqi ilə bağlı hələ 30 dekabr 1999-cu ildə ölkə başçısı tərəfindən fərman verilib. Bəs qanun niyə icra olunmur, bu işdə kim günahkardır?
“Tibbi siğorta haqqında” qanunun tətbiqi ilə bağlı köklü dəyişikliklər olmalıdır. Bu barədə Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Onun sözlərinə görə, icra strukturlarında bu məsələ səbəbsiz olaraq ləngidilir.
Tibbi siğorta üçün bu il də vəsaitin nəzərdə tutulduğunu deyən H.Rəcəbli qeyd edib ki, məsələ mütləq öz həllini tapmalıdır:
“Üç ildir büdcədən səhiyyəyə bu məqsədlə vəsait ayrılır. Amma həmin vəsait xərclənmədiyindən ilin sonunda büdcəyə qayıdır. Budcə bizim ölkəmizin maliyyə qanunudur. Bu işi icra etməyənlər qanunu pozurlar. Qanunu pozanlar niyə cinayət məsuluyyətinə cəlb olunmasın? Bunu müvafiq instansiyalardan soruşmuşuq. Nazirlər Kabinetinin müvafiq strukturlarına bu sualı ünvanlamışıq. İndi ölkədə həkimin maaşının artırılmasından danışılır”.
Hadi Rəcəblinin sözlərinə görə, “Tibbi siğorta haqqında” Qanunun tətbiqi həkimlərin əmək haqlarının da artmasına səbəb ola bilər. “Həkimin maaşının artırmağın yollarından biri də budur”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirildi ki, tibbi sığorta məsələsi bu qurumun deyil, Nazirlər Kabinetinin səlahiyyətindədir.
Nazirlər Kabinetinin mətbuat xidmətyindən isə "biz bu məsələyə şərh vermirik" dedilər.
Maliyyə Nazirliyinin məlumatına görə, 2012-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın tətbiqinə 30,1 mln. manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, icbari tibbi sığorta tibbi sığortanın növlərindən biridir.
Modern.az