Modern.az

Deputatdan Fransanın Azərbaycandakı səfirinə sərt cavab

Deputatdan Fransanın Azərbaycandakı səfirinə sərt cavab

Parlament

26 Yanvar 2012, 16:33

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın səsləndirdiyi fikirlərə reaksiya verib.

Səfir apa-ya təqdim etdiyi cavab açıqlamasında bildirib ki,  Fransa senatı tərəfindən 23 yanvar tarixində səsvermə yolu ilə qəbul edilmiş qanun bəzi türk, yaxud Azərbaycan vətəndaşlarını yaralayırsa, Fransanın hökumət orqanları buna təəssüf edir: “Bu səsvermə ilə qəbul edilmiş qanunun ruhunu qətiyyən əks etdirmir. Yaddaş məsələləri hər zaman ağrılı mövzulardır, bu mövzular dünyada qızğın debatlara səbəb olur. Fransa da bu çətin təcrübəni yaşadı və qul alverində, İkinci Dünya müharibəsi zamanı Fransa yəhudilərinin kütləvi sürgünündə Fransa dövlətinin iştirakında və hətta müstəmləkə sistemində öz məsuliyyətini tanıdı”.

Səfir qeyd edib ki, Fransa Türkiyə və Azərbaycanla münasibətlərinə dəyər verir: “Bu münasibətlərə yeni təkan vermək üçün son aylarda Fransa çox çalışıb”. 

Q. Keller Türkiyə səfirinin Fransa parlamentinin üzvlərinin ünvanına səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Fransa parlamentarilərinin ünvanına deyilənlər böhtan xarakterli ittihamlar olduğuna görə, hesab edirəm ki, həmin sözlər Türkiyə kimi böyük ölkənin nümayəndəsinə layiq deyil. Sonda qeyd etmək istərdim ki, səfirin Fransada sülh və əmin-amanlığın pozulması riski barədə söylədikləri milli ictimaiyyətimizə tamamilə inteqrasiya etmiş Fransanın türk icması üçün də həqarətlidir”. 

Fransalı səfirin belə danışmasına millət vəkili Məlahət İbrahimqızıdan münasibət gəlib.

Deputat Modern.az saytına təəssüflə deyib ki, ötən gün  Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Türkiyənin Azərbaycandakı səfirinin senatda qəbul olunan qərarla bağlı münasibətinə belə cavab verib: “Düşünürdüm ki, Azərbaycanda olan Fransanın səfiri Qabriel Keller ən azı bu məsələdə susacaq. O öz  fikirlərini Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıcın mətbuatda gedən müsahibəsinə bildirib. Səfir Qabriel Keller etiraf  etsədə ki, Azərbaycan və Türkiyə ilə bağlı münasibətlərinə onlar dəyər verir. Amma senatda qəbul olunan qərarın haqlı, ədalətli, düz olduğunu  dolayısı yolla etiraf edir və öz tarixlərindən misal çəkir. Çox təssüf edirəm ki, Fransa kimi böyük bir dövlətin diplomatı öz tarixləri ilə başqa xalqların, millətlərin tarixlərini qarışıq salır. Bu çağdaş dünyanın reallığıdır ki, Fransanın tarixində belə qanlı olaylar,  başqa xalqlara qarşı soyqırım, qətliam xarakterli çıxışları hələ Napalionun vaxtından başlayıb. Son 200-300 ildə dəfələrlə istər Əlcəzairdə, istərsə də digər ölkələrdə bu olaylarFransanın tarixində qara səhifələrə yazılıb.  Amma bu, onların tarixidir. Əgər Fransanın tarixində belə bir olay, qətliam, soyqırım xarakterli hadisələr olubsa, bu o demək deyil ki, başqa xalqların, millətlərin tarixində də belə bir ləkələr var. Həm  Türkiyənin tarixində, həm də  Azərbaycanın tarixində hər zaman şərəfli səhifələr olub. Osmanlı inperiyasının fəaliyyəti, mövcüdluğu  dövründə heç bir xalqa, millətə qarşı bu cür qanlı olaylar olmayıb”.

Deputat qeyd edib ki, Fransa tarix boyu işğal etdiyi ölkələrdə həmin o xalqların, millətlərin dinlərinə və dillərinə qarşı təcavüzkarlıq edib: “Bu gün də vaxtilə Fransanın mütəmləkəsində  olan  ölkələrin çoxunda dövlət dili fransız dilidir. Həmin xalqlar öz milli özgürlüyünü qazansalar da, onlar öz dillərində danışa bilmirlər”.

M.İbrahimqızı bildirib ki, Fransa Senatının qərarının bu dövlət ilə  Azərbaycan, eləcə də  Türkiyə ilə  olan münasibətlərinə ciddi zərbə oldu və demək olar ki, çat yaratdı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR