Modern.az

Nizami Cəfərov “Mədəniyyət haqqında” yeni qanun layihəsini şərh edib

Nizami Cəfərov “Mədəniyyət haqqında” yeni qanun layihəsini şərh edib

25 Yanvar 2012, 10:00

Milli Məclisin yaz sessiyasında Mədəniyyət və Turizm Nazirliyi, parlamentin Mədəniyyət Komitəsi ilə birgə hazırladığı “Mədəniyyət haqqında” yeni layihə müzakirə olunacaq.

Komitə sədri Nizami Cəfərov qanundakı dəyişiklərin müxtəlif məsələləri əhatə etdiyini bildirib: “Mədəniyyət haqqında” qanunun qəbul olunmasından 10 ildən çox vaxt keçib. Bu zaman ərzində Azərbaycanda mədəniyyət və incəsənət sahəsində çox ciddi proseslər baş verib.

Bu dəyişikliklər qanunda əhatə olunmayıb.  O zamankı imkanlarla indiki imkanlar arasında çox böyük fərq var. Azərbaycanda mədəniyyətinin dünyada təbliği, dünya mədəniyyətinin Azərbaycanda təbliği sayəsində indi xeyli uğurlar qazanılıb ki, onlar qanunda əhatə olunmalıdır”.

N.Cəfərov eyni zamanda bildirib ki, mədəniyyətin, incəsənətin təbliği, bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərməsi, yaradılması, istifadə olunması ilə bağlı müəyyən hüquqi prosedurlar var ki, onlar da tənzimlənməlidir.

Millət vəkili xüsusilə Azərbaycanda prodüsser institutunun yaradılmasının vacibliyini  vurğulayıb.

“Dünyada incəsənət əsərlərinin  təqdimatında bu çox mühüm məsələdir. Azərbaycanda isə bu institut ya yoxdur, ya çox zəifdir.

Bundan əlavə, mədəniyyət və incəsənət xadimləri müəyyən birliklərdə, təşkilatlarda birləşirlər və bu birliklərin, təşklatların hüquqi statusu müəyyənləşdirməlidir ki, onlar nəyə xidmət edir və nə şəkildə olmalıdır?

Mədəniyyət, incəsənət hadisələrinin müxtəlif iqtisadi, təsərrüfat tərəfləri var və yaxud cəmiyyətdə onların fəaliyyət göstərməsi üçün müəyyən statuslar olur, onlar təsbit olunmalıdır. Əsasən belə məsələlər qanunda yer alıb” deyə Nizami Cəfərov əlavə edib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı