Bu gün parlamentdə “Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının qanunvericilik işlər planı” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc çıxış edib. Modern.az saytı xəbər verir ki, Zahid Oruc bildirib ki, Milli Məclisdə Fransa-Azərbaycan münasibətləri ilə bağlı dinləmələr keçirilməlidi.
“Artıq dünya praktikasında bu məsələlər var. Ayrı-ayrı ölkələrin parlamentləri də bu və ya digər şəkildə dinləmələr keçirirlər. Hesab edirəm ki, bizdə bunu keçirməliyik”.
Z.Oruc onu da qeyd edib ki, Milli Məclis Dağlıq Qarabağın erməni icmasına müraciət etməlidir.
“Ola bilsin bu inandırıcı görünməyəcək. Biz çalışmalıyıq ki, öz vətəndaşlarımıza sahib çıxaq. Müraciətdə izah edilməlidir ki, onların Azərbaycan vətəndaşı olmaqdan başqa imkanları yoxdur. Azərbaycanın tərkibində yaşayacaqları təqdirdə onların təhlükəsizliyi təmin olunacaq, inteqrasiya prosesləri təşkil ediləcək. Biz Dağlıq Qarabağ ermənilərini öz yanımıza çəkməklə Ermənistanı danışıqlar prosesindən uzaqlaşdıra, bununla problemin həllinə nail olarıq”.
Deputat eyni zamanda onu da bildirib ki, Azərbaycan İrana qarşı sanksiyaya qoşulmalıdır: “Çünki İranın bütün fəaliyyəti Azərbaycanı təhdid edən məsələdi”.
Z.Oruc qeyd edib ki, Qarabağ məsələsində Azərbaycan Rusiyadan nümunə götürməlidir.
“Rusiyanın Çeçenistandakı hərəkətlərindən istifadə etməliyik. O bildirib ki, Rusiya Çeçenistanla hansı şəkildə davrandısa, Azərbaycan da Qarabağ problemində o şəkildə hərəkət etməlidir.
Deputatın çıxışı zamanı həmkarlarının onu dinləməməsi müşahidə olunub. Bunu hiss edən Z.Oruc bildirib: “Mən təklif edirəm çıxışlar Milli Məclisdə 5 dəquiqədən artıq olmasın. Çünki bizim millət vəkillərimiz 7-8 dəqiqə dinləməyə hazır deyirlər”.
Modern.az