Modern.az

Fəttah Heydərov ad və soyadların dəyişdirilməsinə qarşı çıxdı

Fəttah Heydərov ad və soyadların dəyişdirilməsinə qarşı çıxdı

Parlament

24 Yanvar 2012, 14:00

Modern.az xəbər verir ki,Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirələr zamanı deputat Fəttah Heydərov ad və soyadların dəyişməsi məsələsinə toxunub.

Qeyd edək ki, deputat Nizami Cəfərov ad və soyad məsələsinə Milli Məclisin Mədəniyyət komitəsində yenidən baxılacağını bildirmişdi.

Fəttah Heydərov komitənin iclasına bu məsələnin müzkairəyə çıxarılmasının mahiyyətə heç bir aidiyyatı olmadığını deyib. O bildirib ki: “belə görünür bizim başqa işimiz yoxdur, ancaq ad və soyadların dəyişməsi məsələsinə toxunuruq”.

Müstəqil Azərbaycanda 9 milyon azərbaycanlının, bundan dəfərlə çox Cənubi Azərbaycanda, eyni zamanda Gürcüstanda da soydaşlarımızın yaşadığına diqqət çəkən deputat bildirib ki, əgər dəyişiklik olarsa, bu, onlara da şamil olunacaqmı?

“Adam doğum şahədətnaməsi alıb, orada –ov, -yev yazılıb. Belə məktəbi bitirib, hərbi xidmətdə olub, işləyib, onda bu məsələlər necə tənzimlənəcək?”.

Fəttah Heydərov bundan başqa Azərbaycanda bəzi yer adlarının da düzgün seçilmədiyini vurğulayıb.

“Məsələn, Göygöllə Azərbaycanı hər yerdə tapmaq olar. Amma Xanlar rayonunun adını dəyişib Göygöl qoydular. Göygöl göldür, rayon deyil. Eyni zamanda Əzizbəyovu Xəzər rayonu elədilər, Xəzər dənizdir, rayon yox. Hər zaman bu məsələlərə qarşı çıxmışam. Hesab edirəm ki, bu cür işlərdə tələskənliyə yol vermək olmaz. Bunlara ehtiyac yoxdur. Tarixi saxtalaşdırmayaq, gənclərimizi tarixi həqiqətlərdən uzalqaşdırmamalıyıq” deyə millət vəkili əlavə edib.

Daha sonra çıxış edən komitə sədri Arif Rəhimzadə ad və soyadların dəyişdirilməsi məsələsində Fəttah Heydərovun təkliflərini müdafiə eləyib.

“Bu insan haqlarına zidd məsələdir, çünki heç bir şəxsin bu məsələ ilə bağlı problemi yoxdur. Sadəcə olaraq –ov, -yev məsələsi yaşlı nəsilə çox ağır başa gələcəkdir”.

Yer adlarının düzgün seçilməməsi məsələsində Fəttah Hüeydərovla razı olan deputat Fəzail İbrahimli ad və soyadların dəyişdirilməsində onlarla həmfikir olmadığımnı bildirib.

"Dəvəçinin Şabran olması məsələsinin bir neçə dəfə komitədən keçməsinin qarşısını almışam. Amma sonra bu sənəd hardansa fırlanıb gəlib Şabran oldu. Amma o ad və soyadların dəyişməsi məsələsinə diqqətlə yanaşmalıyıq. Bu bu günün reallığıdır. Əgər biz buna bu günün prizmasından yanaşsaq, burada hər bir adam haqlı çıxa bilər. Amma biz bunu 50-100 il sonrasını fikirləşsək, görərik ki, bu başqa məsələdir. Dünyanın hər bir yerində -yanla qurtaran soyad varsa, fikirləşirlər ki, bu ermənidir. Bu azərbaycanlılara da lazımdır. Ona görə hesab edirəm ki, bunlar çox haqlıdırlar, ad və soyad məsələsinə mütləq əl gəzidirmək lazımdır”-deyə deputat sonda qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR