Modern.az

Ziyad Səmədzadədən etiraz

Ziyad Səmədzadədən etiraz

14 Dekabr 2011, 13:40

"Razı ola bilmərik ki, gələcəkdə əhalinin 85-90%-i şəhərlərə üz tutsun"

Bu gün Milli Məclisdə üç komitənin birgə iclasında iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Tikinti və Şəhərsalma Məcəllələrinin bir məcəllə altında birləşdirilməsinə etirazını bildirib. Deputat deyib ki, tikinti başqa şeydir, şəhərsalma başqa şey.

“Onsuz da tikilən tikilib, sökülən sökülüb. Bundan sonra bununla bağlı məcəllələrin birləşdirilməsinə ehtiyac yoxdur”.

Məcəllə layihəsi barədə məlumat verən Milli Məclis Aparatının məsul işçisi Səyyad Kərimov sənədin dövlət başçısı tərəfindən parlamentə daxil olduğunu qeyd edərək, bildirib ki, belə bir məcəllənin qəbuluna böyük ehtiyac var.

Onun sözlərinə görə, əslində tikinti şəhərsalmanın bir hissəsidir, daha doğrusu şəhərsalmadan sonra gələn hissəsidir.

“Təəssüflər olsun ki, bu gün tikinti fəaliyyətinin ətraf mühitə təsiri məsələsi qiymətləndirilmir. Bununla bağlı ortalıqda hər-hansı bir hüquqi baza da yoxdur. Eyni zamanda onu da qeyd edim ki, bu gün Azərbaycanda tikinti işləri geniş vüsət alıb.

Ancaq həmin tikintidə istifadə edilən materialların və məmulatların standartlara, təhlükəsizlik qaydalarına cavab verib verməməsi məsələsi də bir qədər qaranlıq qalır. Çünki, bunların da normativ-hüquqi bazası ancaq normativ-texniki sənədlər səviyyəsindədir.

Bununla yanaşı bu məsələ insan hüquq və azadlıqları ilə bir başa bağlıdır. Orada ictimaiyyətin iştirakı və şəffaflığın təmin edilməsi də beynəlxalq öhdəliklərdən irəli gələn bir məsələdir. Bu baxımdan belə bir məcəllənin qəbuluna onların bir ad altında ortaya qoyulmasına ehtiyac var”.

S.Kərimov eyni zamanda qeyd edib ki, məcəllələrin birləşdirilməsi ilə bağlı İşçi Qrupu parlament rəhbərliyinin təşəbbüsü ilə yaradılıb. Onun qeyd etdiyinə görə ötən müddət ərzində geniş mütəxəssislər korpusundan formalaşdıran İşçi Qrupun üzvlər Almaniyanın, Avstriyanın və Litvanın analoji qanunvericilik təcrübəsi ilə tanış olublar.

“İşçi Qrupunun üzvləri analoji qanunvericilik təcrübəsini öyrənmək məqsədi ilə həmin ölkələrdə səfərdə olublar və məcəllə layihəsi hazırlanarkən bu təscrübədən yararlanıblar”.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin fikrincə isə bu gün rayonların planlaşdırılmasında ciddi problemlər var.

“Azərbaycanda təkcə bir-iki aran rayonu var. Onun planlaşdırılması hələ əvvəllərdən düzgün aparılmayıb. Bəs bundan sonra necə olacaq? Hesab edirəm ki, bu məsələyə ciddi diqqət yetirmək lazımdır”.

Komitə sədrinin bildirdiyinə görə, bu gün Azərbaycan əhalisinin 65-70% az qala şəhərlərin payına düşür.

“Belə getsə bir neçə ildən sonra ərzaq təhlükəsizliyi problemi meydana çıxa bilər. Eyni zamanda torpaq kadastrı məsələsi yarana bilər. Bu məsələlər mütləq diqqətə alınmalıdır. Biz heç cür razı ola bilmərik ki, gələcəkdə əhalinin 85-90% şəhərlərə üz tutsun. Bunlar ciddi problemlərə yol aça bilər. Bir daha qeyd edirəm ki, bu məsələlər çox ciddi diqqət tələb edən məsələlərdir və gələcəkdə nəzərə alınmalıdır”

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı