“Sağlamlığın qorunması haqqında” Qanunun təkmilləşdirilməsi istiqamətində müzakirələr gedir.
Bu barədə Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
O, qeyd edib ki, gələcəkdə səhiyyə, sağlamlıqla bağlı bütün qanunlar Səhiyyə Məcəlləsində cəmləşməlidir. Hadi Rəcəblinin sözlərininə görə, bu məcəlləni formalaşdırmağın vaxtı artıq yetişib.
Deputat sağlamlığın qorunması ilə bağlı qanuna biz neçə əlavə, dəyişikliklər edildiyini bildirib: “Buna baxmayaraq “Sağlamlığın qorunması haqqında” Qanuna yenidən baxmaq lazımdır. Bunun bir necə səbəbi var. Təsəvur edin ki, Azərbaycanda ərzağın keyfiyyətinə nəzarəti bir necə qurum həyata keçirir. Dünyanın bir çox ölkələrində ərzağa nəzarəti Səhiyyə Nazirliyi həyəta keçirir. Bunun üçün bizdə də səhiyyəyə bir qədər üstünlük verilməlidir. İndi biz bunun hüquqi bazasını fikirləşirik, necə edək ki, bunu huquq müstəvisində əsaslandıraq”.
H.Rəcəblinin sözlərinə görə, səhiyyə ilə sosial qurumlar bir yerdə işləməlidir ki, əlilliyin qarşısının alınması sahəsində iş görülsün: “Azərbaycanda “Duzun yodlaşdırılması haqında” Qanun nəticəsində endokirin xəstəliklər 3 dəfə azalıb. Ona görə bir sıra xəstəliklərin qarşısını almaq üçün ərzağın zənginləşdirilməsi vacibdir. Məsələn, dünyanın 135 ölkəsində unun tərkibi 5 xüsusu maddə ilə zənginləşdirilir. Çində təkcə bunun hesabına əhalinin boyu son 10 ildə 8 sm uzanıb. Azərbaycanda isə uşaqların boyu azalır, çəki aşağı düşür. 135 ölkədə əsasən un, süd, şəkər, düyü qanunla zənginləşdirilir. Dünyanın 135 ölkəsi edirsə biz niyə bunu etməyək”.
Modern.az