Ermənistan işğal altında saxladığı Azərbaycan ərazisində yerləşən Xankəndi aeroportunu yaz aylarında işə salmağa hazırlaşır. Xocalıda yerləşən Xankəndi aeroportunun daha öncə- bu ilin may ayında fəaliyyətə başlaması nəzərdə tutulsa da, bu, baş tutmadı. Erməni tərəfi açıqlama verdi ki, aeropotun açılması texniki problemlərə görə uzadılıb.
Hazırda isə Xankəndi aeroportunun açılması məsələsi yenidən gündəmə gəlib. Belə ki, artıq aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib. Xatırladaq ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanuni olduğunu bəyan etmişdi.
“Xocalıda yerləşən Xankəndi aeroportunun Ermənistan tərəfindən istifadəyə hazırlanması bilavasitə beynəlxalq hüquq normalarının pozulmasıdır”.
Bu fikri isə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc məsələ ilə bağlı Modern.az saytına verdiyi açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, bu, aşkar şəkildə ölkəmizi provakasiyaya çəkmək üçün atılan addımdır. Ermənistanın uzun müddətdir ki, Qarabağı nəyin bahasına olur-olsun beynəlxalq hüquq sübyektinə çevirmək üçün müxtəlif vasitələri işə sal;b/
Millət vəkili qeyd edib ki, bunların sırasında xarici kompaniyaları investisiya qoyuluşu üçün Qarabağa cəlb etmək, buranın münbit şəraitdə olduğunu nümayiş etdirmək, həmcinin ayrı-ayrı beynəlxalq təşkilatlarda və ya xarici dövlətlərdə Qarabağın saxta diplomatik təsisatlarını formalaşdırmaq üçün həyata keçirdikləri planlar var.
Zahid Orucun sözlərinə görə, Xankəndində hava limanın olması ermənilər üçün bir sıra üstünlüklər qazandırır: “Erməni məntiqi bunu onlara deyir ki, həmin hava limanının işə salınması imkan verir ki, Qarabağ digər ölkələrlə uçuşlar həyata keçirsin, beləliklə, Azərbaycanın daxili məkanı olan Qarabağ bölgəsi başqa adla beynəlxalq xəritələrə, ucuş ünvanlarına və bu sahəyə bağlı şəbəkələrə düşmüş olsun. Beynəlxalq uçuşları tənzilməyən “Kiyota” sazişinin başlıca tələblərindən biri də ölkələrin bütöv halda əraziləri üzrə beynəlxalq tanınma nişanlarını müəyyənləşməsidir. Xəritələrin hamısında və yaxud da təyyarələrdə sərnişinlərə paylanan bələdçilik kartlarında Qarabağ Azərbaycanın ərazisi olaraq göstərilməkdədir”
Zahid Oruc bildirib ki, ermənilər “Ermənistanın bu məkirli planı həyata keçəcəyi təqdirdə Qarabağı Azərbaycandan kənarda göstərmək mümkün olacaq” düşüncəsində ola bilərlər.
Hava məkanının da Azərbaycan ərazisizin tərkib hissəsi olduğunu deyən millət vəkili vurğulayıb ki, bu halda Ermənistanın bu cür əməliyatlar həyata keçirməsi çox ciddi qanun pozuntusu sayılır:
“Su hövzələri, digər ərazilər kimi hava məkanı da Azərbaycanın sərhədləri icərisindədir və bu halda Ermənistanın bu cür əməliyyatlar həyata keçirməsi çox ciddi qanun pozuntusu sayılır. Şübhəsiz ki, Azərbaycanın buna ilkin reaksiyaları olub. Biz beynəlxalq vasitələri işə salacağıq və bu işləri daha güclü davam edəcəyik ki, heç bir halda Dağlıq Qarabağda açılacaq hava limanı Ermənistanı və ya Qarabağı xarici aləmlə birləşdirən bir məkana çevrilməsin”.
Millət vəkili hesab edir ki, Ermənistanın bu addımı hərdi gərginliyi artıracaq. Çünki, ermənilərin digər bir planı ondan ibarətdir ki, Azərbaycanı təxribata cəlb etsin: “Məsələn, hər hansı bir təyyarənin vurulacağı halda ermənilər dünyaya, xüsusilə də bu bölgəyə neytral və bir sıra hallarda məlumatsız olan dairələrə göstərəcəklər ki, Azərbaycan onların normal yaşama, təhlükəsizlik qaydada əməkdaşlıq planlarına qarşı çıxır. Belə demək mümkündürsə Azərbaycanı bununla elə bir vəziyyətdə qoymaq istəyirlər ki, biz beynəlxalq izahatlar vermək məcburiyyətində qalaq”.
Z.Orucun sözlərinə görə, Dağlıq Qarabağda atılan bu addımların Ermənistan-Azərbaycan sülh danışıqlarına və prosesinə ağır zərbə vuracağını bəyan etməliyik: “Çünki təmas xəttində, döyüş bölgəsində üzdə dayanan əsgərlər arasında hansısa bir neytral pozisiyanın mövcudluğu ilə yanaşı , hava məkanında obyektlər daha aydın görünür. Bu halda istənilən addımı atmaq mümkündür. Z.Oruc düşünür ki, belə olan təqdirdə proseslərin o məcraya getməməsi üçün Ermənistan bilavasitə məsuliyyət daşıyır. “Biz qarşıdakı dövrdə bütün diplomatik, iqtisadi, siyasi gücümüzü buna yönəldəcəyik ki, Dağlıq Qarabağla bu cür əlaqələr qurulmasın. Məlum olduğu kimi, Çinin Tayland problemi var, onlar da bu cür uçuşlar həyata keçirirdilər. Çin bu əməliyyatlarda yer alan dövlətlərlə siyasi münasibəıtlərini qırdı, diplomatik tanımazlıq halına gəldir”.
Z.Oruc hesab edir ki, Azərbaycan Qarabağla yaradılacaq bu cür təmasların ölkə sərhədlərinin pozulması faktını beynəlxalq aləmə təqdim etməyi bacaracaq. Millət vəkili eyni zamanda digər ölkələr kimi Azərbaycanın da hava məkanına daxil olan istənilən obyekti vurmaq hüququna malik olduğunu və Kioto sazişinin bu imkan verdiyini də xatırlatdı.
Sədaqət SÜLEYMANOVA