Modern.az

Hadi Rəcəbli: “80 avroluq kostyum geyinirəm, deyirlər ki, bunu 800 avroya almısan?”

Hadi Rəcəbli: “80 avroluq kostyum geyinirəm, deyirlər ki, bunu 800 avroya almısan?”

29 Yanvar 2012, 11:43

Rəsmilərin həyat tərzi, ailədə davranışı kimi, geyimləri də xüsusi maraq çəkir. Mütəxəssislər geyimin insanın imicinin formalaşmasında az rol oynamadığını iddia edirlər. “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar” məsəli bu məqamda özünü doğruldur.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin geyimlə bağlı özəl fikirləri var.

Deputat deyir ki, geyim insanın bütöv mədəniyyətinin bir qoludur: “Siyasətçinin geyim mədəniyyəti digərlərininkindən fərqli olmalıdır. Fikir verirsinizsə, son vaxtlar Putin daha çox qalstuksuz səhnəyə çıxır, yerişində bir balaca idmançılıq elementləri nümayiş etdirir. Putin-Medvedev institutu əvvəllər Buşun Amerikada hərəkətdə olan geyim ənənəsinin davamıdır. Klinton Nyu-Yorkda, şəhərin mərkəzində qaçırdı, idman edirdi. Məsələn, mən prezidentimizdə bele elementlər görürəm. Sadə geyimlər və s... Bəzən olur ki, istirahət günlərində sükan arxasında oturur, futbol oynayır. Müəyyən hadisə yerlərinə qeyri-rəsmi paltarda gedir. Hərbi hissələrdə görüşə isə hərbi geyimdə getməsi də var. Bu, həm də onu göstərir ki, geyim siyasətçinin siyasi fəaliyyətinin bir hissəsidir”.

Hadi Rəcəbli söhbətinə belə davam edir:

“Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm: mən Nazirlər Kabinetində işləyərkən bir xoşagəlməz situasiyanın tez-tez şahidi olurdum. Bir vəzifəli şəxs qaçqınlarla görüşə gedəndə ən bahalı paltarını geyinirdi, baxmayaraq ki, o adamın durumu elə də bahalı deyildi. Mən onun yerinə utanırdım. Mən isə axtarırdım ki, qaçqınlarla görüşə ən köhnə paltarımı geyinib gedim. Qaçqınlar rəsmi geyimli o adamın yanına deyil, mənim yanıma gəlirdilər. Mən hər zaman geyimimi getdiyim yerə uyğunlaşdırıram”.

Maraqlıdır, Hadi Rəcəbli də bəzi həmkarları kimi bir neçə min dollarlıq kostyum geyinirmi?

Komitə sədri bildirir ki, onun üçün geyim məsələsində heç vaxt pul əsas şərt olmayıb: “Mənə nə yaraşır, onu geyinirəm. Bu gün 80 avroluq kostyum geyinirəm, onu mənim əynimdə görənlər deyirlər ki, bunu 800 avroya almısan. 30 manata aldığım köynəyə 10 qat artıq qiymət verənlər olur. Bunu birmənalı deyirəm ki, insan üçün geyindiyi paltarın bahalığı deyil, onun əyinə necə oturması, necə görünməsi, yaraşması vacibdir.

Onu deyə bilərəm ki, heç zaman hansısa markaya üstünlük verməmişəm. Bir daha deyirəm, mənim üçün geyimin əynimə necə oturması, yaraşması vacibdir, qiymət ikinci dərəcəlidir. Çox bahalı geyim geyinmirəm. Ömrümdə qiyməti 2 min dollarlıq kostyumum olmayıb. Səmimi deyirəm, bu günə qədər heç 1000 dollar dəyərində də kostyumum olmayıb. Amma geyindiklərim əynimdə bahalı görsənib”.

Komitə rəhbəri deyir ki, deputatların da içərisində geymlə bağlı səviyyəsiz müzakirələr olur: “Bilirsiniz necədir, adam deyilsənsə, lap 100 minlik kostyum da səni adam edə bilməz. Sadəcə, getdiyin yerlərdən, auditoriyalardan asılı olaraq sənin geyimin olmalıdır.

Bizim sadə geyimdə olan deputatlarımız da var. Məsələn, Nizami Cəfərov heç vaxt Milli Məclisə qalstukda gəlmir. Artıq bu, onun imicinə çevrilib”.

Hadi Rəcəblinin əl telefonunun markası ilə maraqlanırıq. Deyir ki, bahalı telefonlardan yox, praktik telefonlardan istifadə edir: “Çox baxmayın, saatım da bahalı deyil, adi saatdır. İnsanı geyiminə görə qəbul edib, ağlına görə yol salırlar. Amma cəmiyyətdə bu hələ tam formalaşmayıb. Bilirsiniz biabırçılıq nədir, deputat toya gedir deputat nişanı taxır, axı bunun taxılmasının da yeri var, harada nişan taxarlar, harada frak geyərlər... Nə isə öz işləridir. Mənim qarderobum bahalı deyil, amma rəngarəngdir. İstirahət günlərində məni idman formasında, cins şalvarda görmək olar”.

Bəs, geyim məsələsində deputata kim kömək edir?

“Paltar məsələinə görə hərdən yoldaşım məni qınayır. Deyir ki, niyə bahalı paltar almırsan. Açıq deyim də, ən azı maaşım buna yetər. Amma qeyd etdiyim kimi mən belə məsələlərdən uzağam. Bəziləri bunu xəsislik kimi də qəbul edirlər, amma mən bunu xəsislik yox, rasionallıq kimi dəyərləndirirəm. Biz ailəlikcə sadə geyinirik. Bu bizə nəslimizdən gəlib. Bu da cəmiyyət tərəfindən normal qəbul olunur”.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR