Azərbaycan parlamentinin deputatları seçildikləri dairələrdə yaşayan on minlərlə seçicini təmsil edirlər. Onlar Milli Məclisdə qanun layihələrinin hazırlanması, plenar iclaslarda müzakirəsi və qəbulu ilə yanaşı, həm də seçicilərin problemlərinin həlli ilə məşğul olurlar. Deputatların seçiciləri ilə əlaqələrinin müntəzəm olması, problemlərinin dinlənilməsi üçün köməkçiləri fəaliyyət göstərir. Bununla yanaşı, təbii ki, seçicilər öz deputatlarına müxtəlif məsələlərlə bağlı məktubla da müraciət edirlər. Modern.az saytı ayrı-ayrı dairələrdən mandat alan deputatlara ünvanlanan məktubların məzmunu, seçiciləri narahat edən məsələlərin həlli üçün hansı işləri gördüklərini araşdırmağa başlayıb.
52 saylı Quba seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Vahid Əhmədovun ünvanına 2011-ci ildə 223 yazılı müraciət daxil olub. Müraciətlərdə seçiciləri narahat edən əsas problemlər- torpaqların vətəndaşlara ayrılması, pensiyaların və müavinətlərin təyini prosesindəki süründürməçilik halları, işsizlik, evlərin təmiri və tikilməsi üçün inşaat materiallarının verilməsi, kreditlərin verilməsi, sovet dövründən qalmış əmanətlərin qaytarılması, ailədaxili münaqişələr və s. olub.
Deputatın poştuna daxil olan müraciətlər barədə Modern.az saytına onun köçəkçisi Arif Orucov məlumat verib.
Məlumata görə, deputata müraciətlər tək 52 saylı dairədən yox, respublikanın bir çox bölgələrindən də daxil olub və bütün ərizə və şikayətlər araşdırılaraq müəlliflərə müvafiq cavablar verilib.
“Ərizələrin icrası müddətinə və müəlliflərə cavab verilməsi işinə ciddi nəzarət mexanizmi qurulub, vaxtaşırı yaranmış vəziyyət analiz olunub. Daxil olmuş müraciətləin böyük əksəriyyəti müsbət həll edilib”-deyə deputatın qərargahından bildirilib.
Quba rayonu Mirzəməmmədkənd sakini Qarabağ müharibəsi iştirakçısı Azər Balayev uzun müddət idi ki, müharibə veteranı statusunu və vəsiqəsini ala bilmirmiş. Deputata etdiyi müraciətdən və V.Əhmədovun aidiyyatı orqanlarla gördüyü iş və Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciətindən sonra problem öz müsbət həllini tapıb, A.Balayev müharibə veteranı statusu almaqla yanaşı, vəsiqə ilə də təmin olunub. Quba rayonu Əskiiqriq kənd sakini Pərviz Məmmədovun müraciəti əsasındada görülən tədbirlər vətəndaşın probleminin həlli ilə nəticələnib, deputat seçicinin
təşşəkür məktubunu alıb.
Rayonun Şuduğ kənd əhalisinin müraciəti əsasında "Azərpoçt"un rəhbərliyinə göndərilən məktubdan sonra kənddə müasir poçt şöbəsinin tikilib istifadəyə verilməsinə nail olunub.
2011-ci il ərzində 199 seçici Quba və Bakı şəhərlərində deputat tərəfindən qəbul edilib. Qəbullar zamanı qaldırılan əsas məsələlər- maddi yardımların olunması, müavinətlərin təyini, işədüzəlmə, mənzillərlə təmin olunma və s. olub. Seçicilərin istəyini nəzərə alaraq, qəbullar əsasən deputatın Quba şəhərində yerləşən ofisində aparılıb. Seçicilərin
qaldırdıqları məsələlərin həlli prosesinə nəzarət olunub.
Millət vəkili 2011-ci ildə deputat Əli Məsimli ilə birlikdə “Təhsil krediti haqqında" və sovet dövründən qalmış əmanətlərin qaytarılması ilə bağlı iki qanun layihəsini İqtisadi siyasət komitəsində baxılması üçün təqdim edib ki, birinci qanun layihəsi artıq komitədə baxılaraq, Milli Məclisin iclasına tövsiyyə olunub.
Hesabat ilində seçicilərlə bir neçə maraqlı görüşlər olub. Quba rayonunun Rustov kəndinin və Qonaqkənd qəsəbəsinin seçiciləri, Bakı Dövlət Universitetinin tələbələrilə keçirilən görüşlər çox yüksək səviyyədə keçirilib və yaddaqalan olub.
Xeyriyyə tədbirləridə deputatın fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Belə ki, Ramazan bayramı nünasibəti ilə Quba şəhərində yerləşən iki məsciddə iftar süfrələri təşkil olunub, ehtiyacı olanlara ərzaq yardımları paylanıb.
“Uzun illər idiki rayonun Möhüc kəndində su problemi mövcud idi. Xeyriyyəçilik tədbirləri çərçivəsində deputatın şəxsi vəsaiti hesabına iki kilometr məsafədən kəndə su xətti çəkilərək, bulaq kompleksi istifadəyə verilib. Quba şəhərinin su probleminin həlli istiqamətində aparılan işlər, diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi məqsədi ilə vəsaitin ayrılması və bu kimi bir çox başqa işlər birbaşa deputatın uğurlu fəaliyyətinin nəticəsidir”-deyə V.Əhmədovun qərargahından bildirilib.
Modern.az