Modern.az saytı xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bir sıra deputatlar ali məktəblərin magistiratura pilləsində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi təklifini səsləndiriblər.
Deputatlar Əhməd Vəliyev, Qənirə Paşayeva, Jalə Əliyeva , Elmira Axundova, Tahir Rzayev və digərləri magistrlərə hərbi xidmətdən möhlət istəyiblər.
Qənirə Paşayeva bildirib ki, bu mütləq möhlət verilməlidir, çünki orduya savadlı gənclər lazımdır.
“Bizi təhsilli gənclər istəyirik, amma buna imkan yaratmırıq. Bu gün orduda xidmət edənlərin əksəriyyəti orta məktəbi bitirənlərdir. Az hissəsi ali təhsilli gənclərdir, ona görə də də orduda vəziyyət göz qabağındadır. Eyni zamanda, orta məktəblərdə keçirilən hərbi dərslərin hansı səviyyədə olduğu da məlumdur”.
Millət vəkilinin sözlərinə görə, bu məsələyə Təhsil Nazirliyi və Müdafiə Nazirliyi mütləq diqqət ayırmalıdır. Q.Paşayeva deyib ki, alternativ hərbi xidmətin qəbulu ciddi problemlər yarada bilər. “Müharibə şəraitində yaşayan Azərbaycanda alternativ hərbi xidmət ola bilir, amma magistraturada oxuyanlara iki il möhlət verilmir?”-deyə deputat soruşub.
Deputat Əhməd Vəıiyev də deyib ki, tələbələrə imkan yaradılmalıdır ki, təhsil alsınlar. Onun sözlərinə görə, universitetlərdə qadın müəllimlər üstünlük təşkil edir. Buna da səbəb oğlanların hərbi xidmətə aparılmasıdır.
“İmkan verilmir ki, oğlan tələbələr təhsil alıb, müəllim kimi fəaliyyət göstərsinlər. Yəni hərbi xidmətdən qayıtdıqdan sonra təhsili davam etdirmək mümkün olmur”.
Millət vəkili Elmura Axundova təklif edib ki, ailədə tək övladlar hərbi xidmətə aparılmasın. “Məsələn, ananın bir oğlu var. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq və əsgər gedən geri qayıtmaya bilər”. Ona görə də E.Axundova qanunu hazırlayan şəxslərdən xahiş edib ki, bu humanist addımı nəzərə alsınlar.
Deputat Mübariz Qurbanlı isə ali məktəblərdə hərbi kafedraların bərpa olunmasını istəyib. Onun sözlərinə görə, hərbi kafedralar bərpa olunsa, tələbələr orduda zabit kimi xidmət edə bilərlər.
Deputat Tahir Rzayev də təklif edib ki, tək övladlar döyüş bölgəsinə aparılmasın. Onların hərbi xidmət müddəti 6 və ya 9 aya endirilsin.
Millət vəkili Çingiz Qənizadə də tək övladların cəbhə bölgəsinə aparılmasının tərəfdarı olmadığını vurğulayıb.
Deputat Siyavuş Novruzov isə bildirib ki, bu il ali təhsil müəsisələrini bitinən 1700-1800 gəncdən cəmi 5-6-sı elm dalınca gedir. Magistiraturanı bitirən gənclərin əgsəriyyəti başqa sahələrdə iş axtarırlar. Tələbələrin elm sahəsinə maraq göstərmədiklərini deyən S.Novruzov müzakirəyə çıxarılan qanunun qəbulunun tərəfdarı olduğunu söyləyib.
“Magistratura təhsilin ikinci pilləsidir. Ona görədə hərbi xidmətə gedib, sonra təhsillərini davam etdirməlidirlər. Hərbi xidmətə getməklə savadsızlaşmaq olmur. Gedib kişilik məktəbini çəkmək lazımdır”.
Modern.az