Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə uzaq və yaxın keçmişdə çoxlu simalar gəlib-gediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyədək seçicilərinin təmsilçisi olduqlarını iddia edən (əslində belə olmalıdır) simaları xatırlayın. Bu sırada kimlər olmayıb... Təbii ki, onların hər birini xatırlamaq mümkün deyil, həm də mümkündür. Çünki o vaxtdan bəri haradasa toplanan materiallarda kimin hansı iclasda nə dediyi silinməz olaraq qalır. Parlamentin iclas zalında nələr olmayıb? Əlbəyaxa dava da düşüb, ayağını yerə döyüb kiminsə əleyhinə çıxanlar da olub, bir-birini ən kəskin ifadələrlə məzəmmət edənlər də... Bir sözlə, zaman-zaman Milli Məclisdə əvvəlcədən planlaşdırılmayan, hərdən teatr səhnəsində müşahidə etdiyimiz epizodlarla rastlaşmışıq.
Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bəri başdan qeyd edək ki, Milli Məclisdə həm gülməli, həm də necə deyərlər ağlamalı olaylar olub. Biz həmin hadisələrə heç nə əlavə etmədən stenoqramı olduğu kimi dərc edirik....
1996-cı il fevral:
1996-cı il fevral ayının 6-da Milli Məclisin yaz sessiyasının ilk iclasıdır. Deputatlar öz statuslarından xəbərsiz olduqlarından gileylənirlər.
Maksim Musayev:
- Rəsul müəllim, mənim sözümü kəsməyə hələlik heç kimin səlahiyyəti yoxdur.
...Xahiş edirəm, mənim mikrofonumu söndürməsinlər, yoxsa durub kürsüdən danışacağam, çünki bizim statusumuz da yoxdur, nizamnaməmimiz də. Deyirsiniz ki, alternativ olmalıdır, üç aydır xalq bizi seçib, üç aydır işləyirik. Gəlin barmağımızı qatlayıb görək hansı qanunu vermişik indiyə qədər. Bir qanun da verməmişik. Obrazlı desək, bu binadan hələ bir məhsul çıxmayıb.
Spiker:
- Siz əsəbiləşməyin, əvvəldən əsəbi vəziyyətdəsiz.
Maksim Musayev:
- Rəsul müəllim, qətiyyən əsəbiləşmirəm... Deputat statusu 1990-cı ildə qəbul edilibdir, özü də müvəqqəti status olubdur. Həmin o statusa, həmin o reqlamentə, obrazlı desək, yalnız yamaq vurulubdur. Reqlamenti İsa Qəmbər özü müəyyən edib və şərtləşiblər ki, hər dəfə saat 12-də yığışsınlar, çünki məlumdur ki, o vaxt onlar necə işləyirdilər.
Spiker: “Nə söz güləşdirirsiniz...”
Rəsul Quliyev
- Maksim müəllim, əgər doğrudan, bizim deputatlarımız sizin kimi burada söz güləşdirəcəksə, 3 ay yox, 5 ildən sonra da buradan, bu qapıdan bir qanun çıxmayacaq. Nə söz güləşdirirsiniz, heç özünüz də bilmirsiniz ki, nə istəyirsiniz.
Sabir Rüstəmxanlı:
- ... Bu Qarabağ söhbəti bir dəstə adam üçün yaşayışa, gəzməyə, filana gözəl bir şərait yaradıb ki, gah filan adalarda Qarabağ məsələsi müzakirə olunur, gah filan ölkənin filan kurortunda müzakirə olunur, dəstə-dəstə adamlar gedir Rusiyaya, Amerikaya, nə qədər istəyirsiniz havayı yeyib gəzən adamlar - Qarabağ məsələsini müzakirə edirlər.
Şadman Hüseynov:
- ...Azərbaycanda güclü ordu yoxdur, çünki milli ordunun şəxsi heyəti acdır, əsgərləri bit basıb, qotur xəstəliyi götürübdür və bunun qarşısı bu günə kimi alınmır... Əksər hallarda xidmət edən uşaqlar kasıb ailələrdəndir. Bu da gələcəkdə Azərbaycanda əhalinin dövlətçiliyə inamını itirər.
Xeyrəddin Qoca:
- ...Bu bir qrup adamın yeyib-içməsi, gəzməsi barədə fikirləri mən təhqir hesab edirəm, ora gedən adamlar üçün də, bir qrup adamlar üçün də. Mən xahiş edirəm, burada belə şeylər olmasın və güman edirəm ki, respublikanın prezidenti öz yerindədir, onun əleyhinə burada belə söhbətlər eşidilməsin. Mən beş il müddətində çalışcağam ki, buna imkan verməyim. Bəsdir, prezident haqqında, yaxud onunla gedən adamlar barədə belə sözlər danışmaq olmaz.
...Prezident elə təkbaşına gedir, bütün dünyanın rəhbərləri ilə görüşüb bunu həll edir. Yaxşı, Milli Məclisdə bunu həll eləyən adamlar varsa, çıxsınlar ortaya, biz də görək bunu. Hər dəfə burada belə şeylər danışılır. Bilirsiniz bu əsəbilikdən başqa bir şey deyil.
Məzdək Hüeynov:
-...Problemlər çoxdur, hətta bizim özümüzün problemləri var, hamının ürəyindən keçir. “12 şirvan” maaş alırıq, adam utanır camaata deməyə, bu bir məsələni heç olmasa həll eləyək də.
Deyirlər, ordunu bit basıb, bu yalandır, belə deyil, ən azı qərargahdakıları bit basmayıb, bu bir...
Sabir Rüstəmxanlı Xeyrəddin Qocanın dediklərinə münasibət bildirmək üçün ona söz verilməsinə təkid edir.
Rəsul Quliyev:
- A qardaş, bu sənin əvvəldən olan xasiyyətindir, siz sözü deyəcəksiniz, kimsə sizin sözünüzə irad tutacaq, siz hökmən çalışacaqsınız ona cavab verməyə. İndi siz də deyəcəksiniz ki, sizin əleyhinizə deyən başa düşməyib. Sonra o söz götürüb deyəcək ki, Sabir Rüstəmxanlı başa düşməyib, sonra siz söz götürüb deyəcəksiniz ki, o başa düşməyib. Biz nə qədər burada oturaq, kifayətdir.
Sabir Rüstəmxanlı:
- Rəsul müəllim, söhbət ondan getmir.
“Ayıbdır axı, bir dəfə Konstitusiyanı oxuyun”
Rəsul Quliyev:
- Ondan gedir elə, tənəffüsdə deyərsiniz ki, başa düşməmisiniz, başa salarsınız. Bir dəqiqə, xahiş eləyirəm, bircə dəqiqə. Yaxşı, yaxşı, çox gözəl...
Seçiləndə hamımız xalqa söz vermişik ki, gedəcəksiniz, belə cani-dildən gərgin surətdə işlə məşğul olcaqsınız. İndi işlə məşğul olmamısınız, gəlmisiniz, burada heç nədən xəbəriniz yoxdur, başlamısınız müəyyən məsələlər qaldırmağa. Belə yaramaz.
...Hamınızdan bir də xahiş edirəm ki, Konstitusiyanı oxuyun. Çox böyük bir kitab deyil ki. İndi, bu beş il müddətində
eputatların böyük bir qismi Konsitusiyanı oxumayacaq və beş il müddətində Konstitusiyanı başa düşmədən burada məsələlər qaldıracaq. Ayıbdır axı, bir dəfə Konstitusiyanı oxuyun.
...Mən, Maksim müəllim, sizin kimi Çapayev deyiləm, mən bir işi görəndə yüz dəfə ölçüb biçirəm, çapayevçilkdir bu: “Yox, bu dəqiqə müzakirə elə getməyib”, - axı prezidentlə gərək razılaşdıraq, cənab...
Mən yenə başa düşə bilmirəm ki, nəyi müzakirə etmək istəyirsiniz? İki il müddətində Dağlıq Qarabağ-Ermənistan-Azərbaycan arasında aparılan danışıqların hamısını üst-üstə götürsək, Dağlıq Qarabağ-Ermənistan-Azərbaycan münasibətləri istiqamətində bir addım da atılmayıb. Mən bunu sizə açıq deyrəm.
“...Gərək ayağı yorğana görə uzadasan, pula görə yox”
“Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanun layihəsi müzakirə olunur.
Ədliyyə naziri Südabə Həsənova əlavə ştat istəyir.
Rəsul Quliyev:
- Əlavə ştatı nə eləyirsiniz? Bilirsiniz, mən hansı nazirlikdə nə qədər adam işlədiyini bu dəqiqə xırdalamaq istəmirəm, ancaq sizə bir neçə rəqəm deyə bilərəm. Rəqəmlərin biri ondan ibarətdir ki, Azərbaycanda maddi istehsal sahəsində çalışan adamların sayı 1 milyon 50 min nəfərdir, büdcədən yeyənlərin sayı 1 milyon 100 mindir. Dünyada adətən belə ölkələr olmur.
...Ştatları düzə-düzə gedin, bir ucdan yığın adamları, hərəsinə də 15-20 min manat əməkhaqqı verin, acından ölə-ölə, yavaş-yavaş hərəsi çevrilib olsun nə bilim nə. Olmaz axı. Siz 50 ştat istəyirsiniz, gömrük 200 neçə ştat istəyir. Bizim vergi müfəttişliyi istəyir və s. Hamı istəyir. Yəqin cənab İnsanov da deyəcək mənə 100 min həkim çatmır, yaxud Lidiya xanım da deyəcək ki, 150 min də müəllim olsa, lap yaxşıdır, amma gərək ayağı yorğana görə uzdasan, pula görə yox.
...Sonra Nazim İmanov deyir ki, hüquqi şəxs nə olan şeydir ümumiyyətlə?
Nazim İmanov:
- Nazim elə söz deməyib. Nazim demir ki, hüquqi şəxs nə olan şeydir. Nazim bilir hüquqi şəxs nə olan şeydir. Nazim dedi ki, dövlət qeydiyyatı orqanlarının hüquqi şəxs oilmasını mən qeyri-məqbul sayıram.
Fərəməz Maqsudov:
- Bu qanun ki, biz oxuyuruq, çox gözəl qanundur. Hər şey yerli-yerində, yaxşı yazılıb. Burada bu yersiz iddiaları mən başa düşmürəm. Biz əgər belə işləsək, heç beş ildə beş qanun qəbul eləyə bilməyəcəyik. Özünü göstərmək xatirinə çıxış etməkdənsə, harada səhv varsa onu de, yoxsa hamı savadlıdır, hamı da yaxşı oxuyub bunları, yoxsa yetən ağzına gələni danışır, belə olmaz axı, özü də burada adam oturur, üzr istəyirəm, ağıllı adam dəli olmaq dərəcəsinə gəlir. Fikirləşirsən ki, elə bəlkə mən dəliyəm, bunlar məndən ağıllıdırlar.
Sabir Rüstəmxanlı:
- ...Bu gün səhər iclasında bizim söhbətlərimizlə bağlı açıq şantaj xarakterli danışıqlar oldu. Mən Qarabağ məsələsinin dünyanın müxtəlif nöqtələrində müzakirə olunmasını deyəndə, ATƏT təşkilatında bu işlə məşğul olan xüsusi qruplar var, gündə biri dəyişir, o birisi gəlir, bunları nəzərdə tuturdum. Azərbaycan prezidentinin hara isə getməsini nəzərdə tutmurdum. Ona görə Xeyrəddin Qocayev burada o dəqiqə aləmi bir-birinə qarışdırmasın. Kimə istəyirsənsə, xidmət elə, sən özünü elə göstərmə ki, sən prezidenti daha çox istəyirsən və bununla ona xidmət göstərmək istəyirsən. Əgər bilmək istəyirsənsə, sənin bu cür canfəşanlığın prezidentə pis xidmətindir.
...Xeyrəddin Qocayev özünü bir dəstəyə daha yaxın hesab eləyir, Sabir Rüstəmxanlı uzaq hesab eləyir. Bu, köhnə təsəvvürdür və bu ağılla, bu təfəkkürlə, biz Milli Məclisin gələcək işində əl-ələ verib heç bir iş görə bilmərik...
Azər Hüseynbala
***
Həmçinin oxu:
Milli Məclisin iclas tarixindən - "Deputat ki, gedib kabab yeyib, kiminsə başına güllə çaxmadı, o nə deputatdır"
//modern.az/articles/20151/1/
Milli Məclisin iclas tarixindən - Komissiya sədri: "Bəlkə şuluq salan deputatları MTN-nin zirzəmisinə göndərək..."
//modern.az/articles/20314/1/