Modern.az

Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR

Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR

6 Dekabr 2019, 13:49

Bir qrup ziyalı Milli Məclisin adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.

Ziyalıların təklifinə əsasən, “Milli Məclis”i “Millət Məclisi” ilə əvəzləmək lazımdır.

 

Yazıçı-dramaturq Firuz Mustafa hesab edir ki, bu, çox doğru yanaşmadır:

 

“Nə üçün? Çünki biz "Milli Məclis" deyiriksə, onda məntiqlə gərək deputata da "milli vəkil" deyək”.

 

Modern.az saytının əməkdaşı ziyalıların irəli sürdükləri təkliflə bağlı beşinci çağırış Milli Məclisin deputatlarından münasibət öyrənib.

 

Aqil Abbas irəli sürülən təklifi birmənalı qarşılamayıb. O, bildirib ki, Firuz Mustafa gözəl yazıçı və dramaturqdur və hamı nəsə deyə bilər:

 

“Amma hər halda “Milli Məclis” adını qoyan adamlar Firuz Mustafadan ağılsız, savadsız deyil. Deyib deyib də, bu dəqiqə hərə bir söz deyir. Birini də Firuz Mustafa deyir, canı sağ olsun. Milli Məclis onsuz da millətin məclisidir. Hərə bir söz danışacaq deyə, biz arayış verməliyik?! Hamı çox şey deyə bilər. “Millət Məclisi” ifadəsini işlədərək biz Türkiyəni yamsılamış oluruq. Biz türklərdən ağıllı və savadlıyıq”.

 

Fəzail Ağamalı da təklifi müsbət qarşılamayıb:

 

“Mən bu cür və ya digər insanların belə fikirlərinə münasibət bildirə bilmərəm. Bu cür məsələlər diletant yanaşmadır. “Milli Məclis” sözü uzun müzakirələrdən sonra ulu öndərimizin xeyir-duası ilə yaranmış olan anlayışdır. Hər hansı vətəndaşımızın da bununla bağlı fikir söyləməyini ictimailəşdirməyə ehtiyac yoxdur”.

 

Fəzail İbrahimli isə Firuz Mustafanın “millət vəkili” ifadəsini əsas gətirərək, Milli Məclisin adının dəyişdirilməsi təklifinə cavab olaraq bildirib ki, əslində rəsmi “millət vəkili” yox, “deputat”dır:

 

“Əvvəla qeyd edim ki, bizim rəsmi adımız Azərbaycan Republikası Milli Məclisinin deputatı olaraq gedir. Sadəcə, el arasında bizə qısaca “millət vəkili”, “Milli Məclisin üzvü” deyirlər. Amma bizim rəsmi adımız “deputat”dır”.

 

Fəzail İbrahimli bildirib ki, Firuz Mustafa rəsmi addan çıxış etmir:

 

“O, ümumi fikirdən çıxış edir. Belə çıxır ki, Firuz Mustafanın təklifinə əsasən biz də Millət Məclisinin deputatı oluruq?! İndi təklifdir deyir, əcəb edir. Bu, onun şəxsi fikridir, yaxşı edir deyir. Mən bu təklif üçün Milli Məclisin adının dəyişdirilməsinə heç bir lüzum görmürəm”, - deyə F.İbrahimli bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var