Modern.az

Deputat Astan Şahverdiyev: "Fransa ilə əlaqələrə yenidən baxmaq lazımdır"

Deputat Astan Şahverdiyev: "Fransa ilə əlaqələrə yenidən baxmaq lazımdır"

Parlament

27 Yanvar 2012, 11:21

Fransa Senatının qondarma “erməni soyqırımı”na dair mürtəce sənədi qəbul etməsindən sonra Azərbaycan Milli Məclisinin deputatları fərdi qaydada məsələyə öz kəskin etirazlarını bildirir, bəyanatlar verirlər.
Parlamentdə Qarabağ bölgəsini təmsil edən millət vəkili Astan Şahverdiyevin sözlərinə görə, Fransa ədalət tərəfdarı olsaydı, ATƏT-in Minsk Qrupunun həmsədri kimi çoxdan 1 milyon dinc azərbaycanlının erməni faşistləri tərəfindən öz torpaqlardan qovulmasına münasibət bildirər, cəmi 20 il bundan əvvəl baş vermiş Xocalı soyqırımına qiymət verərdi.

“Məlumdur ki, Fransa parlamenti hələ 2001-ci ildə "erməni soyqırımı"nı tanımışdır. Bu, azmış kimi, bu dövlətin parlamenti "erməni soyqırımı"nı inkar edənlər üçün həbs cəzası və ya cərimə nəzərdə tutan qanun qəbul etmişdir. Aydındır ki, qəbul olunmuş qanun özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransada demokratiyanın təməl prinsiplərindən sayılan söz və ifadə azadlığı ilə daban-dabana ziddir. Görünür, bu qanunun qəbul edilməsində təhrikçi rolu oynayan siyasətçilər ölkənin beynəlxalq imicinə zərbə vurduqlarını anlamırlar. Hətta sağlam təfəkkürlü parlamentarilərin sübut-dəlilləri də bədnam qanunun tərəfdarlarına təsir etmədi. Keçən il Fransa Senatı həmin qanunu rədd etmişdi. Görəsən, cəmi bir il keçdikdən sonra nə baş vermişdir ki, rədd edilmiş qanun layihəsi indi bəyənilir?”.

İndiyədək 20-yə yaxın dövlətin "erməni soyqırımı"nı tanıdığını xatırladan A.Şahverdiyev onların mütləq əksəriyyətinin Avropa ölkələri olduğunu xatırladıb:
“Doğrudur, erməni diasporu qondarma soyqırımı tanıtmağı milli ideya hesab edir və buna nail olmaq üçün hər şeydən keçir. Amma  həmin ölkələrin çoxunda  erməni diasporunun elə bir gücü yoxdur və öz iradəsini yerli hökumətlərə qəbul etdirmək iqtidarında deyil. Elə isə Avropanı ermənilərə meyilləndirən nədir?  Belə bir fikir tez-tez səslənir ki, bu və ya digər avropalı siyasətçinin erməni diasporu ilə yaxınlığı seçkilərdə səs qazanmaq istəyindən irəli gəlir. Şübhəsiz, burada həqiqət var. Bununla belə, doğrudanmı 60 milyonluq Fransa kimi ölkədə 500 min nəfərlik erməni icması prezident seçkilərinin taleyini həll edə bilər? Axı sözügedən qanun layihəsinin pərdəarxası müəllifi prezident Sarkozinin özü də etiraf edir ki, erməni seçicilərinin səsləri qarşıdan gələn prezident seçkilərində onun qələbəsinə təminat vermir. İstər-istəməz belə bir təsəvvür yaranır ki, ermənilərə bu "rəğbət" hər şeydən əvvəl xristian dövlətlərinin müsəlman Türkiyəsinə qərəzli münasibətindən irəli gəlir. Xristian həmrəyliyi ilə bərabər, Fransa kimi imperialist düşüncəsindən xilas ola bilməmiş dövlətlərin Türkiyə ilə köhnə ədavəti var”.

Millət vəkili bildirib ki, iki əsrə yaxındır ki, Fransa "erməni məsələsi"ndən alət kimi istifadə edərək əvvəllər Osmanlı dövlətinə, indi isə Türkiyə Respublikasına münasibətdə açıq-aşkar düşmənçilik siyasəti yürüdür.

“Birinci dünya müharibəsi illərində fransızlar  müttəfiqləri ilə birlikdə Osmanlı dövlətini içəridən dağıtmaq üçün erməniləri silahlandırır, onlara türk torpaqlarında "Böyük Ermənistan" yaratmaq üçün yağlı vəd verirdilər. Əsl məqsəd isə Osmanlı dövlətini parçalayıb Anadolunu ələ keçirmək idi. Bu mənfur planlar puç oldu, fransızlar və digər imperialist qüvvələr türk torpaqlarından qovuldular, "Böyük Ermənistan" isə xəyaldan başqa bir şey olmadı. Görünür, Fransa həmin məğlubiyyətlə hələ də barışa bilmir. İki yüz il vaxt keçib, dünya dəyişib, Fransa isə dəyişmək istəmir. Bu gün siyasi və iqtisadi baxımdan güclənən, regionda və beynəlxalq aləmdə çəkisi artan demokratik Türkiyəni çoxları, o cümlədən Fransa həzm edə bilmir”-deyə deputat vurğulayıb.

A.Şahverdiyevin sözlərinə görə, rəsmi Parisin avantürist addımlar atması, özünü başqa ölkələrdə baş vermiş tarixi hadisələri qiymətləndirən arbitr kimi aparması o qədər də qəribə görünmür.

“Fransa tarixlə bu qədər maraqlanırsa, hər şeydən əvvəl öz müstəmləkə keçmişinə nəzər salsın, işğal etdiyi ölkələrdə törətdiyi çoxsaylı qırğınları qiymətləndirsin. Bu dövlət əsrlər boyu ayrı-ayrı xalqları əsarət altına alıb, dünyanın müxtəlif guşələrində yerli mədəniyyətləri sıradan çıxarıb öz dinini və dilini zorla qəbul etdirmişdir. Fransız müstəmləkəçilərinin Əlcəzairdə, Ruandada, Kanadada, Haitidə törətdikləri cinayətlər tarixin yaddaşından silinməmişdir. Bütün bunlar bir tərəfdə qalır, əvəzində isə Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürülür. Fransa 1915-ci il hadisələrinə obyektiv qiymət vermək istəyirsə, Türkiyənin təklif etdiyi kimi, arxivlərini açsın. Amma açmaq istəmir, çünki həqiqət üzə çıxacaq, vaxtilə törətdikləri əməllər ifşa olunacaq. Yəhudi holokostundan fərqli olaraq, "erməni soyqırımı" ilə bağlı heç bir beynəlxalq məhkəmənin qərarı yoxdur. Yoxsa Fransa parlamenti beynəlxalq məhkəmə statusuna iddia edir?   

Fransa həqiqətən ədalət tərəfdarıdırsa, 1 milyon dinc azərbaycanlının erməni faşistləri tərəfindən Qarabağdan və bitişik torpaqlardan qovulmasına münasibət bildirsin, cəmi 20 il bundan əvvəl baş vermiş Xocalı soyqırımına qiymət versin. "Ədalət carçısı" hələ də susur.

Şübhəsiz, Fransanın hərəkətləri cavabsız qala bilməz. Türkiyə lazımi addımları atır və gələcəkdə də atacaq. Fransanın ortaya qoyduğu mövqe bilavasitə Azərbaycanın mənafeyinə də toxunur.  İlk növbədə o qədər də effektiv fəaliyyət göstərməyən ATƏT-in Minsk qrupunda Fransanın həmsədrliyindən imtina edilməlidir. Eyni zamanda Fransa ilə iqtisadi əlaqələrə yenidən baxmaq lazımdır. Bununla yanaşı, rəsmi Parisin yeritdiyi siyasətin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün səyləri artırmaq zəruridir”.     

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR