Modern.az

Deputat “Eurovision-2012”nin Azərbaycan üçün mədəni əhəmiyyətindən danışıb

Deputat “Eurovision-2012”nin Azərbaycan üçün mədəni əhəmiyyətindən danışıb

15 Dekabr 2011, 13:05

Bu il Azərbaycan üçün ən yadda qalan hadisələrdən biri “Eurovision-2011” Mahnı Müsabiqəsində ölkəmizin qalib gəlməsi oldu. 2012-ci ildə müsabiqəyə ev sahibliyini Azərbaycan edəcək. Bu yarışmanın ölkəmizdə keçirilməsinin siyasi, iqtisadi və mədəni cəhətləri xarakterikdir.

Modern.az-ın əməkdaşı “Eurovision-2012” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinin mədəni əhəmiyyətinin nədən ibarət olacağını Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyevadan soruşub.

Deputat deyib ki, “Eurovision-2012” Mahnı Müsabiqəsinin mədəni əhəmiyyəti ölkəmizin bütün dünyaya mədəni inkişafını nümayiş etdirməsindən ibarətdir.

“Təbii ki, bir neçə gün ərzində bütün dünyanın gözü Azərbaycanda olacaq və Azərbaycan bütün dünyaya mədəni və iqtisadi inkişafını bir daha nümayiş etdirə biləcək”.

Jalə Əliyevanın sözlərinə görə, “Eurovision” Mahnı Müsabiqəsi Azərbaycanda milli mədəniyyətin qorunması ilə bərabər, ölkəmiz dünyəvi mədəniyyətə açıq olduğunu, dünyəviləşməyə, qloballaşmağa hər zaman hazır olduğunu, tolerantlığa böyük əhəmiyyət verdiyini bir daha isbat etmiş olacaq.

“Təbii ki, bunlar ölkəmiz üçün çox əhəmiyyətli faktorlardır. Nəzərə alsaq ki, 20 ildən artıq bir müddətdir ki, haqısz olaraq torpaqlarımız işğal edilib. Sadəcə torpaqlarımız işğal olunmayıb və insanlarımız bu torpaqlardan qovulmayıb. Eyni zamanda, mədəni abidələrimiz, sərvətlərimiz də işğal edilib. Bu gün də ermənilərin sabah nələrə sahib olmaq istəyəcəkləri böyük sual altındadır, hələ heç kim bilmir.

Azərbaycanın ən qədim havası “Sarı gəlin” erməni şovinistləri  tərəfindən mənimsənilib və çox təəsüfləndirici haldır ki, ən yaxın bölgə qonşusu Rusiya telleviziyalarında “Sarı gəlin” erməni musiqisi kimi təqdim edilir. Bundan əlavə uzun əsrlərdən bəri onlar bizim milli mətbəximizə şərik çıxırlar. Təbii ki, heç kim heç nədən sığortlanmayıb. Sabah onlar daha nələrə şərik çıxmaq istəyəcəklər, bilinmir” deyə millət vəkili qeyd edib.

“Eurovision” Mahnı Müsabiqəsi vasitəsilə bir neçə gün ərzində milyonlarla insana müraciət etməynin mümkünlüyünü vurğulayan Jalə Əliyeva qeyd edib ki, bu yarışmanın gələn il Bakıda keçirilməsi Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılması deməkdir.

“Mən düşünərəm ki, Azərbaycan hər zaman bütün beynəlxalq tədbirlərdən alnıaçıq, üzüağ çıxdığı kimi, bu mötəbər tədbirdən də baş ucalığı ilə çıxacaq və bütün dünya ölkəmizin durmadan qüdrətlənməsinin bir daha şahidi olacaq”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı