Modern.az

Millli Məclisdə QHT-ləri və KİV-ləri xaricə "donos" yazmada qınadılar

Millli Məclisdə QHT-ləri və KİV-ləri xaricə "donos" yazmada qınadılar

28 Oktyabr 2011, 14:35


Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov Milli Məclisin bu günkü iclasında hesabat verdikdən sonra millət vəkilləri müzakirələrdə ona bir sıra suallar ünvanladılar.

Modern.az saytının məlumatına görə, öncə millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə gücləndirilib. O qeyd edib ki, bu, dünyada qlobal problemdir.

“Amma məni bir məsələ maraqlandırır. Gerçəkilik odur ki, bu gün Azərbaycan qadınları ailədaxili məsələlərlə bağlı polisə müraciət etmirlər. Bu, milli mentalitetimizlə bağlı olan məsələdir. Mən soruşmaq istəyirəm ki, bu kimi məsələlərlə bağlı daxili işlər orqanlarında qadın polislərin sayının artıtırlması gözlənilirmi?”

Daha sonra deputat bildirib: “Əgər uşaq əməyinin istismarından danışırıqsa, bu gün Azərbaycanda orta səviyyəli məvacib alan birinin obyekti varsa, orada orta məktəb yaşlı uşaqlar satıcı işləyir və bu uşaq əməyinin istismarı deməkdir. Bu çox kütləvi hal alıb”.

Deputat Çingiz Qənizadə isə dünyada insan alverindən il ərzində 32 milyard dollar həcmində gəlir götürüldüyünü və bu iş üçün dünyadakı maraqlı qüvvələrin çalışdığını söyləyib.

“Beynəlxaql təşkilatların hesabatında Azərbaycan insan alveri ilə bağlı ikinci qrup respublikaların siyahısındadır. Hazırda beynəlxalq təşkilatlar Azərbaycandan ötürülən xəbərlərdə maraqlıdırlar və bizim bəzi qeyri-hökumət təşkilatlarımız beynəlxalq təşkilatlardan maliyyə almaq üçün doğru olmayan məlumatlar verir”.

Deputat Rəbiyyət Aslanova deyib ki, BMT-nin statistikasına görə, hazırda dünyada 12.4 milyon insanın əməyini istismar olunur.

“Azərbaycanı artıq Avropaya üzv ölkələr siyahısına salıblar, lakin bu ayrı-ayrı dövlətlərin marağında olan məsələdir və biz də eyni məsələni onlara qarşı qaldıraq. İl ərzində təkcə Amerikaya 50 min seksual zorakılığa məruz qalan qadın göndərilir və cinsi zorakılığa məruz qalırlar. Biz də onların gördüyü işi onlara qarşı yönəltməliyik. Onları ittiham etməliyik ki, onlar da bizə bərabərtərəfli danışsınlar”.

Deputat Siyavuş Novruzov çıxış edərək bildirib ki, insan alveri ölkədaxili məsələ deyil. Hər bir dövlət bu məsələ ilə bağlı mülahizəsini ortaya qoymalı, göstərməlidir.
“Azərbaycan bununla bağlı böyük işlər görür. O ki qaldı Azərbaycandan yanlış məlumatları ötürənlərə bu, onların xislətindən irəli gəlir. Onların Azərbaycanla bağlı yalan məlumatları beynəlxalq təşkilatlara ötürməsi ilə cibləri dolur”.

Millət vəkillərindən sonra çıxış edən spiker Oqtay Əsədov bildidb: “Sanki SSRİ dövründən çıxmışıq. SSRİ dövründə Moskvaya, indi də Avropa Şurasına və başqa qurumlara şikayət edirlər. Şikayət etmək sanki bizim xislətimizdir. Hesab edirəm ki, insan alverilə bağlı məsələdə Azərbaycanın ikinci ölkələr, yəni pis ölkələr siyahısına salınmasında özümüzün günahı daha çoxdur. Ona görə də daxili qüvvələrlə mübarizə aparmalıyıq. Azərbaycanla bağlı yanlış məlumatların beynəlxalq təşkilatlara, xarici aləmə ötürülməsinə yol verilməməlidir”.

Daha sonra daxili işlər nazirinin müavini Vilayət Eyvazov qaldırılan məsələlərə münsaibət bildirib. O, Məlahət İbrahimqızının sualına cavab olaraq qeyd edib ki, bu gün daxili işlər orqanlarında 2376 qadın çalışır.

“Qadınlara kişilərdən artıq şərait yaradılır, həm bayramlarda, həm işdən evə tez getmələri ilə bağlı... Bu gün Azərbaycanın daxili işlər orqanlarında qadın-kişi məhdudiyyəti yoxdur. Kimin harda işləməsinə heç bir məhdudiyyət qoyulmur”.

Nazir müavini deputat Fazil Mustafanın qaldırdığı məsələyə münsaibət bildirərək deyib ki, uşaq əməyinin istismarı ilə bağlı onlarda 500 fakt qeydə alınıb.
Azərbaycandan yanlış informasiyaların ötürülməsinə gəlincə, Vilayət Eyvazov belə məlumatların həm qəzetlərdəki yazılarla, həm də QHT-lər vasitəsilə ötürüldüyünü söyləyib.

“Bunları aradan qaldırmaq lazımdır. Xahiş edirəm həm QHT-lər, həm KİV rəhbərləri bu məsələdə diqqətli olsunlar”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı