Modern.az

Deputatlar ikinci köməkçi, amma ən çox da xidməti avtomobil istəyirlər

Deputatlar ikinci köməkçi, amma ən çox da xidməti avtomobil istəyirlər

Parlament

30 Noyabr 2011, 17:36

Milli Məclisdə fəaliyyət göstərən 125 deputatın hər birinin qanununvericiliyə uyğun olaraq bir köməkçisi var. Deputat köməkçisi vəzifəsi 2007-cı ilin fevralında yaradılıb və bu vəzifədə çalışanların aylıq maaşı hazırda 670 manat təşkil edir.

Bəzi deputatlar işlərinin asanlaşması üçün ikinci köməkçinin də ayrılmasını təklif edirlər. Məsələn, millət vəkili Elmira Axundovanın fikrincə, deputatları iki qrupa ayırmaq olar. Elələri var ki, onlar deputatlıqdan başqa, həm də vəzifə sahibləridir. Onların kifayət qədər köməkçiləri var. Ona görə də bu qəbildən olan deputatlar ikinci köməkçinin ayrılmasında bir o qədər maraqlı deyillər.
“Mənim kimi sıravi deputatların köməkçiləri rayonlarda olanda özümüz burada tək qalırıq. Məktub yazmaq, kiməsə zəng eləmək, harasa getmək, qanunvericiliklə məşğul olmaq, buna necə vaxt çatdırmaq olar?”.

Millət vəkili Çingiz Qənizadə bildirib ki, köməkçisinin işi onu qane edir.
“Amma deputat təkcə öz  köməkçisinə arxayın olmamalıdı. Əvvəllər deputat köməkçisi yox idi, hər iş millət vəkilin öz üzərinə düşürdü. Bu baxımdan belə hesab edirəm ki, deputat köməkçisi inistutunun yaradılması millit vəkilinin fəaliyyətini səmərəli edib”.

Ç.Qənizadənin fikrincə, ikinci deputat köməkçisinin təyinatı mümkün olsa, daha yaxşı olar.
“Hesab edirəm ki, deputat köməkçilərinin biri mütləq parlamentdə, millət vəkilinin yanında olmalıdı, digəri isə deputatın seçildiyi ərazidə, deputat üçün ayrılan ofisdə yaxud da qərərgahda oturub seçicilərin problemlərini dinləməlidi. Çünki deputat köməkçisi rayonda olanda şəhərdə iş çətin gedir, şəhərdə olanda rayonda iş çətin gedir. O baxımdan bir növ deputat köməkçisi bəzən yollarda qalır. Hər halda bu gün bir deputat köməkçisi ilə öz fəaliyyətimi tənzimləyə bilirəm”.

Ç.Qənizadə deyir ki, deputatın normal fəaliyyəti üçün xidməti minik avtomobilinin  olması da vacibdir.
“Nazirliklərdə şöbə müdirləri, şöbə müdirlərin müavinlərinə qədər avtomobillə  təmin olunurlar.  Amma 125 milət vəkilinin hələ də xidməti maşını yoxdu. Bu məsələnin üzərində düşünmək daha vacibdir. Çünki millət vəkili gün ərzində çoxsaylı tədbirlərdə olur. Bəzən şəhərin özündə bir gündə 3-4 tədbirə gedirik, parlamentə qayıdırıq, seçicilərlə görüşə gedirik və. s. Bu baxımdan hesab edirəm ki, millət vəkillərinin xidməti maşına və sürücüyə də ehtiyacı var”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyir ki, köməkçisi hüquqşunas olmadığından qanunvericiliklə bağlı məsələləri özü həll edir.
“Digər məsələlərdə mətbuatla bağlı, müəyyən tədbirlərin təşkil olunmasında deputat köməkçisinin müəyyən fəaliyyəti var.
Əgər təklif edilirsə ki, ikinci deputat köməkçi lazımdır, deməliyik ki, lazımdır. Köməkçimiz nə qədər çox olsa, işimiz bir o qədər yüngüləşər.
Amma inanmıram ki, indiki zamanda ikinci köməkçi ilə bağlı qərar verilsin. Ona görə də, ikinci köməkçidən daha çox, deputatın xidməti avtomobillə təmin olunması məsələsi üzərində düşünmək lazımdır. Çünki köməkçidən daha çox deputatın insanlarla ünsiyyəti üçün, seçicilərlə görüşü üçün, ayrı-ayrı bölgələrə səfəri üçün deputatın öz şəxsi minik avtomobili olmadıqda, hətta olduqda belə,  sürücü saxlamaq imkanı olmadıqda deputat çox böyük çətinliklərlə qarşılaışır. Ona görə bu problemin həlli məncə ikinci köməkçi məsələsinin həllindən daha aktualdır. İkinci deputat köməkçisi əsasən qanunvericilik və hüquqi xidmət məsələsində, xüsusilə də seçiciləri qəbul etmək məsələsində, deputata sənədləşmə işində, sənədlərin müvafiq qurumlara göndərilməsi və başqa sahələrdə köməklik göstərə bilər. Amma xidməti avtomobil mütləq vacibdir”.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı