Modern.az

Milli Məclisin iclas tarixindən - "Deputat ki, gedib kabab yeyib, kiminsə başına güllə çaxmadı, o nə deputatdır"

Milli Məclisin iclas tarixindən - "Deputat ki, gedib kabab yeyib, kiminsə başına güllə çaxmadı, o nə deputatdır"

Parlament

12 Yanvar 2012, 11:40


Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə uzaq və yaxın keçmişdə çoxlu simalar gəlib-gediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyədək seçicilərinin təmsilçisi olduqlarını iddia edən (əslində belə olmalıdır) simaları xatırlayın. Bu sırada kimlər olmayıb... Təbii ki, onların hər birini xatırlamaq mümkün deyil, həm də mümkündür. Çünki o vaxtdan bəri haradasa toplanan materiallarda kimin hansı iclasda nə dediyi silinməz olaraq qalır. Parlamentin iclas zalında nələr olmayıb? Əlbəyaxa dava da düşüb, ayağını yerə döyüb kiminsə əleyhinə çıxanlar da olub, bir-birini ən kəskin ifadələrlə məzəmmət edənlər də... Bir sözlə, zaman-zaman Milli Məclisdə əvvəlcədən planlaşdırılmayan, hərdən teatr səhnəsində müşahidə etdiyimiz epizodlarla rastlaşmışıq.

Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edəcək. Bəri başdan qeyd edək ki, Milli Məclisdə həm gülməli, həm də necə deyərlər ağlamalı olaylar olub. Biz həmin hadisələrə heç nə əlavə etmədən stenoqramı olduğu kimi dərc edirik....

Beləliklə,

1996-cı ilin may ayı:

Milli Məclisin iclasında “Deputat statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. İbrahim Qafarov (bəli belə bir deputat olub)  iclasa gələrkən avtobusda basabasa düşdüyünü və düyməsinin qırıldığını əsas gətirərək xidməti maşın istəyir:

- 40 min seçicinin deputatı orta səviyyədə yaşamalı deyil?

AMİP-in o vaxtkı sədri, həm də deputat Etibar Məmmədov həmkarının bu istəyinə belə “dəstək” verir:

- Seçicilərdən əlavə vergi tutulub deputatlara maaş verilməsi barədə qanun qəbul olunsun!

Yenidən söz alan İ.Qafarov maşın istəyini daha geniş izah edir:

- Bizə mütləq maşın lazımdır. Çox hörmətsiz vəziyyətə düşürük. Mənim paltomun düyməsi avtobusda qırılıb. Deputat heyəti dövlət səviyyəsindəki şəxslər arasında 5-ci səviyyədə durar? 20-ci səviyyədə duran “Mersedes”də gəzir, deputat zad da tapmır.

AMİP-çi deputat Nazim İmanov isə təklif edir ki, statusla bağlı qanunda deputatların fraksiyalarda birləşməsi imkanı nəzərdə tutulmalı, MM-in Daxili Nizamnaməsində bu haqda ayrıca fəsil olmalıdır.

O vaxt Milli Məclisin sədri olan Rəsul Quliyev parlamentdə fraksiya yaratmaq təklifini dəyərləndirir:

- Nahaq fikirləşirsiniz ki, fraksiya məsələsinin statusda öz əksini tapmaması nədənsə çəkinməkdən irəli gəlir, ümumiyyətlə, dünya parlamentlərində bu çəkidə (AMİP-i nəzərdə tuturdu) fraksiya yoxdur.

Spiker əleyhinə olduğunu həm də belə əsaslandırırdı:

- Ona görə ki, YAP fraksiyası yaransa, mən də onun başında duracağam və MM-in iclası artıq o fraksiyada keçəcək. Mən bunu sizin xətrinizə edirəm ki, Azərbaycan parlamenti demokratik imicini itirməsin.

Rizvan Cəbiyev spikerdən soruşur:

- “90 minə necə yaşayırsan” sualı versələr, nə deyək?

