Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Modern.az saytının məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxildir. Bugünkü iclasda Azərbaycan Respublikasının 2012-ci il üçün büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılacaq. Müzakirəyə çıxarılacaq sənədlərdən 4-ü büdcə zərfinə daxildir. Bunlar “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələridir.
Bundan başqa, deputatlar Milli Məclisin xərclər smetasını, Hesablama Palatasının smetasını, Vergilər Məcələsinə dəyişikliklə bağlı sənədi də müzakirəyə çıxaracaqlar.
Xatırladaq ki, parlamentin sonuncu iclasında Milli Məclis hökumətə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlament üzvləri tərəfindən səsləndirilən təkliflərin öyrənilməsi üçün 10 gün vaxt vermişdi. Budəfəki iclasda hökumət nümayəndələrinin deputatların təkliflərinə münasibət bildirəcəyi və büdcə zərfinin təsdiqlənəcəyi gözlənilir.
Milli Məclisin İqtisadi Siyasət Komitəsindən saytımıza bildiriblər ki, deputatların büdcə müzakirələri zamanı qaldırdıqları məsələlərin bir çoxu hökumət tərəfindən nəzərə alınıb.
Bu barədə Maliyyə Nazirliyində iş aparıldığı da söylənilir.
Qeyd edək ki, büdcə müzakirələrində 60-dan çox deputat müxtəlif təkliflərlə çıxış ediblər.
Modern.az