Modern.az

Milli Məclisin iclas tarixindən - Komissiya sədri: "Bəlkə şuluq salan deputatları MTN-nin zirzəmisinə göndərək..."

Milli Məclisin iclas tarixindən - Komissiya sədri: "Bəlkə şuluq salan deputatları MTN-nin zirzəmisinə göndərək..."

Parlament

18 Yanvar 2012, 11:58

Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə uzaq və yaxın keçmişdə çoxlu simalar gəlib-gediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyədək seçicilərinin təmsilçisi olduqlarını iddia edən (əslində belə olmalıdır) simaları xatırlayın. Bu sırada kimlər olmayıb... Təbii ki, onların hər birini xatırlamaq mümkün deyil, həm də mümkündür. Çünki o vaxtdan bəri haradasa toplanan materiallarda kimin hansı iclasda nə dediyi silinməz olaraq qalır. Parlamentin iclas zalında nələr olmayıb? Əlbəyaxa dava da düşüb, ayağını yerə döyüb kiminsə əleyhinə çıxanlar da olub, bir-birini ən kəskin ifadələrlə məzəmmət edənlər də... Bir sözlə, zaman-zaman Milli Məclisdə əvvəlcədən planlaşdırılmayan, hərdən teatr səhnəsində müşahidə etdiyimiz epizodlarla rastlaşmışıq.

Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bəri başdan qeyd edək ki, Milli Məclisdə həm gülməli, həm də necə deyərlər ağlamalı olaylar olub. Biz həmin hadisələrə heç nə əlavə etmədən stenoqramı olduğu kimi dərc edirik....

Beləliklə,

1996-cı il may:

Mayın 14-də keçirilən iclasda Milli Məclisin Daxili Nizamnaməsinin və “Deputat statusu haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilir. Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Zakir Zeynalov hər iki layihənin ümumi müddəalarını şərh edir. Bir qrup deputatın təqdim etdiyi alternativ layihədə deputatların maddi cəhətdən təminat məsələsi öz əksini tapıb. Həmin sənəddə qeyd edilir ki, hər bir deputat rabitə vasitələri və avadanlıqlarla təmin edilmiş ayrıca otaqla təmin edilir. Spiker Rəsul Quliyev bunu qeyri-real istək hesab edir. Deputatın mülkiyyət hüququna gəldikdə, sədr deyir ki, mülkiyyət hüququ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi başa düşülməməlidir:

- Malı mala qatmayın! Azərbaycanın hər bir vətəndaşına vauçerlər də veriləcək. Gedib aksiya da ala bilərsiniz. Aksiya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil. İmkanın varsa, get Azərbaycanın yarısını al.

Nizamnamədə şuluqluq salan depuatalara cəza tədbirləri də öz əksini tapır. Alternativ layihədə -tənbeh formaları kimi bir ay müddətinə sözdən, Məclisin 1-5 iclasında iştirak hüququndan məhrum etmək və xəbərdarlıq nəzərdə tutulur.

Milli Məclis katibliyinin layihəsindəsə belələrini əməkhaqqından məhrum etmək və iclas salonundan çıxarmaq nəzərdə tutulurdu.

Komissiya sədri Z.Zeynalov:

- Avropa ölkələrinin əksəriyyətində bu növ qadağalar nəzərdə tutulur. Amma bizim keçmiş Məclisin çox gözəl bir qaydası vardı. Şuluq salan deputatlar MTN-nin zirzəmisinə göndərilirdi, yəni məktəbdəki kimi qaranlıq otağa. Bəlkə elə bu ənənə davam etdirilsin?

Alternativ layihə müəlliflərinin fikrincə, büdcə hesabına deputata hər ay orta həyat səviyyəsini təmin edən əməkhaqqı və səlahiyyətlərin yerinə yetirilməsi üçün əlavə haqq ödənilməlidir. Deputatın 5 illik dövlət sığortası nəzərdə tutulur, köməkçi götürmək hüququ verilir, onun nəqliyyatda pulsuz gediş-gəliş və avtomobillə təminat hüququ var.

R.Quliyev:

- Haradan tapılacaq o maşınlar? Ümumiyyətlə, mənə elə gəlir ki, bu Məclisi başdan-ayağa televiziya ilə göstərməliyik.

Qərib Məmmədov:

- Bunu adı olub özü olmayan nazirliklərin hesabına həll etmək olar. Lazımsız Nazirlər Kabinetinin qabağı avtomaşın parkına oxşayır.

Mikayıl Mirzə (mikrofonsuz):

- Gözümüzün qabağında imarətlər yaradılır... Rəsul müəllimə böyük hörmətimiz var. Deyir ki, televiziyada göstərək. Bəs televiziyanı kimə göstərək? İcazə verin, alternativ televiziya yaradaq, birbaşa Babək Hüseynoğlunu Azərbaycan xalqına göstərək!

“Burada oturanlar hamısı millət oğlanlarıdır”

Statusla bağlı alternativ layihədə nəzərdə tutulan müddəaların qəbul olunması üçün ən çox canfəşanlıq edənlərdən biri Rza İbadovdur. O, Rəsul Quliyevlə də yola getmirdi. Bu dəfə Z.Zeynalova müraciət edir:

- Mən xahiş edirəm, bir komissiya sədri, hüquqşünas, millət vəkili, bir Zakir müəllim kimi deyin: burada 78 deputatın verdiyi layihə müzakirə olunmalıdır, ya aparatın hazırladığı? Buna səs verməyəcəklər. 78 nəfər qol çəkib. Burada oturanlar hamısı kişidir, hamısı millət oğlanlarıdır.
Niyə 78 nəfərin imzasına hörmət olunmur? 83 nəfər yığa bilmirsiniz. Elədikləriniz taktiki gedişdir. Hamı başa düşür, ancaq uğursuz gedişdir. Ola bilər ki, kiməsə təsirlə, təzyiqlə nəsə ediblər. Ancaq çoxumuz dediyimizin üstündə dururuq. Rəhbərliyi 78 nəfərin mütəşəkkilliyi narahat edir.

R.Quliyev:

- Mən çox xahiş edirəm, biləsiniz, heç kim heç bir təşvişə düşmür. Deməli, bu gün, sabah, birisi gün burada hansı qruplaşma oldu-olmadı, mən sizi yüz faiz əmin edirəm ki, təşvişə düşməyəcəyəm. Amma bir məsələ var. Məsələ ondadır ki, hər bir cəmiyyətin vəziyyəti ilə əlaqədar olaraq onun parlamenti də yaşayır. Bu gün ağır vəziyyətdə yaşayanların sayı 90 faizdirsə, onun parlamenti Avropa səviyyəsində yaşaya bilməz.

Sədr davam edir:

- Bir dəqiqə. Siz bu cəmiyyətdə yaşayırsınız? İstəyirsiniz ki, bu cür büdcə ilə deputatlar Türkiyə, yaxud Amerika səviyyəsində maaş ala, belə şey mümkün deyil.

Sonra spiker izahatında bildirir ki, Böyük Britaniyann illik dövlət büdcəsi 300 milyard funt sterlinqdir. Parlament həm aşağı, həm də yuxarı palatası üçün ildə 197 milyon funt sterlinq ayırır. Bu büdcənin 0,063 faizi qədər edir.

Spiker ABŞ və Qazaxıstandan nümunələr də çəkir. Sonra deyir:

- ...Ona görə bir az sakit olun, bir də fikirləşin. Bu məsələ nə qədər lazımdır müzakirə olunacaq, mən də nə qədər lazımdır məntiqli sitatlar gətirəcəyəm ki, siz dediyiniz kimi gedə bilmərik. Bu yol düz yol deyil. Bu, Milli Məclisi hörmətdən salmaqdır.

Mətləb Mütəllimov:

- Nə qədər ki, Azərbaycanda büdcənin üstündə cinayətkarlar oturub, belə olacaq.

R.Quliyev:

- O düzdür

Eldar Abbasov:

- Verilən maaş formal bir şeydir. Bu, heç nəyi təmin etmirsə, biz başqa yollarla yaşayışımızı təmin etməliyik. Başqa yol nə olar? Rüşvət. Milli Məclisin öznün verdiyi qanunlara nəzarət funksiyası olmayandan sonra mən icra başçılarından necə tələb edim? Ölkədə 250 mindən çox vergi ödəyə biləcək qurum var. Amma bu gün rəsmi olaraq 100 minə qədəri vergi ödəyir. Büdcəni də vergi daha çox formalaşdırır. Bunun da hamısının başında rüşvət durur.