R.Quliyev:

- Onu düz deyirsiniz. Mənə də belə sual veriblər, qəzetdə cavab vermişəm. Demişəm ki, bəli, aldığım maaş mənə çatmır. Amma çoxundan fərqli olaraq mən həqiqəti deməyi bacarıram. O vaxt izah etmişəm ki, mənim 20 ixtiram var. Ümumiyyətlə, mən Azərbaycanda 20 il müddətində ən yüksək maaş alan şəxs olmuşam. 20 ixtiramın 4-ü indi də xaricdə işləyir. Amma bəli, bu suala cavab vermək çətindir. Səhərdən deyirlər ki, o imza atan 78 nəfər Azərbaycanın ən ac adamlarıdır. Belə səhvə yol vermək olmaz. Onlarin içərisində lap belə varlıları da, çox qeyri-düz olmayan işlərlə məşğul olan adamlar da var. Bura mitinqə yığışmamışıq, Milli Məclisdir. Gərək, real məsələlərdən danışasan.

Fəzail Ağamalı təklifləri qüvvətləndirmək üçün bir-bir onları sadalayır:

- Birinci, deputat büdcə hesabına hər ay orta əməkhaqqının 10 misli qədər (700 min manat) maaş alır. İkinci, deputatın təhlükəsizliyi üçün şəxsi silah verilsin. Üçüncü, deputata öz səlahiyyətlərini həyata keçirmək məqsədilə zəruri hallarda bir nəfər köməkçi götürmək hüququ verilsin.

Mikayıl Mirzə mikrofonsuz deyir:

- Deputat ki, gedib kabab yeyib, birinin başına gülləni çaxmadı, o nə deputatdır?

Spiker:

- Düz deyirsən, deputat vura bilməsə də, “pomoşniki” vurar.

Alternativ layihə müəlliflərinin təklifinə görə, qanunda 15 nəfərlik deputat təhqiqat qrupunun yaradılması barədə ayrıca maddə olmalıdır. Lakin sədarət təhqiqat qrupunun 30 nəfərlik sayda qəbul edilməsinin tərəfdarıdır. Bu təklif səsvermədə keçmir. 15 nəfər təklifi səsə qoyulur, yenə alınmır. Sayla bağlı üçüncü təklif verilir:

- 25 nəfər. Bu dəfə yetərsay olmur.

Onda Məzdək Hüseynov deyir:

- Gəlin hamımız həyatda bir dəfə rastlaşdığımız rəqəmə - 21-ə, “oçko”ya səs verək.

Spiker:

- A kişi, lağlağıya qoymayın. Mən sizdən xahiş edirəm, 30 nəfər təklifini bir də səsə qoyuruq. Səs verməsəniz, qurtardı, ümumiyyətlə, bu layihəni layihədən çıxaracağıq.

Bu dəfə də məsələnin lehinə 83 nəfər səs verməyəndə sədr deyir:

- Bu dəqiqə zəng edərik, Fuad Quliyev (o vaxt baş nazir, həm də deputat idi), daha iki nəfər gələr, düyməni basar, qurtarar gedər.

E.Məmmədov fraksiya yaratmaq hüququnun statusda öz əksini tapmasını yenidən təklif edir:

- Rəsul müəllim, dünən dediniz ki, fraksiya məsələsi qəbul olunarsa, onda YAP birləşər və bu iclaslara ehtiyac qalmaz. Doğrudur, ancaq onlar birləşib qərar çıxara bilsə, ehtyac qalmaz. Sizin də qorxunuz ondandır ki, siz (yəni YAP) həmin qərarı çıxara bilməyəcəksiniz. Birləşməyin mümkün olmamasının bariz nümunəsi bu Məclisdir. Eyni partiyandansınız, ancaq bir fikrə gələ bilmirsiniz.

Sədr:

- İki gündür qorxu nöqtələrimin axtarışı mənim üçün çox maraqlıdır. Başa düşmürəm, YAP üzvləri içərisində mənə xüsusi müxalif kimdir ki, onlarla birgə qərar qəbul edə bilmirəm? Mən istəmirəm ki, siz belə sadə yolla müəyyən bir şeyə nail olasınız. Əgər belə olsa, siz mübarizliyinizi itirəcəksiniz.

Mikayıl Mirzə:

- Mən neçə vaxtdır Ramiz Mehdiyevin qəbuluna düşə bilmirəm. Onun bir köməkçisi var. 50 yaşında mən o sifətdə adam görməmişəm. Təklif edirəm: aparatda işləyib deputat olan şəxsləri Milli Məclisə qəfəsdə gətirək.

Azər Hüseynbala

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR