“Bu gün hər bir evdə Konstitusiya varmı? Gənclərin, ümumiyyətlə hər bir Azərbaycan vətəndaşının Konstitusiyaya münasibəti necədir? Hesab edirəm bu məsələ ilə bağlı laqeydlik, biganəlik var. Ona görə də bəzən insanlarımız hüquq və vəzifələri ilə bağlı problemlərlə üzləşirlər”- deyə millət vəkili Elman Məmmədov bildirib.
Deputat ötən gün Azərbaycanda Bayraq gününün zəif qeyd edildiyini də bildirib: “Məni qayğılandıran məsələ odur ki, dünən Bayraq günü olmasına baxmayaraq dövlət qurumlarından başqa, heç bir yerdə Azərbaycan bayrağına rast gəlmək mümkün deyildi. Hesab edirəm ki, Azərbaycanda Bayraq günündə bütün evlərin eyvanlarından, şüşəbəndlərindən bayraqlar asılmalıdır. Bunun üçün ciddi işlər görmək lazımdır”.
Elman Məmmədov Dövlət Himnimizlə bağlı Milli Məclisdə məsələ qaldıracağını deyib:
“Bəzən insanlarımız Himn səsləndirilərkən yalandan dodaqlarını tərpədirlər. Ancaq Türkiyədə himnə münasibət adamı çox coşdurur. Niyə bizdə də belə olmasın… Himni harada oxumaq olar, necə oxumaq olar? Hesab edirəm ki, bununla bağlı boşluq var. Məsələni Milli Məclisdə də qaldırmaq istəyirəm. Bu, ciddi məsələdir və buna mütləq aydınlıq gətirmək lazımdır”.
Modern.az