Modern.az

Bahar Muradova: “... əməkhaqlarının artırılmasına ehtiyac var”

Bahar Muradova: “... əməkhaqlarının artırılmasına ehtiyac var”

18 Noyabr 2011, 10:15

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova mətbuata açıqlamasında deyib ki, hərbçilərin, xüsusilə, cəbhə bölgəsində xidmət edən zabitlərin əməkhaqlarının artırılmasına ehtiyac var.
Vitse-spiker bildirib ki, növbəti ilin büdcəsində bu məsələyə yenidən qayıdılması məqsədəuyğun olardı:

“Bəzi millət vəkillərinin bu yöndə təkliflərini mən də dəstəkləyirəm və hesab edirəm ki, bu məsələ nəzərə alınmalıdır”.

B.Muradova eyni zamanda, parlament komitələrində büdcə müzakirələri zamanı bəzi millət vəkilləri tərəfindən Azərbaycanın xarici ölkələrdə Mədəniyyət Mərkəzlərinin açılması yönündə səslənən təkliflərə də toxunub.

Həmkarlarının bu təklifini də dəstəklədiyini və müsbət məqam kimi dəyərləndirdiyini qeyd edən B.Muradova bununla belə, onların maliyyələşdirilməsi məsələsinin dövlətin üzərinə qoyulmasının düzgün olmadığını bildirib:

“Mən də belə hesab edirəm ki, xarici ölkələrdə Mədəniyyət Mərkəzlərinin yaradılmasına və fəaliyyətinə böyük ehtiyac var. Bu, çox məqsədəuyğun bir məsələdir. Amma eyni zamanda, hesab edirəm ki, onların maliyyələşməsini müxtəlif layihələrin həyata keçirilməsi yolu ilə tənzimləmək olar. Bundan sonra isə onların maliyyələşməsini və idarəetməsini həmin xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin özlərinə həvalə etmək olar”.

Vitse-spiker həmçinin, qeyri-hökumət təşkilatı olan “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyinin maliyyələşməsinin dövlət büdcəsi hesabına olmasını məqbul sayır.

B.Muradovanın bildirdiyinə görə, Azərbaycan praktikasında indiyə qədər  bəzi qeyri-hökumət təşkilatı hesab edilən qurumların dövlət tərəfindən maliyyələşməsi halı var:

“Düzdür, bəzən biz haqlı olaraq bu İcmanın fəaliyyəti ilə bağlı tənqidi fikirlərimizi səsləndiririk, amma bununla yanaşı, şəxsən mən belə hesab edirəm ki, bu qurum bizim üçün çox əhəmiyyətli bir təşkilatdır. Ona görə bu qurumun daha səmərəli fəaliyyət göstərməsi üçün onun dövlət maliyyələşməsinə cəlb edilməsi çox vacibdir”, - deyə, vitse-spiker sonda qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı