Parlament jurnalistləri canlı debatların olmamasından təəsüflənirlər...
Dördüncü çağırış Milli Məclisin fəaliyyətinin artıq bir ili geridə qalıb. Bu bir illik fəaliyyəti dövründə parlamentdə müxtəlif müzakirələr aparıldı, qanun layihələri qəbul olundu. Dördüncü çağırış Milli Məclisin bir illik fəaliyyətini normal qiymətləndirənlərlə yanaşı, bunun əksini iddia edənlər də var.
Maraqlıdır, bəs parlamentin iclaslarını canlı izləmək imkanında olan jurnalistlər neçə fikirlərşirlər? Onlar üçün parlamentin bir illik fəaliyyəti dövründə nələr, hansı məqamlar yadda qaldı? Modern.az bu suallara Milli Məclisdə akreditasiya olunan jurnalistlərdən cavab istəyib.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı parlamentin bir illik fəaliyyətinin maraqlı olduğunu, müəyyən vacib sənədlərin qəbul edildiyini, bəzi qanunlara dəyişiklikərin yadda qaldığını deyri.
“Son bir ildə Milli Məclisdə mühüm sənədlər gündəliyə çıxarıldı, mühüm məsələlər müzakirə olundu. Jurnalistlər adətən qalmaqalı xoşlayırlar. Amma bizim üçün qalmaqallı bir şey olmadı. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun layihəsinin müzakirəyə çıxarılması mənim üçün maraqlıdır. Çünki bu qanun layihəsi uzun müddət gözlənilən sənəd idi. Düzdür, hərbi xidmətə çağırış yaşı, magistrlərə möhlət hüququnun verilməsi ilə bağlı müəyyən gözləntilər var idi, amma hələki bunlar baş verməyib. Neçə illərdir biz bu mövzunu işləyirdik, hər həftə bu məsələyə toxunurduq ki, hərbi xidmətlə bağlı nə gözlənilir...”. E.Muradlı üçün yadda qalan digər məqamlardan biri də gələn ilin dövlət büdcəsinin parlamentdə müzakirəsilə bağlıdır.
“Büdcənin dörd günlük müzakirəsi çox gərgin keçdi, əhəmiyyətli təkliflər oldu, amma onların müəyyən hissəsi nəzərə alındı. Bu da mənim üçün yadda qalan bir şey idi ki, heç olmasa, hökümətlə millət vəkilləri arasında qarşılıqlı dialoq mühiti oldu, deputatların müəyyən təklifləri sənədlərdə nəzərə alındı, müəyyən artımlar oldu. Bu da yaxşı haldır ki, parlamentin də fəaliyyəti büdcənin təsdiq olunmasında hiss olundu”.
“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu deyir ki, dördüncü çağırış Milli Məclisin hələ formalaşma dövründən onun işinin qaneedici olacağı ilə bağlı müəyyən şübhələri varmış.
“Çox təəssüf ki, bu şübhələr əsassız deyilmiş. Bir illik fəaliyyəti dövründə parlament o qədər də uğurlu fəaliyyəti ilə seçilmədi. Demək olar ki, müstəqil Azərbaycanın əvvəlki parlamentlərilə müqayisədə dördüncü çağırış Milli Məclisin fəaliyyəti çox zəifdir. Burada kifayət qədər tanınmış siyasət adamları, bir neçə dəfə millət vəkili seçilmiş şəxslər var. Onlar hər zaman olduğu kimi, bu bir ildə də öz fəallıqları ilə seçilib. Xüsusilə də Qənirə Paşayeva, Aydın Mirzəzadə, Zahid Oruc, Fazıl Mustafa, Qüdrət Həsənquıliyev, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Fuad Muradov, Bahar Muradova və digərləri bu çağırış dövründə də fəallıq göstəriblər, müxtəlif qanun layihələrinin qəbul olunması təklifilə çıxış ediblər”.
K.Həmzəğolu hesab edir ki, bundan əvvəlki parlamentlərdə də təmsil olunmuş, eyni zamanda dördüncü çağırış Milli Məclisə təkrar üzv seçilmiş və yaxud yeni seçilmiş millət vəkillərinin böyük əksəriyyəti onlara göstərilən etimadı doğrulmayıblar. Xüsusilə də yeni seçilənlər həm komitə iclaslarında, həm də mətbuatla təmasda qeyri-aktivlik nümayiş etdirirlər.
“Yeni seçilənlərdən Kamilə Əliyeva, Musa Qasımlı, Ceyhun Osmanlı, Sevinc Fətəliyeva isə aktivlik nümayiş etdirirlər və mətbuatla təmaslarına görə seçilirlər”.
Həmkarımız bir il ərcində keçirilmiş iclaslarda bir-iki dəfə qaynar müzakirələrin şahidi olub, digər yadda qalan hansısa məqamlar xatırlamır.
“Büdcə müzakirələrində əvvəlki çağırışlarda olduğu kimi aktivlik nümayiş olunmadı. Sadəcə hər zaman öyrəşdiyimiz millət vəkilləri bu müzakirələrdə də seçildilər. Bu gediş göstərir ki, dördüncü çağırış Milli Məclis qarşıdakı 4 ildə də xalqın maraqlarını təmin etməyə qadir olmayacaq. Hər halda, bunlar mənim subyektiv, şəxsi fikirlərimdir”.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli ötən ilki sessiyalara nisbətən bu dəfə çoxsaylı qanun layihələrinin müzakirəyə çıxarıldığını və qəbul olunduğunu bildirib. Onun sözlərinə görə bu qanunların əksəriyyəti ölkə iqtisadiyyatı və cəmiyyətimiz üçün vacib qanunlar olub.
“Eks-prezidentlər haqqında qanun və dövlət büdcəsinin qəbulu mənim üçün ən yadda qalan məqamlardan olub. Parlamentin bu ilki sessiyasını müsbət qiymətləndirirəm”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı Milli Məclisin 2011-ci ildəki fəaliyyətini qənaətbəxş hesab edir. Onun fikrincə, bu dövrdə millət vəkilləri üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirə biliblər.
N.Bayramlı qeyd edib ki, qanunverici orqan kimi Milli Məclis bir sıra mühüm qanunlar və qanunlara yeniliklər edib:
“Məsələn, əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməklə yüz minlərlə pensiyaçının təqaüdü təxminən 40 faiz artdı. Bu hadisə həmin insanları çox sevindirir. Belə misalların sayını daha da artırmaq olar. Amma mən bu il parlamentin beynəlxalq fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çox müsbət haldır ki, beynəlxalq əlaqələrini genişləndirən parlamentimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Millət vəkillərimiz beynəlxalq tədbirlərdə fəal iştirak edirlər, dövlətmizin maraqlarını yüksək səviyyədə qoruyurlar. Xüsusilə, ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələrin keçirilməsini də Azərbaycan nümayəndə heyətinin böyük zəhməti kimi qiymətləndirirəm. Eləcə də, NATO PA-da, AŞ PA-da, QDİƏT PA-da, MDB PA-da və digər beynəlxalq təşkilatlarda millət vəkillərinin əməyini qeyd etməliyik. Qarabağ məsələsi ilə bağlı beynəlxalq qurumlarda sənədlərin qəbul olunmasında təbii ki, deputatlarımızın da zəhməti az deyil”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev yeni parlamentin jurnalistika baxımından o qədər də maraqlı olmadığını deyir. Onun fikrincə, qəbul olunan qanun layihələri ilə bağlı ciddi mübahisələr müşahidə olunmur.
“Cari məsələlərin müzakirəsi də ya olmur, olanda da adətən çox sakit keçir. Bu bir il ərzində yadımda qalan yeganə maraqlı və müsbət məqam "Eks-prezidentlər haqqında" Konstitusiya Qanunun muzakirələri olub”.
“Azadinform”un əməkdaşı Mübariz Aslanov Milli Məclisin bir illik fəaliyyəti ilə bağlı ciddi yadda qalan hadisəni xatırlamır.
“Xüsusilə də nəzərə alsaq ki, bu il dördüncü çağırış Milli Məclisin ilk ili idi və ictimaiyyət qanunverici orqana daha çox diqqət yönəltmişdi. Amma bütün bunlara baxmayaraq, təbii ki, Milli Məclis işlədi və müəyyən qanunlara dəyişiklikllər edildi, müəyən qanunlar hazırlandı”.
M.Aslanov parlamentdə qəbul olunan qanunlar arasında daha çox yadda qalan və ictimaiyyətdə səs salan sənəd kimi eks-perzidenlərlə bağlı sənədi xatırlayır.
“Bu müddət ərzində Milli Məclisdə bir çox məsələlər qaldırılıb ki, onların bəziləri qanun halına salınıb, bəzirləri isə hələ də açıq olaraq qalır. Məsələn, ölkə başçısının ilin əvvəlində qanunsuz tikiliklərin sənədləşdirilməsilə bağlı göstərişi olsa da, hələ də parlamentdə bunun mexanizmi işlənib hazırlanmır. Baxmayaraq ki, il ərzində bu mövzu da daim gündəmdə olub.
Digər yadda qalan məsələ də bu günlərdə 16 yaşında olanların hərbi qeydiyyata alınması zamanı xəstə olanların dövlət hesabına müalicə olunacağı ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinə edilən dəyişikliklər oldu”.
“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy da hesab edir ki, Milli Məclisin bir illik fəaliyyəti bəzi istisnalar olmaqla sönük təsir bağışladı. Onun fikrincə, Milli Məclisdə iclaslar o qədər sönük keçib ki, hətta bir sıra hallarda parlament jurnalistləri iclasdan oxucuların marağına səbəb ola biləcək nələr yazacaqları barədə sualla qarşılaşıblar.
“Düzdür, parlamentdə əslində normada qanunvericilik məsələləri müzakirə olunmalıdır, burada sensasiya axtarmaq da məntiqli görünmür. Amma dünya praktikasından çıxış etsək, Milli Məclis fikirlərin toqquşduğu bir ünvan, meydandır. Burada da rəngarəng fikirlərə, müxtəlif prizmalardan yanaşmalara rast gəlməliyik. Çox az sayda deputatlar fərqli fikirlər söyləyiblər”.
E.Paşasoy parlamentdə fərqli fikir söyləyən deputatlara qarşı da münasibətin birmənalı olmadığını bildirir. Deyir ki, büdcə müzakirələri zamanı fərqli fikirlərin aşkar şəkildə hökümət nümayəndələri, bəzi iqtidar deputatları tərəfindən süngü ilə qarşılanmasını müşahidə edib.
“Hətta nazir oldu ki, reallığı görmək və ya uğurlara baxmaq, ölkədəki inkişafı görməkdən ötrü deputatlara eynək təklif etdi. Soyuq təhlillə çıxış edən iqtisadçı deputatların da fikirlərinə qarşı çox sərt və gözlənilməz reaskiya müşahidə etdik. Bu mənada parlamentin fəaliyyitinə uğurlu saya bilmərəm”.
Jurnalistin fikrincə, bir illik fəaliyyət müddətində Milli Məclisdə əslində ölkənin gündəminə təsir edə biləcək çıxışlar olmalı idi.
“Bir sıra hallarda parlamentdə hakim çoxluğun müzakirəsiz hansısa məsələlərin tezliklə səsə qoymasının şahidi olduq. Hətta yersiz ifadələr, çağırışlar da eşitdik. Yəni əslində mənim nəzərimcə parlament belə olmamalıdır. Deputat hesab etməməlidir ki, o gedib hansısa məsələyə səs verib qayıtmalıdır və yaxud yanaşı əyləşən həmkarından hansısa məsələyə səsvermə zamanı onun əvəzinə də səsverməli olduqlarını xahiş etməlidir. Bilmək lazımdır ki, Milli Məclisdə Azərbaycan qanunvericliyi, xalqın gələcəyi, taleyi ilə bağlı çox ciddi məsələlər müzakirə olunur”.
Bir çox deputatın ötən bir il müddətində səsini eşitməyən həmkarımız bunu onların təcrübə toplaması ilə əlaqələndirir.
“Bəzi istisnalar çıxmaq şərti ilə yeni seçilən deputatlardan heç birinin səsini eşitmədik. Hesab edirəm ki, bu bir il kifayət edər ki, özlərinin qarşısında hesabat versinlər və növbəti ildə artıq məsuliyyətlərini dərki edib ölkənin, xalqın, seçicinin problemlərinə həssaslıq nümayiş etdirsinlər. Heç olmasa, bir çoxları haram yolla mandat qazanırlarsa da, bundan sonrakı fəaliyyətləri ilə müəyyən qədər günahlarını yumuş olsunlar”.
APA-nın əməkdaşı Rəşad Süleymanov yeni parlamentin əvvəlkindən “səssizliyinə” görə fərqləndiyini bildirib. Onun fikrincə, bundan əvvəlki çağırış daha enerjili, qaynar və aktiv fəaliyyətdə olması ilə diqqəti cəlb edirdi.
“Ötən bir il ərzində Milli Məclisin rəhbərliyi tərəfindən aktiv deputatların fəaliyyətinin məhdudlaşdırılmasını müşahidə etdik. Oqtay Əsədovla Zahid Orucun mübahisəsi, Qüdrət Həsənquliyevlə parlament rəhbərliyi və yaxud Fazil Mustafa ilə parlament rəhbərliyi zəminində və digər bu tip hadisələrdə gördük ki, onların hər dəfə aktivliyinin qarşısını alınır”.
Həmkarımız hesab edir ki, hətta hər il aktiv müzakirələrilə seçilən dövlət büdcəsi layihəsinin qəbulu da sakit keçib.
“Hətta bəzi hökümət rəsmiləri müzakirələrdə heç parlamentdə də oturmadılar. Ümumiyyətlə, bu ilki parlamentin fəaliyyətini çox zəif qiymətləndirirəm və Milli Məclisdə qəbul olunan qanun layihələri arasında aktual qanun layihələri görmədim. Burada Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər istisnalıq təşkil edir”.
R.Süleymanov eyni zamanda Milli Məclisin mətbuat xidmətinin əməkdaşlarının fəaliyyətindən və onlara qarşı münasibətlərindən də narazı olduğunu vurğulayıb.
“Parlamentin mətbuat xidmətinin rəhbərliyini çıxmaq şərti ilə digər əməkdaşların jurnalistlərə qarşı ayrı-seçkilik etdikləri müşahidə olunur. Yəni bizi tədbirlərə, komitələrin iclaslarına çağırmırlar. Hətta orada bəzən jurnalistlərə elə səviyyədə yanaşırlar, elə bil jurnalistlərin onlardan hansısa asılacağı var. Bu da ötən bir il ərzində özünü göstərməyə başladı”.
“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev isə hesab edir ki, Milli Məclisin bir illik fəaliyyətini qənaətbəxş hesab etmək olar. O hesab edir ki, bu dövrdə insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində xeyli qanunlar hazırlanıb.
“Ancaq onların işlək qanuna çevrilmə prossesini müsbət qiymətləndirə bilmərəm. Ölkə əhalisinin Milli Məclisdən gözləntisi batmış əmanətlərin qaytarılması üçün 2012-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması idi. Amma yenə də bəhanələr gətirildi və pul ayrılmadı. Hətta maliyyə naziri Samir Şərifov deputatları əmin etdi ki, vətəndaşlara qaytarmaq üçün valyuta var. Sadəcə qanun yoxdur. Halbuki, deputatlar Əli Məsimli və Vahid Əhmədov belə bir qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim ediblər”.
Bir il ərzində digər yadda qalan məsələləri isə jurnalist belə sıralayıb.
“Parlamentdə Ombudsman və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator hesabat verdi. Rektorların böyük səy göstərməsinə baxmayaraq magistirlərə hərbi xidmət möhləti verilmədi. “Hərbi vəzifə və hərbi xidmət haqqında” yeni qanun layihəsi ilə bağlı ilk oxunuşda keçən gərgin müzakirələr yadda qalan oldu.
Bundan əlavə, bir illik fəaliyyəti dövründə Milli Məclisin xarici əlaqələri və beynəlxalq təşkilatlardakı iştirakını yüksək qiymətləndirirəm. Azərbaycan həqiqəqtələrinin dünyaya çatdırılması istiqamətində deputatlarımızın ATƏT PA-da, NATO, AŞ PA-da və digər qurumlardakı fəaliyyəti artıq nəticə verir”.
“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev hesab edir ki, dördüncü çağırış Milli Məclisdə əsas nəzərə çarpan iclasların nisbətən sakit, polemikalar şəraitində keçməsi olub. “Bununla belə, 2011-ci ildə cəmiyyət tərəfindən kifayət qədər müzakirə olunan qanunlar qəbul olundu. "İlin qanunu" mən "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Qanunu qeyd edərdim. Bundan əlavə, cəmiyyətin "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanundan bir çox gözləntiləri var idi. Məsələn, magistrlərə möhlət hüququnun verilməsi və s. Lakin bu baş vermədi”.
Bununla yanaşı, M.Əliyev ötən bir ildə Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Sosial siyasət komitələri tərəfindən böyük həcmdə qanun layihələrinin hazırlandığını qeyd edib.
“Xüsusilə bu sırada Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yol hərəkətinin nizamlanması ilə əlaqədar qanunvericiliyə silsilə dəyişilliklərini göstərmək olar. Lakin təəssüf ki, bütün həmin proqressiv qanunlar hələ ki kağız üzərində qalır”.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə də hesab edir ki, 2011-ci ildə parlamentin qəbul etdiyi ən mühüm qərar eks-prezidentlər və onların ailə statusunu müəyyənləşdirən qanundur.
“Bu bir tərəfdən Azərbaycan Konstitusiyasından irəli gələn tələbdir ki, belə bir qanun qəbul olunsun. İkinci bir tərəfdən də bu qanunun qəbulu həm də ədalətin bərpası üçün vacib idi. Çünki Azərbaycanda indiyə qədər 3 siyasətçi prezident vəzifəsini tutub və o vəzifəni tərk ediblər. Onlara və onların ailə üzvlərinə olan münasibətin müəyyənləşdirilməsi, dövlətin onların qarşısında götürdüyü müəyyən öhdəliklərin yerinə yetirilməsi baxımından bu vacib qanun idi”.
İmdad Əlizadənin sözlərinə görə, Milli Məclisin bir illik fəaliyyəti dövründə ikinci yadda qalan məsələ əvvəl qəbul olunmuş bir sıra qanunlara əlavə və dəyişiklərin edilməsi olub.
“Bu əlavə və dəyişiklər iki sahədə xüsusən daha çox edilib. Biri “Yol hərəkəti haqqında” Qanun və yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi, ikincisi isə “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişiklər və bu qanuna edilən dəyişiklərlə əlaqədar olaraq eyni zamanda Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişiklərdir.
Birinci sahədə daha çox yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq üçün cərimələr artırıldı. Bu, ekspertılər, mütəxəssislər tərəfindən də normal qəbul olunur. Amma “Dini etiqad azadlığı” haqqında Qanuna və ondan irəli gələrək Cinayət Məccəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklər heç də mütəxəssislər, ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Hətta bu dəyişiklər Azərbaycan Konstitusiyasında sərbəst təhsil almaq, sərbəst etiqad etmək prinsiplərinə zidd olub. Ona görə də mən fikirləşirəm ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişiklər mənfi dəyişiklərdir”.
Jurnalistin fikrincə, 2011-ci ildə parlamentin fəaliyyətində çatışmayan ən böyük cəhət siyasi debatların olmamasıdır.
“Parlament faktiki olaraq bu gün siyasət meydanı, siyasi debatların meydanı deyil. Düzdür, parlamentin əsas funksiyası qanun qəbul etməkdir. Eyni zamanda dünyada bunun ayrılmaz tərkib hissəsi debatlar hesab olunur. Amma Azərbaycan parlamentində hazırda belə siyasi debatlar yoxdur və parlament siyasət meydanı deyil”.
“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı fikirləşir ki, bir illik fəaliyyəti dövründə Milli Məclis ilk və yeni heyəti ilə Azərbaycan dövlətinin qanunvericilik sahəsində müəyyən qanunlar qəbul edərək cəmiyyətin rifahı və dövlətin gələcəyi naminə uğurlu addımlar atıb.
“Parlamentin iclaslarında dövlətin gələcəyi üçün məqbul olunan qanun layihələri qəbul olunub ki, bunların daha çox ictimai müzakirələrdən keçərək qəbul olunmasını istərdim.
Amma çox təəssüflər olsun ki, bu qanunlar komitələrin iclaslarında müzakirələrdən sonra qəbul olundu ki, bu da müəyən qədər ictimaiyyət və vətəndaşlar tərəfindən bir o qədər də yüksək qiymətləndirilmədi”.
Bir sıra millət vəkillərinin aktiv olmaması fikrinə də diqqət çəkən həmkarımız bildirib ki, onlar plenar iclaslardan fərqli olaraq, komitənin iclaslarında aktivlik nümayiş etdiriblər.
“Komitələrin iclaslarında iştirak edən həmkarlarımız bildirirlər ki, plenar müzakirələrdə susqun olan millət vəkilləri həmin komitələrin iclaslarında kifayət qədər aktivlik göstərirlər.
Mənim üçün maraqlı olan odur ki, Azərbaycan xalqının və dövlətinin maraqlarını ifadə edən qanunlar qəbul edilsin. Bu qanunlardan biri də məhz eks-prezidentlər haqqında sənəddir. Onun qəbulu və üçüncü oxunuşdan keçməsi Azərbaycanda insanlar, qruplar arasında münasibətlərin daha da yumşaq formaya salınması, barışcıl mövqeyə gətirilməsi baxımından vacib idi. Düzdür bu qanun layihəsinə qarşı çıxanlar oldu. Ancaq onlar fikirlərşməli idilər ki, bu qanun təkcə fərdlər üçün yox, bütövlükdə Azərbaycana rəhbərlik etmiş prezidentlərlə bağlı olan qanundur”.
“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli dördüncü çağırış Milli Məclisin fəaliyyətini qənaətbəxş hesab etmir. O düşünür ki, bu müddət ərzində parlament dövlətin məsuliyyətini bölüşən orqan olaraq bir çox işlər görə bilərdi.
“Ümumiyyətlə, indiki dövrdə Azərbaycanın Milli Məclisi hakimiyyətin müstəqil qolu olmadığını sübut edib. Son bir ildə də gözləyirdik ki, əmnanətlərin qaytarılması ilə bağlı bir addım atılsın, ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin durumuna həsr olunmuş, Qarabağla bağlı xüsusi müzakirələr aparılsın. Amma bunlar olmadı. Hətta parlamentin cəsarəti çatmadı ki, Azərbaycada güc nazirlərindən, o cümlədən müdafiə nazirindən hesabat istəsin. Milli Məclisin fəaliyyətində yeganə müsbət addım kimi mən eks-prezidentlərin statusu haqqında qanunu dəyərləndirə bilərəm”.
“Turan” İnformasiya Agentliyinin əməkdaşı Təranə Kazımova bir il müddətində Milli Məclisin öz rejimində işlədiyini, adi, gündəlik işlək qanunların qəbul edildiyini bildirib. Onun sözlərinə görə, dördüncü çağırış parlamentin fəaliyyəti müddətində fövqəladə, yadda qalan hadisə olmayıb.
“Adi qaydada, öz axarı ilə gedən prosesdə hər kəs öz işini görür”.
“Hürriyət” qəzetinin əməkdaşı Zülfiqar Hüseynzadə “hər şeydən öncə təəssüflə qeyd edilməlidir ki, Azərbaycanda parlamentarizm ənənələri formalaşdırmaq istiqamətində xeyli ləngimişik və görünür elə bu səbəbdən bu gün parlament ictimai gözləntiləri doğrulda bilmədi, qanunyaradıcı orqan kimi ona həvalə edilmiş konstitusion missiyanı daşımaqda çətinlik çəkdi” deyə qeyd edib.
Ancaq həmkarımız bu günki əlverişsiz şərtlər daxilində Milli Məclisin xeyli işlər görə bildiyini və bir sıra taleyeklü qanunların qəbulunu həyata keçirdiyini etiraf edir.
“Ümid etmək istərdim ki, növbəti ildə bu təsisat daha səmərəli fəaliyyət göstərəcək, ölkənin dünyanın mövcud standartlarıyla idarə olunmasını tənzimləmək üçün çoxsaylı qanunlar qəbul edəcək”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan bildirib ki, dördüncü çağırış Milli Məclisin ötən bir ildəki fəaliyyəti dövründə daha yadda qalan məsələ “Əmək pensiyaları haqqında” qanuna və Əmək Məcəlləsinə yaş senzi ilə bağlı dəyişikliklər oldu. Çünki büdcə təşkilatlarında çalışanlar, yəni 65 yaşı tamam olanlar bu dəyişiklikdən sonra işlərindən azad olunmalı idilər.
“Şəxsən mən bu dəyişikliyi müsbət hal kimi qiymətləndirirəm. Lakin burada təzadlı bir məsələ də var. Belə ki, hazırda Azərbaycanda pensiya yaşı 63 olduğu təqdirdə dövlət qulluğunda işləyənlərin yaş həddinin 65 yaş müəyyən olunması başa düşülən deyil.
Ötən dövrdə Ailə Məcəlləsinə qızların nikah yaşının 17-dən 18 yaşa qaldırılması ilə bağlı dəyişiklik də edildi. Amma mən bu müddəanın qəbulu ilə qızların erkən nikaha daxil olmasının qarşısının alaınacağını düşünmürəm. Qadını erkən yaşında və yaxud nikah yaşında nikaha daxil olmağa məcbur edənlərin cəzalandırılmasını nəzərdə tutan maddənin Cinayət Məcəlləsinə əlavə edilməsini isə geriyə atılmış addım kimi qiymətəndirmək olar. Vaxtilə də bu məsələ Cinayət Məcəlləsində var idi və müstəqillik illərində yeni Cinayət Məcəlləsi qəbul olunarkən bu maddə çıxarılmışdı. Yəni bu cür qanunlarla vəziyyətin dəyişəcəyini gözləmək reallıqdan uzaqdır. Hər şeydən öncə ölkədə insanların, ailələrin sosial, maddi vəziyyəti yaxşılaşmalıdır ki, deyilən sahədə müsbət dəyişikliklər baş versin”.
Aqil Aslan hazırkı çağırış dövründə “Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununun qəbulunu isə Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli addım hesab edir.
“Ümumiyyətlə, Milli Məclis dövlətimizin və xalqımızın maraqlarına cavab verən qanunlar qəbul etməlidir. Bəzən elə qanunlar qəbul edirlər ki, bu qanunlar hansısa oliqarxların, vəzifəli şəxslərin maraqlarını təmin edir. Məsələn, müvafiq qanuna dəyişiklikdən sonra dediyim şəxslər Xəzərin sahilini hasarlamağa başlayıblar. Təsəvvür edin ki, rayonlardan Bakıya gələn insanlar Xəzəri görə bilmirlər. Deputat Fazil Mustafanın Milli Məclisdə səsləndirdiyi bir fikri xatırlayıram. O deyirdi ki, “belə getsə Xəzəri Yalamadan Astaraya qədər hasarlayacaqlar və bununla Ginnesin Rekordlar Kitabına düşəcəyik”. Yeri gəlmişkən, Fazil Mustafanın bu sözlərini də dördüncü çağırış Milli Məclisin ilk bir ili dövründə səslənmiş ən maraqlı bir fikri kimi qiymətləndirmək olar”.
“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadovun fikrincə, bu gün Azərbaycan parlamenti ölkənin ictimai-siyasi proseslərinə o qədər də təsiretmə imkanlarına malik qurum deyil. Ona görə də parlamentdə səslənən fikirlər, orada qaldırılan problemlər ictimai həyatda öz əksini o qədər tapmır.
“Bu baxımdan orada bir sıra təkliflər, məsələlər qaldırılsa da, onların reallığa keçirilməsi mümkün deyil. Bir il ərzində bir çox deputatlar ölkənin milli problemləri, sosial-iqtisadi, siyasi vəziyyətin yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış etsələr də, bunlar reallaşmayıb. Bu baxımdan Milli Məclisin fəaliyyətini nə mənfi, nə də müsbət qiymətləndirmək olur”.
M.Bünyadov həmçinin qeyd edib ki, ötən dövr ərzində Milli Məclisdə bir sıra yaxşı qanunlar qəbul edilsə də, onların icrasında problemlər mövcuddur.
“Bu da parlamentin nəzarətinin, səlahiyyətinin az olması ilə bağlıdır. Amma ümumilikdə istər cari məsələlərin müzakirəsi zamanı, istərsə də qanunların qəbulunda azdan-çoxdan ölkədəki problemlərlə bağlı bəzi deputatlar çıxış edir və onların əməyini dəyərləndirməsək, insafsızlıq olardı”.
“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı bildirib ki, bir illik fəaliyyəti dövründə dördüncü çağırış Milli Məclisin tərkibi öz potensialını göstərməyib. O fikirləşir ki, ötən çağırış parlamentdə təmsil olunanlar indiki ilə müqayisədə öndə görsənir.
E.Eyvazlı bir illik müddətdə Milli Məclisin bütün iclaslarının yadda qalan olduğunu və normal işlədiyini qeyd edib.
“Qəbul olunan qanunlara gəlincə isə büdcə müzakirələri və eks-prezidentlərin statusu haqqında qanun layihəsi mənim yadımda qalanlar olub”.
Aytən ƏLİYEVA