R.Quliyev:

- Maaş məsələsi həll olunmalıdır. Yaxşı, həm də hərəniz bir köməkçi istəyirsiniz. Ona da gərək 150 min manat verəsən? Necə ola bilər ki, müəllim 40 min manat alsın, deputatı 1,5 milyon manat? Bu hansı cəmiyyətdir? Başa düşürəm, 1 milyon manat da bir şey deyil. Amma bu, Milli Məclisdir axı. Siz orada 4,7 dəfə yazmaqla (maaşların artırılmasından söhbət gedir) guya camaatı aldadırsınız. Guya millət onu hesablaya bilməyəcək? Elə alternativ layihəyə qol çəkməyən müxalifət yazacaq. Siz istəyirsiniz ki, gərgin vəziyyətdə olan cəmiyyəti bir az da gərginləşdirəsiniz?

Əhəd Abıyevin öz dərdi var

Milli Məclisin iclaslarında hərdənbir çıxış etsə də, özünəməxsus fikirləri ilə yadda qalan Əhəd Abıyev bu dəfə də özünəməxsus çıxışı ilə fərqlənir:

- Mən Masallıdan deputat seçilmişəm. Həsən Həsənov da oradan seçilib. Rayonun yarıdan çoxuna diplomatik pasport verilib. Amma deputatam, mənə verilməyib.

“Mən də sədr olmaq istəyirəm”

- Sədr seçiləndə burada olmamışam. İnanın, olsaydım, namizədliyimi verərdim. Heydər Əliyev ölkə başçısıdırsa, mən də sədr işləyərəm. Status bizlərlə bağlı deyil. Ola bilər sabah mafioz qüvvələr deputat səlahiyyətimi əlimdən alsınlar. Məncə, ətrafındakılar icazə versələr, ölkə başçısı da deputatın istəklərinə razı olar.

“Masallı narkomaniya məngənəsindədir”

- Televiziyada kanaplya əməliyyatı göstərdilər. Bir dəfə 48 ton, o birində 27 ton tutulmuşdu. Bir zəhmət adamında bir spiçka qutusu anaşa tutub 5 il iş verirlər. Amma 69 ton kanaplya tutqusunun istintaqı getmir. Camaat deputata, Prezident Aparatına yazır, amma gedib ora çatmır.
Bəli, mənim səlahiyyətlərim var. Sabah gedib desəm ki, gəlin, sizi Heydər Əliyev eşidir, Masallının yarısı burada olacaq. Rayonda o qədər yüksək narazılıq var. Deyirlər aqrar islahatlar aparırıq. Torpaqlar satılır, camaat da təqib olunur. İnanın, Ayaz Mütəllibovu orada saxlayan kanaplya əməliyyatıdır. Montin qəsəbəsində 1 hektar yeri zəbt ediblər. 64 otaq tikirlər. Hamısı həmin kanaplyanın hesabınadır. Masallı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İldırım Allahyarovun işidir. Birini də rayonda tikib. Yaxşı, nəyə görə deputatların şəxsiyyəti alçalmalıdır, gedib kirayənişin qalmalı, kiməsə əl açmalıdır?
Kimə tikilib o bina? Bu gün Konstitusiya Heydər Əliyevlə bağlıdırsa, statusun, nizamnamənin təsdiq olunması sizinlə (R.Quliyevi nəzərdə tutur) bağlıdır. Ona siz şərait yaraın.

Sədr:

- Nə istəyirsiniz?

Ə.Abıyev:

- O, qanunsuz tikilib. Mənzil məsələsini burada həll etmək olar.

Sədr:

- Deyəsən, bir sıra deputatlar müxtəlif dillərdə danışır, bir-birini başa düşmürlər. Məncə, bu, 3-cü, ya 4-cü çıxışdır. Yəni bir dənə də deputatların nəzarət aparatını düzəltməliyik. Məsələn, gedib həmin İldırıma desin ki, həmin 4 otağı niyə tikmisən?

Səfiyar Musayev nə vaxtsa Heydər Əliyevi qarşılamaq üçün hava limanındakı deputat otağına buraxılmamasından gileylənir:

- Mənə tapança, cangüdən lazım deyil, Konstitusiya çərçivəsində deputatın hüquqları çox olmalıdır...

Azər Hüseynbala

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR