Modern.az

Azay Quliyev Ermənistan səfərindən danışdı

Azay Quliyev Ermənistan səfərindən danışdı

28 Fevral 2012, 14:49


Azərbaycanın “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyəti İrəvan səfərilə bağlı bu gün Milli Məclisdə mətbuat konfransı keçirib.

Nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsini hazırki vəziyyətdə, indiki reallıqlar daxilində danışıqılar, sülh yolu ilə tənzimləmək mümkün deyil. Deputat İrəvanda Ermənistan prezidenti Sərkisyanın mövqeyini müşahidə etdikdən sonra belə qənaətə gəlib:

“Sərkisyanın mövqeyi konstruktivliyə yaxın olmadı. Ermənistanın bu məsələdə tutduğu qeyri-konstruktiv mövqe münaqişənin dinc yolla həllinə imkan vermir” -  deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan prezidentilə görüşdə “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin parlament nümayəndə heyətlərinin hamısı iştirak edib:

“Bu görüş zamanı iştirakçıların hamısına söz verildi. Litvadan olan xanım parlamentari çox sərt və kəskin sualla müraciət etdi ki, mən burada Avropa Parlamentini təmsil edirəm, mənim üçün insan hüquqları ən prioritet məsələdir, ona görə, bilmək istəyirəm ki, Azərbaycandan olan 1 milyon qaçqın və məcburi köçkünün hüquqları necə təmin ediləcək?”.

A.Quliyevin dediyinə görə, bundan sonra Sərkisyanla görüşdə çox qızğın debatlar olub.

“Ancaq çox təəssüf olsun ki, həmin xanımın bu kəskin və sərt sualına cavab verilmədi. Biz də Azərbaycanın “Avronest” Parlament Assambleyasındakı üzvləri kimi bu debatlarda çox fəal şəkildə iştirak etdik və sərt, kəskin süallarımızı ünvanladıq”.

A.Quliyev qeyd edib ki, azərbaycanlı deputatlar çıxışları zamanı Azərbaycanın nəinki Dağlıq Qarabağ və ona bitişik rayonlarından olan insanların, o cümlədən Ermənistandan olan 200 mindən artıq soydaşımızın ən adi, ən elementar hüquqlarının belə Ermənistan tərəfindən pozulduğunu diqqətə çatdırıb.

“Biz eyni zamanda Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə qayıtdıq və onların yerinə yetirilməməsini dilə gətirdik. Çox təəsüflər olsun ki, bu müzakirələr zamanı Ermənistan tərəfindən pozitiv mövqe görmədik”.

A.Quliyev deyib ki, Ermənistan deputatlarını aprelin 2-4-də Bakıda keçiriləcək Avronest PA-nın sessiyasına dəvət ediblər.
O, qeyd edib ki, İrəvanda erməni deputatlara onların Bakıda təhlükəsizliyi barədə təminat da verilib.

"Baxmayaraq ki, bu yaxınlarda Avronestin İrəvanda keçirilən iclasında bizim nümayəndə heyətimizi aeroportda qarşılayan olmadı. Əslində bizə deyilmişdi ki, sizi xüsusi xidmət orqanlarının əməkdaşları qarşılayacaqlar. Amma bizi heç kəs qarşılamadı. Axırda özümüz bir hərbiçiyə yaxınlaşıb Azərbaycandan gəldiyimizi bildirdik. O, təəccübləndi, harasa zəng vurdu". Millət vəkili bildirib ki, sonrakı iki gündə Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub.

"Qaldığımız hoteldə otağın qarşısında 24 saat mühafizəçi var idi. Qayıdanda bizi VİP-dən yola saldılar". 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım